Category: Siyasət

  • Gülxar Həsənovanın 100 illik yubileyi ilə bağlı – SƏRƏNCAM

    Azərbaycan Respubblikasının prezidenti İlham Əliyev görkəmli opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

    Mədəniyyət Nazirliyinə Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

    Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı (Şəmkir) kəndində anadan olub. Bakı Teatr Texnikumunda oxuyub (1935-1937), ADU-nu bitirib(1959).

    G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunub.

    Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olub.

  • Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.

    Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

    Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

    //azertag.az

  • Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edildi

    Ölkə prezidenti İlham Əliyev Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Teymur Ənvər oğlu Göyçayev “Şöhrət” ordeni ilə təltif edilsin.

  • Azərbaycan və Tacikistan prezidentləri danışıqlarda – YENİLƏNİB

    Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.

    * * * * *

    Avqustun 10-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

    Bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.

    * * * * *

    Avqustun 10-da rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

    Tacikistan prezidenti Emoməli Rəhmonu salamlayan Azərbaycan prezidenti İlham Əliyev deyib:

    “Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

    Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər.

    Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq.

    Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük.

    Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək”.

    Tacikistan prezidenti Emoməli Rəhmon isə bunları deyib:

    “Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik.

    Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir.

    Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək”.

    * * * * *

    Avqustun 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

    Prezidentlər görüşdə çıxış ediblər.

    * * * * *

    Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

    * * * * *

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

    Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonu qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Tacikistan prezidentinə raport verib.

    Prezident İlham Əliyev və prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Tacikistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

    Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

    Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.

  • XİN: Kəlbəcər işğal olunmuş ərazidir, onların torpağı deyil

    “Euroasianet.org” portalında 6 avqust 2018-ci il tarixində jurnalist Joşua Küçeranın müəllifi olduğu “Ermənilər üçün buralar işğal olunan ərazilər deyil, vətəndir” adlı məqalə dərc edilib.

    Sözügedən məqalə ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Euroasianet.org” portalının redaktoruna mətbuat azadlığı və qarşı tərəfin də mövqeyinə hörmət prinsiplərini əsas tutaraq, cavab yazısı göndərsə də, redaksiya tərəfindən bunu dərc etməkdən imtina edilib.

    XİN-nin mətbuat xidmətinin rəhbərinin sözügedən məqalə və Kəlbəcərin işğalı ilə əlaqədar cavab yazısını ixtisarla təqdim edirik:

    “Mən sizə 6 avqust tarixində “Euroasianet.org”un jurnalisti Coşua Kuçeranın müəllifi olduğu “Ermənilər üçün o işğal edilmiş deyil, vətəndir” adlı məqaləsi ilə əlaqədar yazıram. Məqalə Azərbaycanın Kəlbəcər rayonunun işğalından bəhs etsə də, orada yalnız bir tərəfin fikirləri əks olunub və Kəlbəcərin işğalının real mənzərini təqdim etmir.

    Başqasının əmlakını zor yolu ilə oğurlamaq və sonradan onu özününkü adlandırmaq soyğunçuluqdur. Bunun başqa adı yoxdur. Bu kimi soyğunçuluq əməlinə bəraət qazandırmaq isə utancverici və ifrat qeyri-mənəvi addımdır.

    Azərbaycanın Kəlbəcər rayonu Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tərkib hissəsi olaraq 1993-cü ilin aprelində işğal edilib. Bu il Kəlbəcərin faciəvi işğalının 25 illiyidir. Kəlbəcər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşir.

    Kəlbəcərin işğalı məqsədilə hücum əməliyyatı ağır silahlar, Mi-24 helikopterləri və döyüş təyyarələri istifadə edilməklə, əsasən, Ermənistan ərazisindən həyata keçirilib.

    İşğal nəticəsində Kəlbəcərin 60 min nəfərdən artıq sakini etnik təmizləməyə məruz qalıb. Kəlbəcərin işğalı nəticə etibarilə Ermənistanın işğalçı tərəf kimi müharibədə öz rolunu inkar etməsinə əsaslı şəkildə son qoydu”.

    Qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi qeyri-qanuni əməllər beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır:

    “BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edib və ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi.

    BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanı işğal etdi. Bunlar açıq şəkildə göstərir ki, Ermənistanın əsl xisləti güc vasitəsilə ərazilərin işğalı olub və bu şəkildə qalmaqda davam edir.

    Ermənistan beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını və Əlavə Protokolları kobud şəkildə pozaraq, işğal edilmiş Kəlbəcər və digər ərazilərin demoqrafik və etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək üçün erməni əsilli şəxsləri bu torpaqlarda yerləşdirməyə çalışır.

    Ermənistanın həmçinin, şübhəli ofşor şirkətləri cəlb edərək aqressiv formada Kəlbəcərin mineral, o cümlədən qızıl resurslarını talan edir. Bu qəbildən olan qeyri-qanuni əməllər Cenevrə Konvensiyaları və Əlavə Protokollara görə hərbi cinayətlər hesab olunur.

    Arxeologiya və etnoqrafiya elminin ən adi qaydalarına zidd olaraq, əldəqayırma erməni tarixçilər tarixi, o cümlədən Kəlbəcərdə yerləşən Qafqaz Albaniyasının xristian irsini saxtalaşdıraraq Kəlbəcəri erməni torpağı kimi təqdim etməyə çalışırlar. İstehza doğuran hal odur ki, bəzi fərdi hallar istisna olmaqla, ermənilər heç vaxt icma kimi Kəlbəcərdə yaşamayıblar.

    Ermənistan və erməni diaspor dairələrinin bütün ciddi cəhdlərinə baxmayaraq, Kəlbəcər şəhərində yalnız bir neçə yüz adam yaşayır və ya yaşamağa səy göstərir. Səbəb çox sadədir. Çünki Kəlbəcər işğal olunmuş ərazidir, onların torpağı deyildir.

    Məqalədə iqtibas olunan və 2000-ci ildə Kəlbəcərə gələn Aleksandr Kananyandan fərqli olaraq soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə anadan olub və 2014-cü ildə ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər.

    Hazırda 70 min nəfərdən çox Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayırlar. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş 16 yaşlı Turanə Həsənlinin ailəsi kimi minlərlə kəlbəcərli doğma Kəlbəcərə qayıtmağı və öz əmlaklarına sahib durmaq anını gözləyir…

    Hər bir dövlət kimi, Azərbaycan Respublikası da beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün BMT nizamnaməsində təsbit olunmuş ayrılmaz özünü müdafiə hüququndan istifadə etmək haqqını özündə saxlayır”.

  • Təzəpir məscidi yenidən qurulacaq

    Azərbaycan Prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, qeyd olunan işlərin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.

  • İlham Əliyev Putinə başsağlığı verdi

    Ölkə prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib.

    Başsağlığında deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç.

    “Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

    Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

  • Prezident veteran, əlil və şəhid ailələrinə mənzillər verdi – FOTO

    Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

    Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.


  • Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib – FƏRMAN

    Azərbaycan prezidenti İlham Əliyev sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

    Fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib.

    İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.

    Sahibkarlığa Kömək Milli Fondunun “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçir.

    Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən doqquz nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının beş üzvünü İqtisadiyyat Nazirliyi, dörd üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edir:

    Maliyyə Nazirliyi;

    Vergilər Nazirliyi;

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

    Maliyyə Bazarlarına Nəzarət Palatası;

    Müşahidə Şurasının sədri iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Fondun nizamnamə fondu 1 094 254 581 manatdır və ona verilmiş əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.

  • Prezident İlham Əliyev Milli Arxiv İdarəsinə yeni rəis təyin edib

    Prezident İlham Əliyev Əsgər Rəsulovun Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilsin.