Category: Siyasət

  • Leyla Əliyeva Pekində Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb – YENİLƏNİB

    Mayın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Li Syaolin ötən il Azərbaycana səfərini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayıb.

    Xanım Li Syaolin rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrindən danışaraq, bu işdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığın xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verdiyini deyib.

    Leyla Əliyeva Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında səmərəli əməkdaşlığı xüsusi vurğulayaraq, bu çərçivədə təşkil olunan tədbirlərdən danışıb. Gələcəkdə bu cür layihələrin qarşılıqlı olaraq davam etdiriləcəyinə əminlik ifadə olunub.


    19:30

    Mayın 14-də Çin Xalq Respublikasında səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin xarici işlər nazirinin müavini Lı Yunçen ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Lı Yunçen iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Çinin Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsi üçün səylərini davam etdirəcəyini bildirib. O, Azərbaycanın mədəni irsi ilə seçilən ölkə olduğunu vurğulayaraq, son dövrlər Çində Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, bu cür tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə böyük töhfələr verir.

    Nazir müavini Pekində keçirilən “Asiya sivilizasiyalar dialoqu” konfransında və konfrans çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycanın fəal iştirakını məmnunluqla vurğulayıb.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinin xalqlarımızın hələ tarixi İpək Yolu dövründən təməli qoyulan dostluq münasibətlərini daha da inkişaf etdirdiyini deyib.

    Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını yada salan Leyla Əliyeva diqqətə çatdırıb ki, ölkəmiz Çinin bu təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, bu layihə çərçivəsində iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanda Çinə, onun mədəniyyətinə, dilinə, ənənəvi təbabətinə böyük maraq olduğunu deyib. Leyla Əliyeva Heydər Əliyev Fondunun həmin istiqamətlərdə Çin ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

  • Vasif Talıbov yeni nazir təyin etdi

    Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

    Bu barədə müvafiq fərmanı mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.

    Qeyd edək ki, ötən gün, mayın 13-də V.Talıbov Famil Seyidovu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edib.

    T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” danışıqları

    Bu gün Bakıda Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib.

    Bununla bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Eyni zamanda müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.

    Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.

    Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib.

    Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

    Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər.

    Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.

    Gözləntimiz ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq.

  • Vladimir Volobuyevin 110 illiyi qeyd ediləcək

    Prezident İlham Əliyev akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan torpaqşünaslıq elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq görkəmli alim Vladimir Rodionoviç Volobuyevin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

    2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.

    Akademik Vladimir Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair böyük nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmalarının nəticələri kimi müəyyən etdiyi prinsip və apardığı hesablamalarla, irəli sürdüyü nəzəriyyə və işləyib hazırladığı təsnifatlarla Azərbaycanda torpaqşünaslığın inkişafına böyük töhfələr verib.

    Onun rəhbərliyi altında yetişən yüksək ixtisaslı kadrlar tərəfindən respublikada torpaqşünaslıq üzrə çox sayda əsaslı tədqiqat işləri uğurla yerinə yetirilib.

  • Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib

    Mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib.

    AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

    Əvvəlcə Prezident İlham Əliyev və Prezident Donald Tusk birgə foto çəkdirdilər.

    Sonra Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları rəsmi foto çəkdirdilər.

  • İlham Əliyev Aİ Şurasının prezidenti Donald Tuskla görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

    Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

    Ölkənin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

    Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Avropa ittifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir.

    Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

    Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulandı, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıldı. Söhbət zamanı Azərbaycanın istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunub.

  • Britaniya XİN Azərbaycana səyahətlə bağlı bəyanatına aydınlıq gətirib

    “Azərbaycanda terror ilə bağlı olan xəbərdarlıq yeni deyil. Saytımızda Azərbaycana səyahətlə bağlı etdiyimiz ən yaxın yenilənmə mayın 1-də olub. Yenilənmə budur ki, biz Azərbaycana İstanbul üzərindən səyahət etməklə bağlı məsləhəti çıxarmışıq”.

    Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti ONA-nın London bürosunun sorğusuna cavab olaraq bildirlib.

    Cavabda qeyd olunub ki, xaricə səyahət edəcək britaniyalılar üçün hər ölkə haqqında məsləhət səhifələri var. “Hər bir ölkəyə aid səyahətlə bağlı məsləhət səhifəsində bu ölkədəki terror təhdidinin qiymətləndirilməsi barədə məlumatlar olan xüsusi bir bölmə var. Bu, Britaniya vətəndaşlarına daimi qayğı göstərmək vəzifəsini yerinə yetirməyi təmin etmək məqsədi daşımaqdadır. Azərbaycandaki terror təhdidi ilə bağlı qiymətləndirməyimiz dəyişməyib”.

    Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.

  • Azərbaycanlılar Brüsseldə Prezidentə dəstək aksiyası keçirib

    Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib.

    Aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

    Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

    Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və s kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

    Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər.

  • Ziya Məmmədovun qardaşı prorektor təyin olundu

    Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub.

    Median.Az-ın məlumatına görə, bu barədə Baku.ws-ə açıqlamasında ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.

    Onun sözlərinə görə, Elton Məmmədov uzun müddətdir ki, Azərbaycan Texniki Universitetində çalışır. Bir saat əvvəl rektor əvəzləyicisi professor Xalıq Yahudov Elton Məmmədovu Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə prorektoru təyin edib.

  • Vasif Talıbov naziri vəzifəsindən azad etdi

    Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib.

    Bu barədə Nuhçıxan.az saytı məlumat yayıb.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də bununla bağlı fərman imzalayıb.

    Fərmanla Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilib.