Category: Siyasət

  • İlham Əliyev səs verdi

    Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.

    Prezident İlham Əliyev səsvermə otağına daxil olub, seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

    Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.

    Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.

  • MSK sabah gün ərzində beş dəfə məlumat açıqlayacaq

    Sabah – aprelin 11-də Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək.

    Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

    Səsvermə günü hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

    MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

    Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

    Sabah prezident seçilən şəxsin səlahiyyət müddəti yeddi il olacaq.

    “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.

    Seçkiləri 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyəcək.

    Səsvermə prosesini gün ərzində MSK-nın saytından izləmək mümkündür.

    Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

  • Seçkiqabağı təşviqat başa çatıb

    Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

    Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

    Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-u başlayıb, bu gün – aprelin 10-u saat 08.00-da dayandırılıb.

  • Prezidentin sərt çıxışının videosu: “Belə alçaqlıq olmaz…”

    Xəbər verdiyimiz kimi, İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində turistlərə göstərilən davranışa görə hüquq mühafizə orqanlarının əməkdaşlarını sərt tənqid edib.

    Median.Az “Qafqazinfo”ya istinadən bu məqamda ölkə başçısının həmin çıxışının videosunu təqdim edir:

    Prezident aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq edib:

    “Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

    Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır. Mən bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın. Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

  • “Bu dərəcədə biabırçılıq olmaz!” – Prezidentdən məmurlara ciddi XƏBƏRDARLIQ

    “Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik”.
    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

    Dövlət başçısı bildirib ki, bu sahədə də təkmilləşmə işləri aparılacaq:

    “Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.

    “Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır”, deyə dövlət başçısı vurğulayıb.

    Prezident qeyd edib ki, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın:

    “Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

  • Cəlilabad, Masallı və Yardımlıda 15 modul tipli məktəb quraşdırılacaq

    Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 min manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

  • Azərbaycanda “Elm günü” təsis edilib

    Hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncam cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq imzalanıb.

  • İlham Əliyev nazirləri topladı

    Aprelin 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

    Sonra “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev çıxış ediblər

    Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

  • Prezident xəstəxana tikintisi üçün 7,6 milyon ayırdı

    Prezident İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,6 milyon (yeddi milyon altı yüz min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

    Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

    Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

  • Zakir Həsənov prezident seçkiləri ilə bağlı göstərişlər verdi

    Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.

    Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.

    Ali Baş Komandanın Orduya yüksək qiymət verdiyini, daima diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan müdafiə naziri cəbhə bölgəsində mövcud vəziyyəti təhlil edib və qarşıda duran vəzifələrdən danışıb.

    Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildirən nazir, gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

    Müdafiə naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

    Z.Həsənov bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş verərsə dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin görülməsini tapşırıb.