Category: Siyasət

  • İlham Əliyev icra başçısını işdən çıxardı

    Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bu barədə müvafiq sərəncamı dekabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

  • Dünya liderləri İlham Əliyevi təbrik edirlər – YENİLƏNİB

    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

    Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

    Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram”.

    * * * * *

    Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

    Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

    Sizə möhkəm cansağlığı arzulayıram”.

    * * * * *

    Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.

    Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir.

    İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.

    Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

  • Prezident Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlı qaydaları təsdiqlədi

    Prezident İlham Əliyev dekabrın 19-da “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

    Fərmanda qeyd olunur ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi təşkil edilib, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib.

    Ötən 14 ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirib, güzəşt tətbiq edilməklə istehsalçılara lizinqə verib və ya satıb. Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb.

    Fərmana əsasən, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

    Dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil olunub.

    Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini həyata keçirəcək və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək.

    Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödəniləcək, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanla təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürüləcək.

    Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirəcək.

    Maliyyə Nazirliyi kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin edəcək.

    Kənd Təsərrüfatı Nazirliyinə kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərə almaqla, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikalarla bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

    Nazirlik beynəlxalq nüfuzlu məsləhətçi şirkət cəlb etməklə, aqrar sahəyə dövlət dəstəyinin konsepsiyasını, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək və Fərmandan irəli gələn digər tədbirləri reallaşdıracaq.

    Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında kənd təsərrüfatı texnikası istehsalının, o cümlədən kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

  • İlham Əliyev Həştərxan qubernatorunu qəbul edib – FOTO

    Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.




  • Dövlət gerbi və himni müzakirəyə çıxarılır

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət Gerbi haqqında” və “Dövlət Himni haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

    Layihələr barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

    Ə. Hüseynli deyib ki, “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

    O qeyd edib ki, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin hazırlanması və istehsalı qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:

    “Dövlət Gerbinin təsviri olan möhürlərin və blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

    Dövlət Gerbi “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa uyğun təsvir edilməli və bu qanunda nəzərdə tutulmuş qaydada istifadə edilməlidir. Sənədə əsasən, bu qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

    Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi Azərbaycan Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənməsi və istifadəsi hallarını və qaydalarını müəyyən edir.//oxu.az

  • Prezident və xanımı açılış mərasimində – FOTO

    Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışı olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

    Mədəniyyət naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına binada yaradılan şərait barədə məlumat verib.


















  • Bakı-Həştərxan aviareysi bərpa edilə bilər

    Həştərxanla Bakı arasında birbaşa aviareyslər bərpa oluna bilər.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə Həştərxan qubernatorunun vəzifələrini icra edən Sergey Morozov Azərbaycana səfər edəcək.

    Dekabrın 18-19-da baş tutacaq səfər zamanı Morozov Azərbaycan Respublikasının hökumət üzvləri ilə müzakirələr aparacaq.

    Onun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü planlaşdırılıb.

    Görüşlər zamanı iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıqla bağlı müqavilələrin imzalanması gözlənilir.

  • Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

    Prezident İlham Əliyev Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

    Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

    Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.

    Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

  • İlham Əliyev Mingəçevirə yeni icra başçısı təyin etdi

    İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Bu barədə müvafiq sərəncamı dekabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

  • İlham Əliyev Bakıda hərbçilərə yeni mənzillər verdi – FOTO

    Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər.

    Dövlətimizin başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

    Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb.

    Dövlətimizin başçısı görüşdə çıxış edib.

    Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.

    Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

    Sonda xatirə şəkli çəkdirilib.