Category: Siyasət

  • Məmmədyarov: “Status-kvo” heç vaxt qəbul edilməyəcək

    Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir.

    Bnu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

    Nazirin bildirdiyinə görə, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.

    E. Məmmədyarov bildirib ki, BMT dörd qətnamə qəbul edib və bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan Silahlı Qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir:

    “Bir çox təşkilat tərəfindən bu mövqe dəstəklənib.

    Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir.

    Münaqişə nəticəsində yaranan “status-kvo” heç zaman qəbul edilməyəcək”.

    Nazir çıxışında deyib ki, Azərbaycan sülh və təhlükəsizliyin təminatında BMT-nin aparıcı rolunu qəbul edir.

    “Azərbaycan BMT-də islahatların aparılmasını və Baş Assambleyanın rolunun artırılmasını dəstəkləyir.

    Belə olan halda, BMT üzvlərinin üçdə ikisinin səsi eşidiləcək və hörmət ediləcək.

    Münaqişələrin həlli nəinki həmin regionlar, eləcə də, bütün dünyada sabitliyə gətirib çıxarır”, -deyə Məmmədyarov vurğulayıb.

  • Bakıda beynəlxalq toplantı başladı – 800 iştirakçı var + İlham Əliyev iclasda

    Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı (QH) çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı öz işinə başlayıb.

    Iki gün davam edəcək tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcək.

    Hazırda toplantıya qatılmaq üçün 800-dən artıq iştirakçının Bakıya gəldiyi, tədbiri işıqlandırmaq üçün isə yerli və xarici media nümayəndələri daxil olmaqla 150-dən artıq şəxs akkreditasiyadan keçib.

    Qeyd edək ki, Qoşulmama Hərəkatına 120 ölkə daxildir. Həmçinin burada 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur.

    ***

    Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

    2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.

  • Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu

    Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edilib.

    Median.Az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

    Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarının küçə reklamının yerləşdirilməsinə icazə vermək səlahiyyəti ləğv olunub.

    Qeyd edək ki, 2017-ci il iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Reklam Agentliyi həyata keçirəcək. Reklam Agentliyi avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

  • İlham Əliyevin 18 il əvvəl verdiyi müsahibə – Video

    İş adamı, jurnalist Elnur Kələntərov 18 il bundan əvvəl hazırkı prezident İlham Əliyevdən götürdüyü müsahibəni paylaşıb.

    E. Kələntərov müsahibəyə təqdimatda yazıb: “Bu müsahibəni nə az, nə çox düz 18 il bundan əvvəl almışdım. Səmimi söhbət zamanı İlham Əliyev qeyd etdi ki, mən etibar edilən işlərin öhdəsindən gəlmək üçün işləyirəm, mənim fəaliyyətim reklam olunmağım üçün deyil. Məni tanıyan tanıyır…

    Bu gün müasir və güclü Azərbaycanın formalaşmasında neft kontraktlarının xüsusi rolunun olduğunu hər kəs bilir. Bu kontraktların hazırlanmasında İlham Əliyevin xüsusi rolu olub. Müstəqilliyin ilk illərində xaricilərlə onların öz dilində, danışacaq, onlara Azərbaycanın istəklərini açıq şəkildə bəyan edəcək kadrlar demək olar ki, yox idi. İlham Əliyev Neft Şirkətinin xarici investorlarla danışıqlarını aparan Azərbaycanın güclü gələcəyi üçün hava su kimi lazım olan neft investisiyalarını razılaşdıran şəxsdir. İndi heç kəsə sir deyil ki, bu neft kontraktları Azərbaycanı beynəlxalq münasibətlərdə layiqli aktor kimi yerini təmin etmiş oldu.

    18 il əvvələ baxanda nə qədər işlər görüldüyünü, uğurlar qazanıldığını, nailiyyətlərin hansı miqyasda olduğunu daha aydın görmək olur.

    Bu müsahibədə İlham Əliyev həm də Millət Vəkilinin hansı xüsusiyyətlərə, keyfiyyətlərə malik olmasına da aydınlıq gətirdi.

    Bu gün idman sahəsində qazanılan uğurların təməli də məhz o illərdə qoyulmuşdu. O vaxtlar 5-6 yaşı olan uşaqlar bu gün milli komandaların heyətində ən mötəbər yarışlarda himnimizi səsləndirirlər.

    Bu gün, hər kəs bir neçə il bundan öncə lentə alınmış bu müsahibəyə baxib, məsləhətləri dinləyib ona əməl etməlidir.

    Uzun illər keçsə də İlham Əliyev yenə eyni əzimkarlıqla, eyni amal üçün çalışır. İndi hər bir Azərbaycanlı 3 rəngli ay ulduzlu bayrağın kölgəsinə sığınıb daha güclü Azərbaycan üçün çalışmalıdır. Daha Güclü Azərbaycan isə, İlham Əliyevin rəhbərliyi ilə mümkündür. 11 aprel seçkilərində İlham Əliyevə səs verməklə, Güclü Azərbaycana, sabitliyə, inkişafa səs vermiş olacayıq”.

  • Türkiyə parlamenti Azərbaycanda seçkiləri müşahidə edəcək

    Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək.

    Median.Az-ın Sechki-2018.az-a istinadən xəbərinə görə, Azərbaycanın Ankaradakı səfirliyində fəaliyyət göstərən məntəqə seçki komissiyasından verilən məlumatda bildirilir ki, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyalarından olan nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar başçılıq edəcək.

  • Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı bitdi

    İTV-də prezidentliyə namizədlər üçün ayırılan ödənişsiz efir vaxtı başa çatıb.

    İTV-də namizədlərə ümumilikdə 18 saat (9 saat televiziya, 9 saat radio) pulsuz efir vaxtı ayırılıb.

    Martın 19-dan başlayan debatlar hər həftənin I, II, III günləri saat 22:00-dan 23:00-dək keçirilib.

    Sonuncu həftə isə debatların vaxtı dəyişdirilib.

    Yəni, “Dəyirmi masa”nın vaxtı bir gün əvvələ, ötən həftənin bazar gününə təyin edilib və bu baxımdan da, sonuncu teledebat aprelin 3-də olub.

    Bundan sonra prezidentliyə namizədlər ödənişli efir vaxtından istifadə edə bilərlər.

    İTV-də Prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır.

    Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib.

    İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

  • Leyla Əliyeva sənədli film təqdimatında — FOTO

    Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.
    Median.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

    Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.

    Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.

    Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışdı, burada hər cür şəraitin yaradıldığını vurğuladı və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib. “Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, – deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirib.
    Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verib. Qeyd edib ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəl “Azərbaycan. Ceyranların xilası” filmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park – Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd edib. Bununla yanaşı, sosial şəbəkələrdə də paylaşılan videoçarxların çəkildiyini diqqətə çatdıran İqor Bışnyov süjetlərə 5 milyondan çox baxış olduğunu söyləyib. Vurğulayıb ki, dünyanın hər yerində Azərbaycanın canlı təbiətinə dair videolar maraqla izlənilir və bu, olduqca böyük əhəmiyyətə malikdir. Filmlər ölkə daxilində və xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb. İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirib və bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.

    Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının, təxminən, 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.

    “Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

    IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

  • İlham Əliyev xalça istehsalı emalatxanasının tikintisinə – 2 milyon manat ayırıb

    Prezident İlham Əliyev Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunur ki, Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Türkiyənin ədliyyə naziri Baş Prokurorluqda olub

    Baş prokuror Zakir Qaralov Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Baş Prokurorluqdan verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə ifadə edildiyi, hər iki qardaş ölkənin dövlət başçılarının ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
    Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə 2016-cı ildə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd edib.

    Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən nazir Ə.Gül ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirməklə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

    Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib, qonaq tərəfindən bir neçə gün öncə ölkəmizdə yad edilən azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

    Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

    Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

  • Kiselyov İlham Əliyev haqqında təəssüratlarını bölüşdü

    Azərbaycanlıların bəxti gətirib ki, onların belə lideri var.

    Median.Az xəbər verir ki, bu barədə “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitriy Kiselyov Sputnikə müsahibəsində bildirib.

    Kiselyov qeyd edib ki, “İstəmirəm ki, sözlərim təşviqat kimi qəbul edilsin. Mən həqiqətən də İlham Əliyevlə görüşmüşəm və o mənə öz ölkəsinin tarixini bilən, böyük perspektivlərə baxışı olan məsuliyyətli hökumət lideri təəssüratı bağışladı”.

    O bildirib ki, İlham Əliyev öz ölkəsinə inanır, onun infrastrukturu ilə və uzunmüddətli layihələri ilə həm maddi, həm də mənəvi cəhətdən məşğul olur.

    “O əsl azərbaycan xarakterini təcəssüm edir. Azərbaycan cavan dövlət olduğu üçün, bu səpkidə formalaşan təsirə ehtiyac duyur. Azərbaycan lidersiz ola bilməz.

    Mən hesab edirəm ki, azərbaycanlıların belə bir liderləri olduğu üçün bəxti çox gətirib. O, tələsmir, vaxtını əldən vermir və bu da çox əhəmiyyətlidir. O öz ölkəsini gəmi kimi çox əmin istiqamətdə aparır, təhlükələrdən və riflərdən yan keçir, hər cavan dövlət Azərbaycan qədər bunları ağrısız ötürməyə müvəffəq olmur”- deyərək “Rossiya seqodnya” BİA-nin baş direktoru qeyd edib.