Category: Siyasət

  • Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü – YENİLƏNİB

    Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

    Dövlət başçıları görüşdə çıxış ediblər.

    Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Belarus Prezidenti Aleksandr LUKAŞENKO dedi:

    -Əziz İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Biz bunu çoxdan gözləyirdik. Azərbaycan haqqında çox danışırdılar. Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər əsasən xoşniyyətli idi. Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm Prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.

    Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır – 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz. Buna görə də Sizi Belarus torpağında salamlayırıq. Bizə tez-tez gəlin. Hava bugünkü kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var – xüsusən Bakının quru küləyindən sonra. Düşünürəm ki, qışqabağı Minskdə olmaq və ona tamaşa etmək Sizin üçün faydalı olacaq. Onun öz gözəlliyi var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə təşrif gətirmisiniz. Danışmağa mövzu var. Bizim bütün sahələrdə – həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq.

    * * * * *

    Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

    -Sağ olun, əziz Aleksandr Qriqoryeviç. İlk növbədə dəvət üçün Sizə təşəkkür edirəm. Yenidən qardaş Belarus torpağında olmağıma çox şadam. Bildiyiniz kimi, bu, Sizin ölkənizə mənim ilk səfərim deyil. Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir. Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb.

    Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları – bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik.

    Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib vaxtda Azərbaycana növbəti rəsmi səfərə dəvət etmək istərdim. Qonaqpərvərliyə və dəvətə görə bir daha sağ olun.//azertag.az

  • Türkiyə Ermənistandan gələn yük maşınları üçün sərhədi açmayıb – TƏKZİB

    Ötən gün “Habertürk” portalı Türkiyənin Ermənistandan gələn yüzlərlə yük maşını üçün sərhədi açması barədə xəbər yaymışdı.

    Median.Az “Moskva- Baku”ya istinadən xəbər verir ki, nəşr Trabzon limanından hər il Ermənistana məxsus 400 yük maşınının keçməsi barədə məlumat yayıb.

    Bu icazənin Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən verildiyi bildirilib.

    Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həmid Karadəniz səfir Erkan Özala istinadən bu xəbəri təkzib edib.

    “Bir sıra mətbuat orqanlarında Türkiyənin Ermənistandan gələn yük maşınları üçün sərhədi açması xəbəri həqiqəti əks etdirmir. Türkiyənin Gürcüstandakı səfirliyinin belə bir icazə verməsi müzakirə mövzusu ola bilməz”, – deyə Həmid Karadəniz vurğulayıb.

  • İlham Əliyev Belarusda – YENİLƏNİB + FOTO

    Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 19-da Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.

    Dövlətimizin başçısına Ticarət Evində yaradılan şərait barədə məlumat verilib.

    Minskdə Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında açılıb.

    Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib.

    Həmin tapşırıqların icrası olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə “Azərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.

    Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir.

    Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin ASAN və ABAD stendləri də ziyarətçilərə təqdim edilir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən informasiya texnologiyaları şirkətinin nümayəndəliyinin stendi də sərgidə nümayiş olunur.

    Bu Ticarət Evinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır, Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

    Yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı Azərbaycan Ticarət Evinin fəaliyyətinə uğurlar arzulayıb.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

    Meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

    Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

    18.11.2018 * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gedib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan prezidenti İlham Əliyevi Belarusun baş nazirinin müavini Mixail Rusiy və digər rəsmi şəxslər qarşılayıblar.





  • Azərbaycan Milli Dirçəliş Gününü qeyd edir

    Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

    Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.

    1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Bu gün Azərbaycanda Meydan hərəkatının 29-cu ildönümü tamam olur.

    Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.

    Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb.

    17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

    Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

  • İlham Əliyev Sumqayıta 10 milyon manat ayırdı

    Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, o cümlədən 18 çoxmənzilli binanın istismara yararsız 62 liftinin yenilənməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.

    Maliyyə Nazirliyi sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Azərbaycan siqaret istehsal edəcək – nəhəng zavod işə düşdü (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına məlumat verdi ki, zavodda 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək.

    Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

    Dövlətimizin başçısı müəssisəni işə saldı.

    Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşdü.
    Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı bunun ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini dedi, iş yerlərinin yaradılmasında bu cür layihələrin əhəmiyyətinə toxundu.
    “Sumqayıt Kimya Sənaye Parkının timsalında biz uğurlu sənaye siyasətimizi görürük”, – deyən Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı bir çox layihələrin həyata keçirildiyini bildirdi, bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini vurğuladı.

    Sonda xatirə şəkli çəkdirildi.























  • Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

    Nazir səfər çərçivəsində 9-cu Sir Bəni Yas Forumunda iştirak edəcək.

  • Prezident nazir müavinini vəzifəsindən azad etdi (SƏRƏNCAM)

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb.

    Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub.

    Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.

    Prezidentin imzaladığı növbəti sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.

    İdris Balakişi oğlu İsayev 1970-ci ilin oktyabrın 22- də anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

    1992-1993-cü illərdə “İnkişaf” Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

    2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

    Rus və ingilis dillərini bilir.

    Evlidir, 3 övladı var.

  • Deputat: 200 manat maaşı təsəvvür edə bilirsiniz?

    Siz 200 manat maaşı təsəvvür edə bilirsiniz? Şəxsən mən təsəvvür edə bilmirəm. Bəlkə də, belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər, ən az maaş alan onlardır.

    Bunu millət vəkili Elmira Axundova parlament komitəsinin iclasında deyib.

    Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib:

    “Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma səkkiz min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər səkkiz min manat maaş alan var?

    Bəlkə siz tanıyırsınız belələrini?! Olsa da, 50-100 nəfər… Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın, mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır”.

    Millət vəkili bu cür addımlardansa, zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib:

    “Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin. Bəlkə, biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!”

    Millət vəkili İlham Məmmədov da həmkarının aksiz dərəcələri ilə bağlı fikirlərini dəstəkləyib:

    “Dünyanın hər yerində arağın, spirtli içkilərinin, siqaretin qiyməti çox bahadır. Bizdə də belə olmalıdır. Qoy, zəhmət çəkib gündə 10 dənə yox, bir dənə siqaret çəksinlər. Və ya Bakıda hara baxırsan, şərab evi, şərab evi. Axı, bu, nə qədər ola bilər? İnsanlarımızı sanki içkiyə, zəhərə həvəsləndiririk. Ona görə hesab edirəm ki, bizdə də aksiz dərəcələri, rüsumlar artırılmalıdır”.

    Millət vəkili Aytən Mustafazadə deyib ki, bu gün Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının əksəriyyəti 200-240 manat maaş alır:

    “Bəli, təkcə həkimlər deyil, AMEA-nın əməkdaşları da belə maaş alır. Çox təəssüflər olsun ki, belə reallıq var. Bu, AMEA-da mövcuddur”.//oxu.az

  • Tramp Fətullah Gülənin ekstradisiyasına göstəriş verdi

    ABŞ prezidenti Donald Tramp FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına qərar verib.

    Median.Az “NBC”yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri artıq qanuni yolların araşdırılması üçün FTB, Ədliyyə və Daxili İşlər Nazirliklərini təlimatlandırıb.

    Trampın bu addımı jurnalist Camal Qaşıqçının qətlindən sonra baş vermiş hadisələr fonunda atdığı bildirilir. Bununla ABŞ-ın Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istədiyi iddia edilir.

    Tramp hökuməti və Türkiyə tərəfi Gülənin ekstradisiyası baş tutmayacağı halda Cənubi Afrikaya göndərilməsi ilə bağlı müzakirələr də aparıb.

    Qeyd edək ki, F.Gülən 1990-cı illərdən Pensilvaniyada yaşayır.