Category: Siyasət

  • Şəhid və itkin düşmüş şəxslərin ailələrinə 11 min manat veriləcək – FƏRMAN

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

    1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

    Birdəfəlik ödəmə bu fərmanda nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

    Birdəfəlik ödəmə bu Fərmanda nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir:

    3.1. hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;

    3.2. hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı;

    3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd;

    3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

    Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin.

    Maliyyə Nazirliyinə tapşırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etsin; bu Fərmanda nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etsin; bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə illik hesabat təqdim etsin.

    Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidmətinə bu Fərmanda nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək tapşırılıb.

    Ədliyyə Nazirliyinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermək tapşırılıb.

    Dövlət Sığorta Kommersiya Şirkətinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermək tapşırılıb.

  • İlham Əliyev iş otağını göstərdi – FOTO

    Ötən gün, aprelin 18-də, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

    Inauqurasiya mərasimindən sonra prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

    Azərbaycan Respublikası prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

    Bundan sonra Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə İlham Əliyevin iş otağında olublar.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında mərasimdən sonra ailə üzvləri ilə birlikdə İlham Əliyevin iş otağında çəkdirdiyi şəkilləri paylaşıb.






  • İlham Əliyevdən yeni təyinat – Sərəncam

    Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında səfiri təyin edilib.

    Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

    Sərəncama əsasən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib./apa

  • İran dollardan imtina etdi

    Dolların məzənnəsini nəzarətə almağa çalışan İranda Nazirlər Kabineti valyuta əməliyyatlarında dollar yerinə avrodan istifadəyə qərar verib.

    Bu barədə İran telekanalları məlumat yayıblar.

    Rialın dollara nisbətdə zəifləməsinə qarşı tədbirlər görən İran hökuməti dollar/rial məzənnəsinin 42 rialda sabitləşməsini təmin etmişdi.

    Bunun ardınca isə banklardan kənarda vətəndaşların nağd vəsaitlərinin 10 min avrodan artıq olmamasına qərar verilmişdi.

    Belə ki, 10 min avrodan artıq pulu olanlar onu banklara yatırmalı idilər.

    Nəzərə çatdıraq ki, İranla Türkiyə arasındakı ilk pul mübadiləsi dollar və arvoya dəyişdirilmədən, birbaşa (valyuta swap) reallaşdırılıb.

  • TANAP bu il istifadəyə veriləcək

    Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur.

    Bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

    Prezident qeyd edib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir:

    “Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir.

    Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçib.

    Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir.

    Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək”.

    Dövlət başçısı nəzərə çatdırıb ki, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik:

    “Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik.

    Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik.

    Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək”.

  • İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam verdi

    Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.

    Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

    Sərəncam imzalandığı gündən qüvvəyə minib.

  • Artur Rasi-zadə və komandası İSTEFAYA GETDİ – SİYAHI

    Bu gün –aprelin 18-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

    Median.Az-ın məlumatına görə, Konstitusiyada qeyd edilib ki, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

    Azərbaycan Respublikasının yeni seçilən Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün isə Nazirlər Kabineti istefa verir.

    Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş sayılır. Prezident İlham Əliyevin tezliklə yeni hökuməti təqdim edəcəyi gözlənilir.

    Modern.az saytı Nazirlər Kabinetinə daxil olan rəsmilərin siyahısını təqdim edir:

    Baş nazir Artur Rasizadə

    Baş nazirin birinci müavini Yaqub Eyyubov

    Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev

    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

    xarici işlər naziri Elmar Məmmədyarov

    müdafiə naziri Zakir Həsənov

    ədliyyə naziri Fikrət Məmmədov

    daxili işlər naziri Ramil Usubov

    fövqəladə hallar naziri Kəmaləddin Heydərov

    müdafiə sənayesi naziri Yavər Camalov

    maliyyə naziri Samir Şərifov

    vergilər naziri Mikayıl Cabbarov

    iqtisadiyyat naziri Şahin Mustafayev

    kənd təsərrüfatı naziri Heydər Əsədov

    energetika naziri Pərviz Şahbazov

    nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

    əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

    səhiyyə naziri Oqtay Şirəliyev

    mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

    ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

    gənclər və idman naziri Azad Rəhimov

    təhsil naziri – boşdur

    Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

    Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – boşdur

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

    Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

    Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

    Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

    Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

    Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli.

  • Bakıda İlham Əliyevin şərəfinə yaylım atəşi açıldı

    Aprelin 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

    Fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

    Dövlət başçısı əsgərləri salamlayıb.

    Azərbaycan Respublikasının dövlət himni səslənib.

    Azərbaycan Respublikası prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

    Sonda xatirə şəkli çəkdirilib.

  • İlham Əliyev and içdi – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilir.

    Median.Az xəbər verir ki, Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:

    “Hörmətli xanımlar və cənablar.

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının prezidenti elan edib.

    Azərbaycan Respublikasının prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

    “Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

    Azərbaycan Respublikasının dövlət himni səslənib.

    Sonra prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib:

    “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

    Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.

    * * * * *

    Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb.

    Tədbir Milli Məclisdə keçirilir.

    Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və Kabinetin yeni tərkibi elan olunacaq.

  • İlham Əliyev sabah and içəcək, hökumət istefaya gedəcək

    Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

    Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov məlumat verib.

    Bu gün Konsitutsiya Məhkəməsi aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib. Qərara əsasən, İlham Əliyev 86,02 faiz səslə seçkinin qalibi olub.

    Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

    “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

    And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

    Əli Əhmədov bildirib ki, andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verəcək.