Category: Siyasət

  • Prezident şəhid ailələri ilə bağlı fərman imzalayıb

    Şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının varislərinə birdəfəlik ödəmə veriləcək. Bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanında dəyişiklik edilməsi barədə ölkə prezidenti fərman imzalayıb.

    Bu fərmanla “hərbi qulluqçuların” sözlərindən sonra “və daxili işlər orqanları əməkdaşlarının” sözləri əlavə edilib.

    Beləliklə, fərmanın əhatə dairəsi genişləndirlib.

    Fərmanla Daxili İşlər Nazirliyinə tapşırılır ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

  • İlham Əliyev şəhid ailələri ilə görüşüb

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

    Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

  • Bu şəxslər dövlət hesabına müalicə ediləcək – QƏRAR

    Nazirlər Kabineti “Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası”nı təsdiqləyib.

    Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Qaydaya əsasən, peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.

    Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə əlavə müalicə-bərpa xidmətləri “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası” və “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

    Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə göstərilir. Peşə təhsili müəssisəsində təhsilalanlara aparılan əlavə müalicə-bərpa tədbirlərinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin peşə təhsili müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir.

    Şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir. Peşə təhsili müəssisəsində təhsilalanların tibbi profilaktik müayinəsi təhsil müddəti dövründə ildə bir dəfədən az olmayaraq, həmin təhsil müəssisəsində və ya ərazi üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisəsində aparılır.

    Dövri tibbi profilaktik müayinələrin nəticəsinə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilir:

    – ötən tədris ili ərzində təhsilalanların sağlamlığının dinamikasının qiymətləndirilməsi, xəstəliklərin erkən əlamətlərinin və funksional pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması üçün müvafiq əlavə müalicə-bərpa tədbirlərinin təşkili;

    – peşə təhsili dövründə tədris-istehsalat yükünün təhsilalanlara təsirinin öyrənilməsi;

    – sağlamlığında pozuntular (müxtəlif orqan və sistemlərin xəstəlikləri, fiziki, cinsi və digər morfofunksional pozuntular) aşkar edilmiş təhsilalanların dispanser qeydiyyatına götürülməsi və onların müvafiq müalicə-bərpa müəssisələrinə yönəldilməsi;

    – sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların təhsili davam etdirə bilməsi və seçdiyi peşəyə uyğun işə yararlılığı barədə rəy verilməsi;

    Təhsilalanlara göstərilən əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir.

  • Yaz sessiyasının ilk iclasında 38 məsələ müzakirə ediləcək

    Parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı və ilk plenar iclasının gündəliyi məlum olub.

    Fevral ayının 1-də başlayacaq yaz sessiyası ərzində “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumtəhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və digər qanunlara dəyişikliklər edilməsi ilə bağlı layihələr müzakirə olunacaq.

    Həmçinin, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə də baxılması planlaşdırılır.

    Ümumilikdə yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 38 məsələ daxil edilib.

    Qeyd edək ki, yaz sessiyasında baş nazirin, ombudsmanın, İnsan alverinə qarşı milli koordinatorun və bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin hesabatları dinləniləcək və təsdiqlənəcək.

    Yaz sessiyası may ayının sonunda başa çatacaq.
    //oxu.az

  • Mehriban Əliyevanın göstərişindən sonra xüsusi komissiya yaradıldı

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

    Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilir ki, “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

  • Sahil Babayev “Sosial fond”un sədrini işdən çıxardı – FOTO

    Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Zakir Babayev işdən çıxarılıb.

    Z.Babayev bu vəzifəyə Elman Mehdiyevdən sonra gəlmişdi.

    Onun işdən kənarlaşdırılması isə bir neçə gün əvvəl olub.

    Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov da təsdiqləyib.

    Onun sözlərinə görə, hazırda bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcra Aparatının Sosial Təminat Siyasəti şöbəsinin müdiri Himalay Məmişov icra edir.

  • Gürcüstan XİN-dən büst açıqlaması: Azərbaycanla müzakirə olunub

    “Qarabağ müharibəsində iştirak etmiş erməni Mixail Avaqyana Gürcüstanın Axalkalaki rayonunun Bağaneş qəsəbəsində büstün qoyulması ilə bağlı məsələ Gürcüstan və Azərbaycan arasında müzakirə olunub”.

    Median.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, Azərbaycan ilə Gürcüstan arasında müzakirə olunmayan mövzu yoxdur və məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirilib:

    “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və bu mövzu ətrafında ajiotaja səbəb yoxdur”.

    Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bu hadisə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub. Belə ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək büstün açılmasına etirazını bildirib.

    Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. (Unikal.org)

  • Əlil və şəhid ailələri daha 10 il mənzillə təmin olunacaqlar (SƏRƏNCAM)

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün nəzərdə tutulan müddət 10 il artırılıb.

    Median.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

    Qeyd edək ki, 2014-cü ildə imzalanmış sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirmək tapşırılmışdı. Dəyişikliyə əsasən bu müddət 2014-2028-ci illəri əhatə edəcək.

  • Prezident yaşayış sahələri ilə bağlı fərman imzaladı

    Prezident İlham Əliyev yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında fərman imzalayıb.

    Median.az xəbər verir ki, fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.

    Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    İpoteka və Kredit Zəmanət Fondu fərmandan irəli gələn məsələləri həll edəcək.

    Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

  • Vasif Talıbov bu işçilərin maaşını 50 faiz artırdı

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.az report-a istinadən bildirir ki, sərəncam Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

    Sərəncamla Şərur rayonunda icbari tibbi sığorta tətbiq edilir, Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilir.

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti sərəncamla yaradılan publik hüquqi şəxslərin Nizamnaməsini təsdiq etmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il iyunun 1-dən həmin publik hüquqi şəxslərin fəaliyyətlərini təmin etməli, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il iyunun 1-dən 50 faiz artırılmasını təmin etməlidir.

    Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şərur Rayon İcra Hakimiyyətinə tapşırılır ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.