Category: Siyasət

  • Angela Merkel: “Qarabağ münaqişəsinin həllində…”

    “Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq”.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

    “Qarşıda uzun yol var. Təkcə bir tərəfi razı salan variant mümkün deyil. Odur ki, ATƏT-in Minsk qrupunun imkanlarından yararlanmaq lazımdır”, – deyə Almaniyanın hökumət başçısı vurğulayıb.

  • Prezident Şirinov qardaşları ilə görüşdü – FOTO/VİDEO

    Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər.

    Median.Az xəbər verir ki, dövlət başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.

    Şirinov qardaşlarını salamlayan Prezident İlham Əliyev deyib:

    – Vətənə xoş gəlmisiniz. Sizi təbrik edirəm. Çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz. Mən sizi dəvət etdim və sizi dövlət mükafatı ilə – “İgidliyə görə” medalı ilə təltif edirəm.

    Sonra Prezident İlham Əliyev medalları təqdim edib.

    Daha sonra Şirinov qardaşları hadisə barədə danışıblar.

    Umud Şirinov deyib:

    -Biz işdən qayıdırdıq, yolda yük maşınının qoşqusu aşmışdı, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, artıq gecdir, yol təmiz tutulmuşdu. Biz birtəhər keçdik, az qala özümüz də qəzaya düşmüşdük. Biz yanan “KİA” maşınını görməmişdik. Biz avtomobilimizi saxlayıb buraya yığılmış adamlara iradımızı bildirdik ki, niyə xəbərdaredici nişan qoymamısınız. Heç yarım dəqiqə keçməmişdi ki, mən uşaq səsi eşitdim. Yolun kənarı çox çökəklik idi, görünmürdü. Uşaq səsi eşidəndə baxıb gördüm ki, bir maşın yanır, səs də oradan gəlir. Artıq salon təmiz yanmışdı. Dedim bəs niyə dayanmısınız? Dedilər ki, qapıları aça bilmədik, maşına baxdıq, qazla işləyir, qaz balonu var, partlaya bilər, cəhd edə bilmədik, məsləhət görmürük. Biz də qapını aça bilmədik, sonradan sürücü özü bizə dedi ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış. Biz maşının qapılarını heç cür aça bilmədik. Gördük maşın təmiz yanır. Uşağın atası və anası yıxılı vəziyyətdə idi. Üç yaşlı uşaq qışqırırdı. Biz avtomobilin yük yerinin qapısını qırdıq, uşağı və anasını çıxardıq. Biz tələsir, ehtiyat edirdik ki, qaz balonu partlaya bilər. Mən uşağı çıxaranda kömək istədim. Yolda 25-30 nəfər dayanmışdı. Kömək istədim, heç kim yaxın durmadı. Mən qardaşıma dedim ki, bizim də övladımız var, indicə balon partlayacaq. Alovun ona çatmasına bir qarış qalıb. Sürücü komada idi, tərpənmirdi, oturacaqların arasında sıxılmış vəziyyətdə qalmışdı. Biz oturacaqları qırdıq. Sağ olsun qardaşım, dedi ki, gəl risk edək, onu da çıxaraq. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da deyirdi ki, xahiş edirəm atamı da xilas edin. Artıq biz özümüz haqqında düşünmürdük, həyatımızı riskə qoyub kişini də çıxardıq. Bundan dəqiqə yarım sonra qaz balonu partladı.

    Prezident İlham Əliyev: Siz doğrudan da qəhrəmanlıq göstərmisiniz. Mən bunu eşidəndə dedim ki, mütləq sizi dəvət etsinlər, görüşək, mən sizi “İgidliyə görə” medalı ilə təltif edim.

    Şirinov qardaşları: Çox sağ olun, cənab Prezident.

    Prezident İlham Əliyev: Sizin kimi gənclər bizim fəxrimizdir.

    Şirinov qardaşları: Siz də bizim fəxrimizsiniz.

  • Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisinə vəsait ayrılıb

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

    Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • İlham Əliyev Şirinov qardaşlarını təltif etdi

    Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif ediliblər.

    Bu barədə müvafiq sərəncamı fevralın 1-də prezident İlham Əliyev imzalayıb.

    Şirinov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar.

    Xatırladaq ki, hadisə yanvarın 19-da Ukraynanın Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.

  • Prezident Gənclər Gününə həsr olunmuş toplantıda – YENİLƏNİB + FOTO

    Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

    Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

    Gənclər Günü münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladıb, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib.

    Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi, ölkəmizdə gənclərlə bağlı müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirib.

    Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar.

    “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, – deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

    Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışıb, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd edib.

    Çıxışının sonunda prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzulayıb.

    Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olunub.

    Daha sonra Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Qarabağ qazisi Kamil Müsəvi, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, “Human Foundation”un təsisçisi Fəridə Əsgərzadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Regionların İnkişafı İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, tələbə gənclər təşkilatının sədri Ayxan Hüseynli, Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının tələbəsi Ülkər Əsədova, şəhid polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Oruclu, “ASAN” könüllüsü Emilya Bayramova çıxış ediblər.

    Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirilib.

    * * * * *

    Bu gün Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Toplantıda prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

    Dövlət başçısı tədbirdə nitq söyləyib.



  • İlham Əliyev daha 3 MÜHÜM SƏRƏNCAM imzaladı

    Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    ***

    Prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    ***

    Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1444-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1444-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    ***

    Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilmədi haqqında fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. üç ay müddətində:

    1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.1.3. həmin Qanunun 15-11.10-cu maddəsinə uyğun olaraq, informasiya resursları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarına inteqrasiya olunmalı dövlət orqanları (qurumları) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, habelə həmin dövlət orqanlarının (qurumlarının) informasiya resurslarının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarına inteqrasiyasının hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

    1.1.4. həmin Qanunun 15-2.7-ci maddəsinə və 15-20.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun şamil edilmədiyi şəxslərin, habelə xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərin əhatə dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

    1.1.5. həmin Qanunun 6.1.1-ci maddəsinə uyğun olaraq, könüllü tibbi sığorta müqaviləsinin formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.1.6. həmin Qanunun 15-6.3-cü maddəsinə uyğun olaraq, sığortalı və sığortaolunanların fərdi uçotunun aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.1.7. həmin Qanunun 15-19-cu maddəsinə uyğun olaraq, tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin nümunəvi formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.1.8. həmin Qanunun 15-25.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.1.9. həmin Qanunun 15-25.2-ci maddəsinə uyğun olaraq, tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.2. beş ay müddətində:

    1.2.1. həmin Qanunun 16-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

    1.2.2. həmin Qanunun 15-22.5-ci maddəsinə uyğun olaraq, makroiqtisadi risk ehtiyatlarından və cari ehtiyatlardan istifadə qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.2.3. həmin Qanunun 15-27.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə qaydasını, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısını, həmin məlumatlara buraxılış dərəcəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.2.4. həmin Qanunun 15-29.2-ci maddəsinə uyğun olaraq, növbəlilik rejiminin tətbiqi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. yeddi ay müddətində:

    1.3.1. həmin Qanunun 15-3.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

    1.3.2. həmin Qanunun 15-11.9-cu maddəsinə uyğun olaraq, statistik məlumatların təqdim edilməsi və sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3.3. həmin Qanunun 15-11.17-ci maddəsinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3.4. həmin Qanunun 15-13.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta müqaviləsinin nümunəvi formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3.5. həmin Qanunun 15-15.2-ci maddəsinə uyğun olaraq, sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3.6. həmin Qanunun 15-18.4-cü maddəsinə uyğun olaraq, gözləmə müddətinin tətbiqi qaydasının və həmin müddətin şamil olunacağı şəxslərin kateqoriyasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3.7. həmin Qanunun 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrinə uyğun olaraq, iqtisadi ekspertizanın və tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydasını, habelə ekspertizanı aparan ekspertlərə dair tələbləri və ilkin tibbi sənədlərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

    2.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

    2.2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

    3.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.14 – 15-11.16-cı maddələrinin ikinci cümlələrinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

    3.2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

    4.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.18-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, hesabatın formasını və təqdim edilməsi qaydasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla dörd ay müddətində müəyyən etsin;

    4.2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    5. İcbari Sığorta üzrə Dövlət Agentliyi:

    5.1. beş ay müddətində:

    5.1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.3-cü maddəsinə uyğun olaraq, tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarlarının və qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    5.1.2. həmin Qanunun 15-17.4-cü maddəsinə uyğun olaraq, xidmətlər zərfi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    5.1.3. həmin Qanunun 15-23.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tarifləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    5.1.4. həmin Qanunun 15-23.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    5.1.5. həmin Qanunun 15-27.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) yaradılmasını təmin etsin;

    5.1.6. həmin Qanunun 15-28.3-cü maddəsinə uyğun olaraq, xidmət haqqının məbləği ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    5.2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    6. Müəyyən edilsin ki:

    6.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 1.0.13-cü, 6.1.1-ci, 7.2-ci, 15-2.2-ci, 15-2.3.1-ci, 15.2.4-cü, 15-2.5-ci, 15-2.7-ci, 15-2.8-ci, 15-3.1 – 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-6.2-ci, 15-6.3-cü, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-9.0.11-ci, 15-10.2-ci (hər iki halda), 15-11.2-ci, 15-11.9-cu (hər iki halda), 15-11.10-cu (hər üç halda), 15-11.11-ci maddələrində, 15-11.13-cü maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində, 15-11.14-cü maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 15-11.15-ci maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 15-11.16-cı maddəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrində, 15-11.17-ci maddəsinin birinci və ikinci cümlələrində, 15-11.18-ci maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 15-13.2-ci, 15-14-cü, 15-15.1-ci, 15-15.2-ci, 15-16.0-cı, 15-17.3-cü, 15-17.4-cü, 15-18.2-ci, 15-18.4-cü, 15-19-cu, 15-20.1-ci, 15-20.2-ci maddələrində, 15-20.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-21.1.3-cü maddəsində, 15-21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-22.5-ci, 15-23.1-ci, 15-23.2-ci, 15-24.1-ci, 15-25.1-ci, 15-25.2-ci, 15-26.1-ci maddələrində, 15-26.3-cü maddəsinin ikinci cümləsində, 15-26.4-cü maddəsinin ikinci cümləsində, 15-27.1-ci, 15-27.2-ci, 15-28.3-cü, 15-29.2-ci, 16-1.1-ci, 16-1.2-ci maddələrində, 16-3-cü maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    6.2. həmin Qanunun 15-2.3.1-ci, 15-2.4-cü, 15-9.0.11-ci, 15-17.3-cü, 15-17.4-cü, 15-18.2-ci maddələrində, 15-21.3-cü maddəsinin ikinci cümləsində, 15-23.1-ci, 15-23.2-ci və 15-28.3-cü maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

    6.3. həmin Qanunun 6.1.1-ci, 15-2.7-ci, 15-2.8-ci, 15-3.1-ci, 15-6.3-cü, 15-11.9-cu (ikinci halda), 15-11.10-cu (ikinci halda) maddələrində, 15-11.17-ci maddəsinin ikinci cümləsində, 15-13.2-ci, 15-15.1-ci, 15-15.2-ci, 15-18.4-cü, 15-19-cu maddələrində, 15-20.3-cü maddəsinin ikinci cümləsində, 15-22.5-ci, 15-25.1-ci, 15-25.2-ci maddələrində, 15-26.3-cü maddəsinin ikinci cümləsində, 15-26.4-cü maddəsinin ikinci cümləsində, 15-27.2-ci və 15-29.2-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

    6.4. həmin Qanunun 16-3-cü maddəsinin birinci cümləsində “orqanın (qurumun) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Dövlət Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur;

    6.5. həmin Qanunun 16-3-cü maddəsinin birinci (ikinci halda) cümləsində “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

    6.6. həmin Qanunun 16-3-cü maddəsinin birinci (üçüncü halda) cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

    6.7. həmin Qanunun 16-3-cü maddəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Dövlət Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;

    6.8. həmin Qanunun 15-2.2-ci, 15-2.5-ci, 15-11.2-ci, 15-11.11-ci maddələrində, 15-11.13-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

    6.9. həmin Qanunun 15-11.14-cü maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində, 15-11.15-ci maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində, 15-11.16-cı maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 15-24.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

    6.10. həmin Qanunun 15-6.2-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrinə münasibətdə) və Azərbaycan Respublikasının Vergilər Nazirliyi (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.3.4-cü və 15-2.3.5-ci maddələrinə münasibətdə) nəzərdə tutulur;

    6.11. həmin Qanunun 15-10.2-ci maddəsində (birinci halda) “orqan” dedikdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;

    6.12. həmin Qanunun 1.0.5-ci, 1.0.13-cü, 15-3.2-ci, 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-10.2-ci (ikinci halda), 15-11.9-cu (birinci halda), 15-11.10-cu (üçüncü halda) maddələrində, 15-11.13-cü maddəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 15-11.14-cü maddəsinin ikinci (ikinci halda) cümləsində, 15-11.15-ci maddəsinin ikinci (ikinci halda) cümləsində, 15-11.16-cı maddəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 15-11.17-ci maddəsinin birinci cümləsində, 15-11.18-ci maddəsinin birinci və ikinci (ikinci halda) cümlələrində, 15-14-cü, 15-16.0-cı, 15-20.1-ci, 15-20.2-ci maddələrində, 15-20.3-cü maddəsinin birinci cümləsində, 15-21.1.3-cü maddəsində, 15-21.3-cü maddəsinin birinci cümləsində, 15-26.1-ci, 15-27.1-ci, 16-1.1-ci və 16-1.2-ci maddələrində “qurum” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

    6.13. həmin Qanunun 7.2-ci maddəsində və 15-11.18-ci maddəsinin ikinci (birinci halda) cümləsində “qurum” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

    7. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 20; 2003, № 10, maddə 585; 2008, № 8, maddə 716; 2016, № 6, maddə 1060; 2018, № 2, maddə 212, № 8, maddə 1696) ləğv edilsin.

    8. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələlərin həlli ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini təmin etsinlər.

    9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • Azərbaycanda “Beyin mərkəzləri” şəbəkəsi yaradılır – FOTOLAR

    Vətəndaş cəmiyyəti təmsilçilərinin bu istiqamətdə irəli sürdükləri təşəbbüs müsbət qarşılanıb.

    Median.Az xəbər verir ki, bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi ABŞ-ın Pensilvaniya Universitetinin Menecment və Beynəlxalq Araşdırmalar üzrə Lauder İnstitutunun “Beyin Mərkəzləri (Think Tanks) və Vətəndaş Cəmiyyətləri” proqramının 200-dək ölkədə paralel olaraq keçiriləcək “Araşdırmalar mərkəzləri niyə vacibidir? (Why Think Tanks Matter)” mövzusunda vətəndaş cəmiyyəti təsisatları üçün dəyirmi masa keçirib.

    Tədbirdə Azərbaycanda fəaliyyət göstərən araşdırma yönümlü vətəndaş cəmiyyəti təsisatlarının 20-dək seçilmiş nümayəndəsi iştirak edib. Dəyirmi masada “beyin mərkəzləri” (think tanks) adlanan təsisatların müasir dövrümüzdə əhəmiyyəti və əsas funksiyaları barədə məlumat verilib və Azərbaycanda bu yönümlü təşkilatların mövcud vəziyyəti, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

    İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı araşdırma mərkəzlərinin yaranma tarixi, məqsəd və funksiyaları, eləcə də Azərbaycan Ombudsman təsisatının araşdırma və təhlil yönümlü fəaliyyəti barədə iştirakçılara məlumat verib.

    Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli öz çıxışında qeyd edib ki, hazırda Azərbaycanda iqtisadi, sosial, hüquq sistemi, dövlət idarəçiliyi və digər sahələrdə aparılan islahatlar ölkədə mövcud olan araşdırma mərkəzlərinin təhlil və təkliflərinə, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərməsinə, bu cür qurumlar arasında informasiya mübadiləsinə ehtiyac yaradıb.

    Tədbirdə həmçinin “Araşdırma Mərkəzləri (Think Tanks) və Vətəndaş Cəmiyyəti” proqramı tərəfindən hər il hazırlanan dünya beyin mərkəzlərinin illik qlobal reytinq cədvəli (Global Think Tank İndex 2018) barədə məlumat verilib.

    Azərbaycan Respublikası Prezident Administrasiyasının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Almaniya Texniki Əməkdaşlıq (GİZ) təşkilatının və QHT-lərə Dövlət Dəstək Şurasının, o cümlədən fəaliyyətində araşdırma istiqamətinə xüsusi önəm verən QHT nümayəndələri, elmi tədqiqatlar və praktik araşdırmalarla məşğul olan ekspertlər, Ramil Məmmədli, Zaur İbrahimov, Sübhan Talibov, Elmari Məmişov, İsmayıl Kərimov və Kəmalə Aşumova müzakirələrdə iştirak ediblər.

    Tədbirdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin göstərdiyi təşəbbüsün davamı olaraq beyin mərkəzlərinin əlaqələndirmə sisteminin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bundan başqa ekspertlər barədə onlayn məlumat bazasının yaradılması, periodik olaraq beyin mərkəzlərinin iştirakı ilə kommunikasiyanın qurulması və informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə Şəbəkənin yaradılması məqsədəuyğun hesab edilib.

  • İlham Əliyevdən uşaq və yeniyetmələrlə bağlı MÜHÜM SƏRƏNCAM – 11 468 300 manat ayrıldı

    Prezident İlham Əliyev Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 11 468 300 manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

    Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

    Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

  • Rəsmi Bakı Paşinyana cavab verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatına münasibət bildirib.

    XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdulalyeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, Paşinyanın məntiqini anlamaq çətindir.

    “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur.

    Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur.

    Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, – deyə o qeyd edib.

  • Zaxarova Qarabağ danışıqlarından söz açdı

    Rusiya son zamanlar rəsmi Bakı ilə Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayır.

    Bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə səsləndirib.

    M.Zaxarova Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında Parisdə keçirilən görüşü qısa olaraq şərh edib:

    “Bizim bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin nizamlanması – red.) mövqeyimiz dəyişilməz olaraq qalıb”, – deyə Zaxarova vurğulayıb.

    Onun sözlərinə görə, Rusiya tərəfi vasitəçi funksiyasını dürüst və keyfiyyətli şəkildə aparır:

    “Biz son zamanlar Bakı ilə Yerevan arasında baş tutan siyasi təmasları alqışlayırıq. Tərəflərin bununla bağlı verdikləri konstruktiv qiymətləndirmədən xəbərimiz var. Hesab edirik ki, bu, irəliləyiş üçün düzgün yoldur”.