Category: Siyasət

  • Prezident təhsil nazirini təyin etdi

    Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. 

    Hələlik təyinatla bağlı rəsmi olaraq prezidentin sərəncamı açıqlanmayıb.

  • Yeni baş nazir vəzifəsinin icrasına başlayıb

    Azərbaycanın yeni baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb.

    Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir.

    Bundan başqa, baş nazirin müavini Hacıbala Abutalıbov da vəzifəsinin icrasına başlayıb.

    Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub.

    Müzakirələrdən sonra parlament səsvermə ilə N.Məmmədovun baş nazir vəzifəsinə təyinatına razılıq verib. Daha sonra isə prezident İlham Əliyev sərəncam imzalayaraq N.Məmmədovu baş nazir təyin edib.

  • Yeni nazirlər kollektivə təqdim olunur – FOTO + YENİLƏNİB

    Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim olunub.

    Nazir Sahil Babayevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

    Qeyd edək ki, aprelin 21-də prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

    * * * *

    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.

    R.Mehdiyev İ.Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı büyük potensial imkanların olduğunu diqqətə çatdırıb.

    Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

    Nazir ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

    İnam Kərimov prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.

    Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə təyin edilib.

  • Komitə ləğv olundu, qanun layihəsi təxirə salındı

    Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə doqquz məsələ salınsa da, sonda qanun layihələrindən biri müzakirələrdən çıxarılıb.

    Gündəlikdən çıxarılan sənəd “Standartlaşdırma haqqında” yeni – ikinci oxunuşda olan qanun layihəsidir.

    Buna səbəb isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin ləğvidir.

    Komitənin ləğv olunması yeni qanunun müzakirəsini təxirə salıb.

  • İlham Əliyev bir qrup şəxsə fəxri adlar verdi

    Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adlar verib

    Sərəncama əsasən, mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar memar”

    Hüseynova Leyla Qafar qızı

    Məmmədov Ədalət Eyvaz oğlu

    “Əməkdar mühəndis”

    Kərimli Telman Nəcəf oğlu

    Sultanov Zakir İmran oğlu

    “Əməkdar mədəniyyət işçisi”

    Nuriyev Fuad Lütvəliyeviç.

  • Rusiyalı nazir İlham Əliyevlə danışıqlarda – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

    Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

    Ötən il, eləcə də, bu ilin ilk rübünün nəticələrinə əsasən, ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb.

    Dövlət başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də, ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib.

    Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

    Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbriklərini dövlət başçısına çatdırıb.

    O qeyd edib ki, seçkilərin nəticələri prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır.

    Rusiyalı qonaq qeyd edib ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

    Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

    Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

    Sərəncamda bildirilir:

    1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

    1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

    1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

    1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov

    1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

    1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

    1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

    1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

    1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

    1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

    1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

    1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

    1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

    1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

    1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

    1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

    1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

    1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

    1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

    1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

    1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

    1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi

    Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib.

    Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, H.Abutalıbov 2001-ci ilin yanvar ayından bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

  • Yeni baş nazir ilk çıxışını etdi – VİDEO

    Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə ilk çıxışını edib.

    O qeyd edib ki, bu günə qədər danışmağı sevirdi, bundan sonra başqa sahəyə keçdiyinə görə işləmək lazım olduğunu vurğulayıb:

    “Hər şeydən əvvəl mənə göstərilən yüksək etimada görə ilk öncə prezidentə minnətdarlığımı bildirirəm. O, mənim üzərimə çox böyük məsuliyyət qoyub.

    Bu, çox mürəkkəb və çətin məsələdir. Ancaq şərəflidir. Onunla bir yerdə işləmək Azərbaycanın indiki halında şərəfli məsələsidir. Dünyada gedən proseslər tarixdə hələ bu səviyyədə gərginlikdə olmayıb.

    Ən mürəkkəb geosiyasi regionda yerləşən ölkəmizin sabitliyi və inkişafı hər birimizin qarşısında yüksək məsuliyyət qoyur. İnkişafı daha da genişləndirmək lazımdır. Üzərimə qoyulan bu məsuliyyəti çalışacam ki, dövlət və hökumət strukturları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim”.

  • Azərbaycanın yeni baş naziri təsdiqləndi – YENİLƏNİB

    Deputatlar Novruz Məmmədovun baş nazir postuna namizədliyini təsdiq ediblər.

    Səsvermədə 113 nəfər Novruz Məmmədovun lehinə səs verib.

    * * * * *

    Bu gün Milli Məclisin Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı xüsusi iclası başlayıb.

    Iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, deputatlar aprelin 11-də ölkədə baş verən hadisənin hələ də sevincini yaşayırlar:

    “Demokratik və ədalətli seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona verdiyi önəmin böyük nəticəsidir. Onu təbrik edək və işində uğurlar arzulayaq”.

    Bu məsələ deputatlar tərəfindən alqışlarla qarşılanıb.

    Spiker qeyd edib ki, prezident öz inauqurasiya mərasimini Milli Məclisdə keçirdi:

    “Bu da onun Milli Məclisiə etimadının nəticəsidir”.

    Daha sonra spiker deyib ki, deputatlar adından prezidentə təbrik məktubu göndərəcəklər.

    Sonra spiker dövlət başçısının Milli Məclisə göndərdiyi məktubun mətnini oxyuub. Mətndə bildirilir ki, Novruz Məmmədovun baş nazir vəzifəsi postuna təqdimatına Milli Məclisdə baxılsın.

    * * * * *

    Milli Məclisin Azərbaycan Respublikası prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

    Iclasa Oqtay Əsədov sədrlik edir.

    Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının baş nazirini vəzifəyə təyin edir.

    Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.