Category: Siyasət

  • Prezident: “Binalar biri-birinin yanında, həyətlərdə tikilir: KİM İCAZƏ VERİR?!

    “Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

    Prezident qeyd edib ki, binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir: “Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox.

    Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz”, “, – deyə o əlavə edib.

  • İlham Əliyev 2 sərəncam imzaladı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Canəhmədov Anar Əhəd oğlu

    Həbibli Gültəkin Fazil qızı

    Kərimov Emil Zülfüqar oğlu

    “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə

    Abdullayeva Leyla Yaşar qızı

    Hacıyev Hikmət Fərhad oğlu

    Süleymanov Nüsrət Süleyman oğlu

    Şahhüseynov Elnur Sultan oğlu.

    ***

    İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə teatr sənətinin inkişafına töhfələr vermiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • İlham Əliyev görüş keçirib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının İqtisadi məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, federal müşavir Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu haqda Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • İlham Əliyev Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib

    Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli Konstitusiya Məhkəməsi hakimləri və əməkdaşları!

    Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə təbrik edirəm.

    Konstitusiya Məhkəməsinin yaradılmasının 20-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf edir və bu iki mühüm tarix Azərbaycan xalqının güclü demokratik ənənələrə malik olmasını əyani şəkildə nümayiş etdirir.

    Müstəqil Azərbaycanda konstitusionalizm ideyalarının inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqının hüquqi, demokratik, dünyəvi dövlət qurmaq niyyətini bəyan etmiş və insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etmişdir.

    Əsas Qanunun aliliyini təmin etmək məqsədilə 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması konstitusiya islahatlarının növbəti önəmli mərhələsi olmuşdur.

    Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir.

    Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir.

    Bir daha Sizi təbrik edir və Konstitusiya aliliyinin təmin edilməsinə yönəlmiş fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

  • Prezident İlham Əliyev Astana haqqında sənədli filmə çəkilib – VIDEO

    Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan paytaxtı Astanaya həsr edilmiş “Böyük çölün paytaxtı” adlı sənədli filmə çəkilib.

    Median.Az Nur.Kz saytına istinadla xəbər verir ki, filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin “Instagram” səhifəsində paylaşılıb.

    Filmin tam versiyası isə iyulun 5-də axşam saatlarında “Xabar” telekanalı vasitəsi ilə nümayiş etdirilib.

    Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

    Azərbaycan prezidenti filmdə yer alan çıxışında bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin dövrdə Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

  • Prezident finlandiyalı naziri qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • Prezidentdən xəstəxanalar və metrodakı generator məsələsinə SƏRT REAKSİYA

    “Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır. İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə deyib. 

    Dövlət başçısı bildirib ki, bu məsələ ilə bağlı ciddi təftiş aparılmalıdır: “Bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm Dövlət Komissiyasına, həm də mənə məruzə etməlisiniz. O ki qaldı, metropolitenə, bildiyimə görə, metropolitendə ümumiyyətlə generatorlar mövcud deyil. Bu da acınacaqlı faktdır. 

    Tezliklə təkliflər verin ki, metroda, bütün stansiyalarda generatorlar olsun və enerjidə hər hansı problemlər yarandıqda insanlar əziyyət çəkməsin. Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək”.

  • İlham Əliyev Pirverdiyevə: Siz, sadəcə, utanmalısınız – VİDEO

    Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib.

    Dövlət başçısı deyib ki, ölkənin kifayət qədər enerji gücü var.

    “Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. 

    Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında. 
    İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar…”
    İlham Əliyev qeyd edib ki, hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəyib.

    “Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramı sahəsində hər il böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. 

    Son 15 il ərzində 30 stansiya tikilib. Elə sistem qurulmalı idi ki, ölkənin enerji sistemi çökməsin. 
    Niyə bölgələrdəki elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Yoxsa havalar isti keçir, istehlak artır – bu məni qane edə bilməz”, – deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, məsələni çox ciddi araşdırmaq lazımdır.

  • Prezident vətəndaşlara göstərdikləri həmrəyliyə, dəstəyə və anlayışa görə təşəkkür edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təcizatında ciddi problemlər yaşanıb.

    Dövlət başçısı bildirib ki, qısa vaxtda enerji təcizatı bərpa olunub.

    Qəza baş verən vaxtda dövlət qurumlarının vətəndaşlara kömək etməklə bağlı tapşırığın öhdəsindən peşəkarlıqla gəldiklərini deyən Prezident İlham Əliyev vətəndaşlara göstərdikləri həmrəyliyə, dəstəyə və anlayışa görə təşəkkür edib.

  • PA: Hökumət ölkənin və əhalinin təhlükəsizliyini təmin etmək iqtidarındadır

    Azərbaycan Respublikası Prezident Administrasiyası (PA) ölkədə yaranmış vəziyyətlə bağlı məlumat yayıb.

    Məlumatda deyilir:

    “2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

    Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dərhal məsələni nəzarətə götürüb, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verib, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaradıb.

    Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin neqativ təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülüb və onların idarə olunması işi təşkil edilib”.

    Qeyd olunur ki, həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib:

    “Hal-hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir”.

    Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib:

    “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib. Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.

    Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərələrinə düşən vəzifələri icra ediblər.

    Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaş yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər”.

    Həmçinin, qeyd edilir ki, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim edib və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstəriblər:

    “Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub.

    Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək”.