Category: Siyasət

  • Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi təsdiqlənib

    “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi” təsdiq edilib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Prezident İlham Əliyev mayın 16-da bununla bağlı fərman imzalayıb.

    Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

  • Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edildi

    Prezident İlham Əliyev görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olması münasibətilə “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilsin”.

  • İlham Əliyev Bakıda iki sərgi ilə tanış olub – YENİLƏNİB + FOTO

    Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verdilər.

    Bildirildi ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası iki zalda – ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunur. Burada, eyni zamanda, qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla təmsil olunur.

    Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verildi.

    Dövlətimizin başçısı sərgidə “Azersun”, “Grow Group Azərbaycan”, CASE, “Grimme”, “Agro Dairy”, CLAAS, “John Deer”, “Rostselmaş”, “Cahan Tobacco”, “Lindsay”, “Geoflow”, METAK, GİLAN, İMAGRO, “Agronaft”, “Prior Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Belarusun, İtaliyanın, Türkiyənin, Niderlandın, Gürcüstanın stendləri ilə tanış oldu. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.

    Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi də fəal iştirak edir. Ümumilikdə isə sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi sərgilərin təşkilatçısıdır.

    Bu il “WorldFood Azerbaijan” sərgisi 25 illik yubileyini qeyd edir və bu sahənin regionda hərəkətverici qüvvəsinə çevrilib. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan artıq ölkəsini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda uğurlu biznes qurub.

    Ənənəvi olaraq, sərgidə “Made in Azerbaijan” brendi altında geniş çeşiddə qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları təqdim olunur. Burada, eyni zamanda, suvarma sistemləri, istixanalar və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş olunur.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının da bir çox istiqamətləri üzrə böyük işlər görülüb, dövlətimizin başçısı tərəfindən mühüm qərar və sərəncamlar, həmçinin konkret sahələr üzrə Dövlət proqramları qəbul olunub. Bütün bunlar bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyənləşib. Bu sahələrə göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına geniş imkanlar yaranıb. Aqrar sahəyə qoyulan investisiyaların həcmi də ildən-ilə artır.

    Ölkəmizdə taxıl tədarükü istiqamətində də çox mühüm işlər görülüb. Ötən il 3,3 milyon ton taxıl tədarük olunub ki, bu da 2017-ci illə müqayisədə 13 faiz çoxdur. Bu il də artım gözlənilir. Belə ki, bu il ölkə üzrə 1 milyon 47 min 500 hektar sahədə yazlıq və payızlıq taxıl əkilib.

    Həyata keçirilən bütün bu layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq fermerlər müasir kənd təsərrüfatı texnikası ilə təchiz edilir, onlara subsidiyalar, yanacaq, gübrə güzəştli şərtlərlə verilir, fermerlər torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Bütün bunlar kənd təsərrüfatının inkişafı üçün icra edilən tədbirlərin kompleks şəkildə davam etdirildiyini göstərir.

    Kənd təsərrüfatı texnikasının ucuzlaşması isə bazarın liberallaşmasının, azad rəqabət mühitinin yaradılmasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən aqrar texnologiyalar bazarında aparılan liberallaşma siyasəti şirkətlərin bu sahəyə marağını daha da artırıb.

    Dövlətimizin başçısı “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin işinə uğurlar arzuladı.


    17:22

    Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub.

    Bu barədə məlumatı AZƏRTAC yayıb.

  • Prezident yol tikintisinə 20 milyon manat ayırdı

    Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq maliyyələşməsini təmin etmək tapşırılıb.

  • Məmmədyarov yenə erməni jurnalistləri susdurdu – VİDEO

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı proqramının onilliyinə həsr olunmuş sammit çərçivəsində erməni jurnalistlərin suallarını cavablanıdırıb.

    Ənənəvi olaraq, qonşu KİV nümayəndələri hiyləyə əl atmaq istəsələr də, qazdıqları quyuya özləri düşüblər.

    Sualları cavablandırarkən Elmar Məmmədyarov erməni xalqının bu münaqişə dövründə nələri itirdiyini birmənalı şəkildə açıqlayıb.

    Xatırladaq ki, bundan öncə də analoji hallar yaşanıb. Bu il aprelin 5-də Məmmədyarov emosional şəkildə ona Qarabağın Azərbaycana aid olmadığına dair suallar verməyə başlayan erməni jurnalisti təyyarədə gülə-gülə susdurmuşdu.

  • İlham Əliyev və Ərdoğan telefonla danışdı

    Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

    Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

  • İlham Əliyev görüş keçirib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonu qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb

    Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.

    Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.

    Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən iftar süfrəsi ilk öncə Azərbaycanda islam dininə olan hörmətin göstəricisidir.

    Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu bildirərək, müsəlmanların bayramını təbrik edib.

    Rəsmi çıxışlardan sonra müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

    Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku” jurnalının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir, Rusiya Müftiləri Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir.

  • “Pekin Ekspo 2019” Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışı olub – FOTO

    Mayın 14-də Çin Xalq Respublikasının paytaxtında “Pekin Ekspo 2019” Botanika Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub.

    AZƏRTAC xəbər verir ki, açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

    “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda keçirilən botanika sərgisində Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanıb. “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir.

    Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Nümayiş olunan xalçalar Azərbaycanın xalçaçılıq məktəbləri üzrə dörd hissəyə bölünüb: Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində əks olunur.

    Bundan başqa, Xarıbülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat da nümayiş etdirilir.

    Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış ola, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə edə bilərlər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur.

    Qeyd edək ki, pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur.

    Açılış mərasimində Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub. Sərgi ziyarətçiləri Azərbaycan musiqisini dinləyib, rəqslərinə tamaşa ediblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Asiya sivilizasiyalar dialoqu” konfransı çərçivəsində iştirakçı ölkələrin mədəni irsinin nümayiş olunduğu sərgidəki Azərbaycan stendi ilə də tanış olub.

  • İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

    Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.

    Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

    Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub. Binanın girişi dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları, həmçinin 1870-ci il Təbriz xalçası nümunəsində əllə toxunmuş xalça da var. Daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə də yer ayrılıb. Binanın birinci və ikinci mərtəbələri səfirliyin iş otaqları üçün nəzərdə tutulub. Burada səfirin, müşavirlərin və digər əməkdaşların, həmçinin konsulluq xidmətinin işçilərinin otaqları bütün zəruri avadanlıqla təchiz olunub. Bir sözlə, əməkdaşların səmərəli fəaliyyəti üçün binada hər cür şərait var. Binada, həmçinin səfirlik işçilərinin mənzilləri yerləşir.

    Dövlət başçısı səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirib.

    Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.