Category: Siyasət

  • Prezident zəlzələnin nəticələrinin aradan qaldırılmasına vəsait ayırdı

    Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

    Sərəncamda qeyd edilir ki, fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.

    Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində hazırda zəruri tədbirlər görülür.

  • İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda

    Fevralın 7-də prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gedib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.

    Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.

  • Mehriban Əliyeva zəlzələ ilə bağlı tapşırıq verdi – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin qısa zamanda həll edilməsinə səy göstərəcək.

    Bu barədə Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir.

    Məlumata əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gün ərzində zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zərərçəkmiş sakinlərlə görüşən RİİB nümayəndələri ərazilərə baxış keçirib. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib.

    Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin həllində qarşıdakı günlərdə də dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə səy göstərəcək.

    Eyni zamanda təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarının aradan qaldırılması istiqamətində işlər aparılacaq.//publika.az

  • Prezident baş vermiş zəlzələ ilə əlaqədar tapşırıq verdi

    Azərbaycan Prezidenti İlham Əliyev ötən gecə baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Dövlət başçısının tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb.

    AZƏRTAC-ın məlumatına görə, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin 112 “qaynar xətti”nə dörd rayon üzrə 73 müraciət daxil olub.

    Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib. Heç bir evdə böyük uçqun baş verməyib. Yalnız evlərin divarlarında içəridən və bayırdan müəyyən çatlar olub. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.

    Zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıblar.

    Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vəziyyət tam nəzarətə götürülüb. Rayon fövqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcək. Nazir deyib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.

    Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in komissiyası Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpa işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşürlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparırlar.

    Hadisə ilə əlaqədar tibbi yardım üçün 30 müraciət olub. Xəsarət alan üç nəfərdən birinin qolu sınıb, ikisinin ayağı əzilib. Onlara təcili tibbi yardım göstərilib və evə buraxılıb. Zəlzələ ilə əlaqədar Şamaxı Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində çalışıb, gecə ərzində altı təcili tibbi yardım briqadası xidmət göstərib.

    Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət yaradılan işçi qrup monitorinq və müşahidələr aparmaq üçün Şamaxı, Ağsu və İsmayıllı rayonlarına ezam olunub.

    Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirib, aidiyyəti qurumlar tərəfindən onların problemlərinin aradan qaldırılması üçün görülən işlərdən razılıqlarını ifadə ediblər.

    Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

    Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə – İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

    Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.

  • Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır

    Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Bildirilir ki, Mərkəzin yaradılmasında məqsəd xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaqdır.

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.

    Fərmanda Prezident Administrasiyasına Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

  • İlham Əliyev Nazirlər Kabinetinin meşələrlə bağlı son qərarını ləğv etdi

    Prezident İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır.

    Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir.

    Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.

  • Özbəkistan prezidenti Bakıya gəlir

    Özbəkistan prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

    Kun.uz saytının məlumatına görə, bu məlumatı Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistan baş nazirinin müavini Yelor Qəniyevlə Daşkənddə görüşü zamanı verib.

    “Biz Özbəkistan prezidentinin yaxın vaxtlarda Azərbaycana vacib səfərini gözləyirik. Prezident Mirziyoyevin səfəri zamanı ediləcək müzakirələr bizim üçün yaxşı baza olacaq”, – o əlavə edib.

    Ş.Mustafayev Özbəkistan prezidentinin səfərinin dəqiq tarixini açıqlamayıb.

    Xatırladaq ki, 2018-ci il aprelin 12-də Ş.Mirziyoyevlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı baş tutmuşdu. O zaman özbək lider Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət etmişdi.

  • Prezident bütün Rusiya Patriarxı Kirillə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

    Azərtac-ın məlumatına görə, Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli qarşılayıb.

    Sonra dövlət başçısı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə söhbət edib.

  • İlham Əliyev Xocalı soyqırımı ilə bağlı sərəncam imzalayıb

    Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

    Qeyd edək ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

    Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.

    Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

    Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edib. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

    BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

    “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib.

    2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib.

    Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir.

    Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

  • Prezident “Azərkosmos”a iki milyon manat ayırdı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sənədə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.