Category: Siyasət

  • İlham Əliyev Xalq artistinin ölümü ilə bağlı nekroloq imzaladı

    Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri bəstəkar Xəyyam Mirzəzadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

    Nekroloqda deyilir:

    Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq Artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində vəfat edib.

    Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.

    Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışıb, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olub.

    O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

    Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

    Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirib. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb.

    Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət edib, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib.

    Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib.

    Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.

    Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

    Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Novruz Məmmədov

    Oqtay Əsədov

    Ramiz Mehdiyev

    Əli Əhmədov

    Fərəh Əliyeva

    Əbülfəs Qarayev

    Ceyhun Bayramov

    Firəngiz Əlizadə

    Fərhad Bədəlbəyli

    Arif Məlikov

    Fidan Qasımova

    Tofiq Bakıxanov

    Rauf Abdullayev.

  • İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

    Prezident İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • Parisdə Azərbaycan və Fransa prezidentlərinin görüşü olub – FOTO

    yulun 20-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun görüşü olub.

    Yelisey Sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

  • Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurası iclasının iştirakçıları ilə görüşüb.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.




  • İlham Əliyev Fransada görüşlər keçirir – FOTO + YENİLƏNİB

    İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.

    Görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Azərbaycan Prezidenti həmçinin Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.

    Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirib.

    Prezident İlham Əliyev bunu yüksək qiymətləndirdi və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 20-də Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    * * * * *

    İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

    Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

    Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

    * * * * *

    İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti, “Iveco Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edildi

    Azərbaycan prezidenti İlham Əliyev Laura Mattarellanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    L. Mattarella Azərbaycan ilə İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

    Dövlət başçısının digər sərəncamı ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, Laura Mattarella (1968-ci ildə anadan olub) İtaliya Prezidenti Sercio Mattarellanın qızıdır və İtalyanın birinci xanımıdır.

    Prezident Sercio Mattarellanın həyat yoldaşı Mariza Çiadeze 2012-ci ildə dünyasını dəyişib. Bu səbəbdən onun böyük qızı Laura atasını dövlət səfərləri və bəzən İtaliya daxilində baş tutan səfərlərdə müşayiət edir.

  • Azərbaycan və İtaliya prezidentləri görüşdü – FOTO + YENİLƏNİB

    İyulun 18-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliya Respublikasının prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

    * * * * *

    Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

    “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Milan Politexnik Universitetinin dizayn üzrə departamentinin rəhbəri Silvia Piardi imzalayıblar.

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İtaliya Dəmir Yolları Şirkətinin beynəlxalq inkişaf üzrə vitse-prezidenti Covanni Rokka imzalayıblar.

    “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma”nı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzalayıblar.

    “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə”ni Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzalayıblar.

    Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İtaliya pezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

    * * * * *

    Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

    * * * * *

    İyulun 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İtaliya Respublikasının prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.

    Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

    İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

    Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycana rəsmi səfərə gələn İtaliya prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanı qarşılayıb.

    Prezident İlham Əliyev və prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

    Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.






  • Su kanalında tapılan 56 pasporta görə vəzifəli şəxs cəzalandırılıb

    Bu ilin iyun ayında İmişli rayonu Sarıxanlı kəndi ərazisində su kanalında tapılmış Azərbaycan vətəndaşlarına məxsus 56 ümumvətəndaş pasportu 12 iyulda müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib. Qurumdan APA-nın sorğusuna cavab olaraq qeyd ediblər ki, ümumvətəndaş pasportlarının vaxtında aidiyyəti üzrə təhvil verilməsini təmin etmədiyi üçün təqsirkar əməkdaş intizam qaydasında cəzalandırılıb və tutduğu vəzifədən azad olunub.

    Xatırladaq ki, məsələ ilə bağlı DİN mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, iyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib: “Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir”.

  • Azərbaycanda yeni və mühüm dövlət qurumu yaradılır – Prezident Fərman imzaladı

    Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkənin qanunvericiliyi araşdırılıb və nəticədə “Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.

    Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

    Bildirilir ki, səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb: “Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə “Dövlət xidmətlərinin təşkilində DATA analizi”, “Açıq hökumət məlumatlarından istifadə edilməsi” və “Elektron hökumət həlləri” kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, “Dünya Bankı”nın “Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində “Yaxşı idarəçilik” prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik” prinsipləri təhlil edilmişdir”.

    Məlumatda vurğulanır ki, dövlət xidmətlərinin təşkilində “Açıq hökumət məlumatları”ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib: “Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb”.

  • İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib

    Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.

    Dövlət başçısının məktubunda deyilir:

    “Hörmətli cənab Prezident, Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.