Category: Siyasət

  • Prezident İsmayıllıya 2,5 milyon manat ayırdı

    Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • İlham Əliyev xorvatiyalı həmkarını Azərbaycana dəvət edib – FOTO

    Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də, regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var.

    Bu, çox vacibdir. Bu, bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir.

    Bunu sentyabrın 6-da Zaqrebdə Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından verilən rəsmi ziyafət zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

    Dövlət başçsısı bildirib ki, Azərbaycan qitələrarası dəmir yolu əlaqəsi layihəsinin də təşəbbüskarı olub və bu da artıq Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bütün bu layihələr konkret nəticələri olan layihələrdir və bu layihələr bizi birləşdirir.

    Avropa İttifaqı ilə münasibətlərimizdə bizə davamlı dəstək göstərdiyinə görə Xorvatiyaya minnətdarıq. Bu gün müzakirə etdiyimiz kimi, biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq.

    Bu, bütün sahələri – Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq.

    “Siz bizim NATO-nun “Qətiyyətli dəstək” missiyasına verdiyimiz töhfəni qeyd etdiniz. Biz lap əvvəldən Əfqanistandayıq, mən əsgərlərimizi nəzərdə tuturam. 2002-ci ildən bəri biz koalisiyaya qoşulmuş azsaylı ölkələrdən biriyik. Biz bu yaxınlarda Əfqanistandakı hərbi kontingentimizi 120 hərbçiyə qədər artırmışıq.

    Bu da NATO-ya üzv olmayan ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Əlbəttə ki, biz koalisiya qüvvələrinə logistika, nəqliyyat dəstəyini, ərazimiz üzərindən uçuş imkanını təmin edirik və bizim töhfəmiz NATO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.

    Bizim mədəni əlaqələrimizin necə inkişaf etdirilməsi nöqteyi-nəzərindən yaxşı anlayışımız var və bu gün xüsusilə mədəni mübadiləyə aid sənədin imzalanması təbiidir. Azərbaycan dərin multikulturalizm, dinlərarası, sivilizasiyalarası dialoq ənənələri olan bir ölkədir. Bütün bunlar bizim üçün mühüm əhəmiyyət kəsb edir.

    Prezidentin Sərəncamı ilə 2016-ci il Azərbaycanda “Multikulturalizm İli” elan olunub. 2015-ci ildə biz birinci Avropa Oyunlarına ev sahibliyi etdik. 2017-ci ildə biz dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik.

    Beləliklə, iki il müddətində biz əməkdaşlıq formatını müəyyən etmək üçün bir şəhərə Avropadan, İslam aləmindən atletləri və dostları dəvət etdik. Bu oyunlar sadəcə idman tədbiri deyildi. Onlar insanları birləşdirən çox mühüm beynəlxalq tədbirlər idi.

    Əlbəttə ki, biz hamımız Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana tarixi rəsmi səfərini xatırlayırıq.

    Onun Bakıdan çatdırdığı mesajlar həqiqətən də vacib idi. O, müxtəlif dinlərin nümayəndələri arasında daha çox anlaşmaya nail olmaq üçün bizim siyasətimizin vacibliyini vurğulamışdı. Beləliklə, Xorvatiya ilə müzakirə etdiyimiz və əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə bizim ümumi anlaşmamız və yanaşmamız var. Bu, bizim tərəfdaşlığımızı daha da güclü edir.

    Bu gün Sizin gözəl ölkənizi xoş ovqatla tərk edirəm. Mən həqiqətən özümü burada evdəki kimi hiss edirəm. Fürsətdən istifadə edərək əməkdaşlığımızı davam etdirmək üçün xanım Prezidenti bir daha Azərbaycana səfərə dəvət etmək istəyirəm”, – deyə İlham Əliyev bildirib.

  • Putin Bakıya gəlir

    Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

    Median.Az-ın xəbərinə görə, bunu “İzvestiya” qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib.

    Onun sözlərinə görə, səfərlər cari ilin sentyabr və oktyabr aylarında baş tutacaq.

    Sentyabrın sonunda Vladimir Putin Azərbaycana səfər edəcək. Bundan əlavə, 27-28 sentyabr tarixində Rusiya prezidenti Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək MDB dövlətlərinin liderlərinin görüşünə qatılacaq. Oktyabr ayında isə Vladimir Putinin Özbəkistana səfəri nəzərdə tutulub.

    Bundan əlavə, ilin sonuna qədər V.Putin Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşündə iştirak edəcək.

  • Etibar Pirverdiyev vəzifəsindən azad olundu

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad edilib.

    Bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

  • İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 3-də başa çatıb.

    Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında prezident İlham Əliyevi Qırğız Respublikasının baş naziri Muxammetkalıy Abılqaziyev və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev yola salıblar.

  • İlham Əliyev Qırğızıstan prezidenti ilə görüşüb – FOTO

    Sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

    Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.



  • Putin Azərbaycanla perspektivli layihələr haqqında danışdı

    “Şimal – Cənub” nəqliyyat dəhlizi çərçivəsində Rusiya və Azərbaycan sərhədində Samur çayı üzərindən körpünün tikintisi 2019-cu ildə başa çatacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların yekunları üzrə bildirib.

    “Avropa bazarlarını asiyalı istehsalçılarla birləşdirəcək, İrandan keçməklə Cənubi Asiya və Yaxın Şərqdən Avropaya yük daşınmalarını xeyli sürətləndirməyə imkan verəcək “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasını perspektivli layihələrdən biri hesab edirik”, – deyə, Putin bildirib.

    O xatırladıb ki, bu nəqliyyat arteriyasının ümumi uzunluğu 7 min kilometri ötəcək, bura dəmir yolu, bərə və avtomobil əlaqəsi daxil olacaq.

    Bununla yanaşı, “Şimal – Cənub” nəqliyyat dəhlizinin böyük hissəsi Azərbaycan və Rusiya ərazilərindən keçəcək, deyə, rusiyalı dövlət başçısı vurğulayıb.

    “Vurğulayım ki, artıq marşrutun ayrı-ayrı sahələri üzrə iş aparılır. Qarşıdakı ildə ölkələrimiz sərhədyanı Samur çayı üzərindən körpünün tikintisini bitirmək niyyətindədirlər”, – deyə, Putin əlavə edib.

    Ümumilikdə, Rusiya prezidentinin sözlərinə görə, ikitərəfli iqtisadi əlaqələr kifayət qədər aktiv inkişaf edir. Belə ki, 2017-ci ildə Rusiya və Azərbaycanın ticarət dövriyyəsi 35% – 2,5 mlrd. dollaradək artıb. Azərbaycan bazarında Rusiyanın “Qazprom”, “Transneft”, “Lukoyl” kimi böyük enerji şirkətləri işləyir.

    “Ümumiyyətlə, Rusiya və Azərbaycanın enerji sistemləri inteqrasiya olunmuş rejimdə fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir”, – deyən Putin, “KamAZ”, “Qazprombank”ın Azərbaycandakı layihələrini qeyd edib.

    Bundan başqa, Rusiya prezidenti qeyd edib ki, kiçik və orta sahibkarlıq xətti üzrə iki ölkənin sahibkarları arasında əlaqələr genişlənir.

    Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığından danışan Putin 2018-ci ilin oktyabrında növbəti Rusiya-Azərbaycan regionlararası forumunun baş tutacağını bildirib.

    “Onu Gəncə şəhərində keçirmək planlaşdırılırdı, lakin bəlkə bizim dostlarımız onu (tədbiri – red.) Bakıda təşkil edəcəklər”, – deyə, rusiyalı lider əlavə edib.

  • Mehriban Əliyeva: Sevginizi və dəstəyinizi həmişə hiss etmişəm

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb.

    Mehriban xanım Əliyeva ona səmimi arzularını, ürək sözlərini bildirən bütün insanlara müraciət edərək təşəkkürünü ifadə edib:

    “Əziz dostlar,

    Doğum günüm münasibətilə çoxlu təbriklər almışam. Ən müxtəlif insanlar mənə səmimi arzularını, ürək sözlərini ünvanlayırlar. Tələbələr və pensiyaçılar, həmvətənlərimiz və xaricdəki dostlarımız mənə məktub yazırlar.

    Çox təəssüf ki, sizin hər birinizə şəxsən cavab verməyə fiziki baxımdan imkanım yoxdur. Lakin mənə ünvanladığınız səmimi sözlərə, fəaliyyətimə verdiyiniz xoş və yüksək qiymətə görə hamınıza ürəkdən təşəkkür edirəm. Hər bir təbrik mənim üçün dəyərlidir və mənə müsbət enerji verir.

    Əziz dostlar,

    Biz dinamik inkişaf edən dünyada yaşayırıq. Baş verən bütün dəyişikliklərə baxmayaraq, insanlıq və saflıq, səmimilik və xeyirxahlıq, mərhəmət və sevgi həmişəki kimi başlıca dəyərlər olaraq qalır.

    Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm. Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir. Buna görə sağ olun. İnanın ki, bu, doğum günü üçün ən yaxşı hədiyyədir.

    Əziz dostlar,

    Diqqətinizə və səmimi təbriklərinizə görə sizin hamınıza bir daha ürəkdən təşəkkür edirəm.

    Sizin hamınıza xoşbəxtlik, cansağlığı, nurlu, sevgi ilə dolu həyat, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

  • Yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim edildi – FOTO + YENİLƏNİB

    Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

    Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də prezident İlham Əliyevə təqdim olunub.

    Dövlətimizin başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirib. Prezident İlham Əliyev elektron imza qoyub. Bir nömrəli elektron şəxsiyyət vəsiqəsi dövlətimizin başçısına təqdim olunub.

    Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı prezident İlham Əliyevə məlumat veriblər.

    Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı – çip yerləşdiriləcək.

    Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

    Şəxsiyyət vəsiqələrinin çapı isə Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

    * * * * *

    Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi avqustun 31-də prezident İlham Əliyevə təqdim olunub.

    bu barədə məlumatı dövlət başçısının rəsmi saytı yayıb.





  • Gürcüstanın Baş naziri İlham Əliyevlə danışıqlarda – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.

    Prezident İlham Əliyev və Baş nazir Mamuka Baxtadze görüşdə çıxış ediblər.