Category: Siyasət

  • Vasif Talıbovdan yeni təyinat

    Culfa Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

    Sərəncamla Vüsal Məmmədzadə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

  • Prezident və xanımı teleaparıcı ilə söhbət etdi – VİDEO

    Prezident İlham Əliyev ailəsi ilə bərabər “Bakutel-2018” sərgisi ilə tanış olarkən İTV-nin teleaparıcısı Vüsalə Səidlə söhbət edib.

    Mehriban Əliyeva jurnalisti tanıdığını deyib və onun əvvəllər AzTV-də çalışdığını xatırladıb.

    Teleaparıcı bu söhbətdən sonra prezident və xanımı ilə şəkil çəkdirib.

  • Sahil Babayevdən yeni – TƏYİNAT

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

    Median.Az xəbər verir ki, nazirin müvafiq əmri ilə Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

    O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

    Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov xəbəri oxu.az-a təsdiqləyib.

    Qeyd edək ki, Fuad Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.

  • İlham Əliyev Tahir Salahova orden təqdim edib – FOTO

    Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin xalq rəssamı, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

    Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib.



  • Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

    Bu gün, dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

    Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

    Danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryü Şofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

    Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

  • İlham Əliyev məşhur futbolçu ilə görüşüb – FOTO

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018” ilə tanış olublar.

    Prezident İlham Əliyev sərgi çərçivəsində məşhur futbolçu, fransız Robert Pireslə görüşüb.

    Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olan Pires İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FİFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.

    Qeyd edək ki, sərgidə ilk dəfə olaraq alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur.

    Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir.

    Robert Pires prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.

    Sərgi çərçivəsində Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey də fəaliyyət göstərir.




  • Bakıda Venesuela konsulluğu açılacaq

    Gələn il Venesuelanın Bakıdakı səfirliyində konsulluq şöbəsinin açılması planlaşdırılır.

    Median.Az-ın məlumatına görə, bu barədə 1news.az-a müsahibəsində Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores deyib.

    Onun sözlərinə görə, hazırda Venesuelaya səfər edən azərbaycanlılar vizanı Türkiyə və İrandakı diplomatik korpuslardan əldə edirlər.

    “Gələn il Azərbaycanda səfirliyin konsulluq şöbəsinin açılmasını nəzərdə tutmuşuq. Bundan sonra azərbaycanlılar Bakıda viza əldə edə biləcəklər. Ümid edirəm ki, bu, Venesuelaya səfər edənlərin sayını da artıracaq”.

    Pedro Argenis Sançes Flores bildirib ki, gələn il Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana səfəri planlaşdırılır.

    Onun sözlərinə görə, prezident Maduronun 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı gözlənilir.

    Xatırladaq ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu çərçivədə gələn il Bakıda Zirvə görüşü olacaq.

    Prezident Maduro daha əvvəl 2016-cı ildə Azərbaycanda səfərdə olub.

  • Milli Məclisin daha üç plenar iclası və iki dinləməsi keçiriləcək

    Milli Məclisin (MM) dekabr ayında üç plenar iclası keçiriləcək.

    Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, dəyişiklik olmazsa, millət vəkilləri dekabrın 11-i, 18-i və 28-də bu ilin son plenar iclaslarına toplaşacaqlar.

    Bu müddətdə həmçinin komitə iclasları davam etdiriləcək, eyni zamanda, azı iki ictimai dinləmə təşkil ediləcək.

    İctimai dinləmələr də icbari tibbi sığorta və şəkərli diabet xəstəliyi ilə bağlı olacaq.

    Bununla da MM-in payız (qış) sessiyası başa çatacaq.

    MM-in növbəti sessiyası, 2019-cu ilin yaz sessiyası isə fevral ayının 1-də öz işinə başlayacaq.

    Yaz sessiyasında isə bələdiyyələrlə, Ombudsmanla, insan alverinə qarşı mübarizə ilə bağlı Milli Koordinatorun illik hesabatları müzakirə olunacaq.

    Həmçinin, yaz sessiyasının 5-ci iclasından (mart ayından) gec olmayaraq, Nazirlər Kabinetinin parlament qarşısında son bir illik fəaliyyəti ilə bağlı hesabatı olacaq.

    Hesabatla baş nazir çıxış edəcək.

  • Vasif Talıbovdan yüksək vəzifəyə təyinat

    Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsinə təyin edilib.

    Bu barədə müvafiq fərmanı noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.

    Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu sərəncamdan sonra Səbuhi Məmmədov həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.

  • İlham Əliyev Gürcüstanın yeni prezidentinə məktub ünvanladı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Hörmətli xanım Zurabişvili,

    Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.