Category: Siyasət

  • Seçki bülletenlərinin komissiyalara verilməsi başa çatır

    Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

    Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı 4 gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.

    Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.

    Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

  • Aprelin 10-u “sükut günü”dür

    Aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar aprelin 10-u – növbəti həftənin çərşənbə axşamı “sükut günü”dür.

    Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

    Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq.

    Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin Prezidentliyə namizədliyini qeydə alıb.

    Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

  • “Məmur özbaşınalığı və idarəetmədəki problemlərin həllinə xüsusi diqqət yetiriləcək”

    “Niyə hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir?! Niyə harınlamış məmur və məmur balaları var?! Niyə insanları süni şəkildə narazı salırlar?!”

    “Yaxın gələcəkdə Azərbaycanda idarəetmə strukturunda nəzərdə tutulan islahatlar yəqin ki, çeviklik, operativliyə yönələcək. Bu islahatlar nəticəsində müəyyən dövlət qurumlarının birləşdiriləcəyi, bir-birini təkrarlayan qurumlara büdcədən əlavə vəsaitlərin ayrılmasının qarşısını almaq üçün bəzilərinin ləğv ediləcəyi, regionlarda isə çevik idarəetmə həyata keçirə bilən yeni qurumların yaradılacağı istisna deyil. Mən dövlət başçısının qarşıya qoyduğu məqsədi təxmini anlayıram və belə hesab edirəm ki, atılacaq bütün bu addımlar Azərbaycan xalqının rifahına və vətəndaşların daha yaxşı yaşamasına xidmət edəcək. Bu işdə ona uğurlar diləyirik!”

    Median.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsi zamanı qarşıdakı illərdə idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərinə münasibətində bildirib.

    Millət vəkili qeyd edib ki, dövlət başçısının gördüyü saysız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların və dövlət qurumlarının yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır və görülən işlərin də üzərində kölgə salır:

    “Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə həddən artıq çox işlər görüb. Onların arasında regionların inkişafına dair dövlət proqramlarının qəbul və icra edilməsini xüsusi vurğulaya bilərik. Dövlət başçısının da qeyd etdiyi kimi, doğrudan da ölkədə çoxsaylı sosial obyektlər tikilib, bir sıra sosial problemlər həll olunub və bu istiqamətdə işlər durmadan davam edir. Qazlaşdırılma, su, yol çəkilişi, məktəblərin, bağçaların, xəstəxanaların tikintisi, “ASAN xidmət” mərkəzlərinin istifadə verilməsi və s. buna bariz misal ola bilər.

    Lakin yenə də müəyyən nöqsanlar var ki, dövlət başçısı artıq özü onları araşdıraraq qiymət verir. Prezident İlham Əliyevin fikirlərindən belə məlum olur ki, bu yaxınlarda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə o, məmur özbaşınalığın, pozuntular, digər neqativ hallar və idarəetmədəki problemlərin aradan qaldırılması ilə bağlı operativ, çevik işlərin görülməsinə xüsusi diqqət yetirəcək.

    Biz də hamılıqla bunu arzulayırıq. Mən də bir hüquq müdafiəçisi və millət vəkili olaraq həmişə bunu arzulamışam. Düşünmüşəm ki, cənab prezidentin gördüyün bu qədər uğurlu işlərin müqabilində niyə hələ də narazılar var? Niyə hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir?! Niyə harınlamış məmur və məmur balaları var?! Niyə insanları süni şəkildə narazı salırlar?! Niyə ayrılmış büdcədən yeyintilər olur?!

    Təbii ki, bütün bunları idarə etmək, nəzarət etmək olduqca çətindir. Əgər komandada kimlərsə bu cür xoşagəlməz hallara yol verirsə, ümumilikdə görülən digər işlərin də üzərinə az da olsa, kölgə salır. Ona görə də dövlət başçısı müsahibəsində ictimai nəzarətin vacibliyini qeyd edir və gələcəkdə bu hallara qarşı həm mübarizə aparılması, həm də çevik islahatların həyata keçirilməsini istəyir. Biz isə bu məsələdə ona yalnız uğurlar arzulayır və hər zaman dəstək olmağa hazırıq”.

    Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib: “Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

    Dövlət başçısı xüsusi ilə qeyd edib ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq: “Çünki artıq dediyim kimi, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm”.

  • Deputat: “Bizim qaçqınlar Avropadakı qaçqınlardan min dəfə yaxşı yaşayır”

    “Orta və yaşlı nəsillə yanaşı, cavanlar və gənclər də prezident İlham Əliyevin seçkilərdə qələbə qazanması üçün canfəşanlıq edirlər. Cavan uşaqlarımız İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti olmasını istəyirlər”.

    Bu fikirləri Milli Məclisin deputatı, 295 saylı məktəbin direktoru Dilarə Cəbrayılova bildirib.

    D.Cəbrayılova deyib ki, bu, Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin olması ilə bağlıdır:

    “Gəlin baxaq görək, hansı dövlətdə bu qədər uğurlu dövlət gənclər siyasəti mövcuddur? Hətta, Avropada belə yoxdur. Mən deputat kimi bölgələrimizdə oluram, seçicilərlə görüşürəm. İnanın ki, insanların seçkilərə marağı çox yüksək səviyyədədir. İnsanlar soyuq-isti, yorğunluq bilmədən seçki kampaniyalarında həvəslə iştirak edirlər. Gənclər cənab prezidentə şeirlər, mahnılar həsr edirlər. Onları görüb qürur hissi keçirirəm, gənclərdəki həvəs çox xoşuma gəlir. Hamı inanır ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyev böyük səs faizi ilə qələbə qazanacaq. Çünki əhali onu dəstəkləyir, İlham Əliyevin alternativi yoxdur”.
    Deputat qeyd edib ki, seçicilərin bu mövqeyinə rayon İcra Hakimiyyəti başçıları da heç bir müdaxilə etmir:
    “Təmsil olunduğum rayonda icra başçısı heç kəsə bir kəlmə belə nə isə demir. İndiyədək bir dəfə belə eşitməmişəm ki, icra başçısı hər hansı seçiciyə təsir etsin. İnsanlar öz namizədini seçməkdə və dəstəkləməkdə tam sərbəstdir”.
    D.Cəbrayılova xaricdə Azərbaycan əleyhinə söyüş kampaniyası aparan şəxslərə də etirazını bildirib:

    “Xaricdə Azərbaycan əleyhinə təhqir kampaniyası aparanlar sapı özümüzdən olan baltalardır, Azərbaycanı istəməyən qüvvələrdir. Azərbaycanda bu qədər uğurlu işlər görülür, bütün sahələrdə böyük inkişaf var. Bütün bunlar hansı Avropa ölkəsində var? Onlar deyə bilərmi ki, Azərbaycanda tikilən və təmir olunan müasir məktəblər, səhiyyə ocaqları hansı dövlətdəsə edilir? Bu gün Avropada qaçqınlara və miqrantlara çox aşağı münasibət göstərilir. Təsəvvür edin ki, Avropa ölkələrində sığınan qaçqınları itlərin arasında saxlayırlar, ən pis yeməklər verilir və sairə. Amma bizim qaçqınların vəziyyətinə də baxaq görək, necə yaşayırlar. Bizim qaçqınlar Avropadakı qaçqınlardan min dəfə yaxşı şəraitdə yaşayır”.

    Deputat əlavə edib ki, Azərbaycanda müəllimlər və həkimlərin əmək haqqı artırılıb və onlar dövlətdən razıdır:
    “Müəllimlərimiz nə üçün və nədən narazı olmalıdır? Müəllimlər də bir valideyndir, anadır, atadır. Şükürlər olsun ki, hər bir valideyn sağ-salamat öz övladını məktəbə göndərə bilir. Hansı dövlətdə bu qədər sabitlik var? Bizdə belə bir ənənə var: ovucumuzun içərisində olanda, onun qədrini bilmirik. Ölkəmizdə bu qədər yaxşı şərait, əmin-amanlıq var, nədənsə bəzi adamlar onu bəyənmək istəmir”.//Ölkə.az

  • Hadı Rəcəbli: “Mən Allahın yolunu tutmuşam”

    “Mənim xanımım həci xanımdır. İki qızım, iki bacım həci xanımdır. Ailə üzvlərim namaz qılır, Allaha ibadət edirlər. Bizim evdə stolun üstündə Quran var. Mənim bu dəqiqə Milli Məclisdəki kabinetimdə başımın üzərində Quran var. Mən Allaha bağlı insanam. Allahın yolunu da həmişə tutmuşam”.

    Median.Az xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.

    O bildirib ki, Allah ömür versə, Kəbə evinə təkrar getməyi düşünür:
    Hazırda Həccə getməyi planlaşdırmıram. Allah ömür verər, məqam olarsa, Həcc ziyarətinə bir dəfə də gedərəm. Mən Kəbə evinin içərisində olmuşam. Ulu öndər Heydər Əliyev və cənab İlham Əliyevlə birlikdə. Mənə bu qismət olub. Bu, böyük bir xoşbəxtlikdir. Orada Kəbə evinin qapısını bizim üçün Səudiyyənin kralı açdı. Biz kralın qonaqları idik. O xoşbəxtlik mənə nəsib olub. Kəbə evində olduğum ruhu da saxlamışam. Çünki Allahdan qorxmaq lazımdır”.

    Millət vəkili onun sözlərini mətbuatda təhrif edən jurnalistlərə səslənib:

    “Mən özüm də jurnalist işləmişəm, jurnalistlərin dostuyam. Jurnalist yoldaşları da çağırıram ki, Allah xofu ürəklərində olsun. Allahdan qorxsunlar. Bir az diqqətli olsunlar. Təhrif etməsinlər yazıları. Yaşlı adamlara qarşı bir az da həssas olsunlar. Mən mətbuata açığam, bunlar isə mənim başıma gör, nə oyunlar gətirirlər. Bu da çox narahatedici məsələdir. Mən də o jurnalistləri Allaha tapşırıram ki, mənim ünvanıma o qədər söyüş söydürürlər. Allah da bilir. Mən Allaha şükürlər olsun ki, Allahın yolunu tutmuşam, 25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var”.

  • Mehriban Əliyeva Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə iştirak edib – FOTO

    Aprelin 5-də Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

    Azərbaycanın Birinci vitse-prezidenti mərasimdə çıxış etdi.

    Sonra Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı videoçarx nümayiş olundu.

    Mərasim konsert proqramı ilə davam etdi.

  • İlham Əliyev: Azərbaycan mətbəxi dadlı, amma təhlükəlidir

    Hər bir xalqın mətbəxi onun mədəniyyəti, ənənələri və imkanlarının göstəricisidir. Əlbəttə ki, Azərbaycan mətbəxi çox müxtəlif, çox dadlı, lakin çox təhlükəlidir.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

    Dövlət başçısının sözlərinə görə, Azərbaycan mətbəxinin əsas təhlükəsi – nəzarət olunmayan çəki artımıdır.

    “Ona görə gündəlik həyatda sui-istifadə etməməyə çalışıram. Baxmayaraq hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini sevir və mən də istisna deyiləm.

    Azərbaycan mətbəxindən sevimli yeməklərə gəldikdə isə, deməliyəm ki, onların hamısını sevirəm. Lakin ən çox mənim həyat yoldaşım Mehribanın hazırladığı yeməkləri sevirəm. O, bu işdə yaxşı mütəxəssisdir. Öz kulinariya əsərləri ilə mənə və bütün ailə üzvlərinə çoxlu sevinc bəxş edir”, – deyə, AR Prezidenti bildirib.

  • Ağstafa, Daşkəsən, Gədəbəy… – İlham Əliyev sərəncam İMZALADI

    Azərbaycan prezidenti İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Prezident: Bir silahla güclü ordu yaratmaq olmaz

    Ölkənin hərbi potensialının gücləndirilməsi bizim əsas prioritetlərimizdəndir. Bu istiqamətdə çox iş görülüb. Bu gün Azərbaycan ordusu, müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlər və təşkilatların qiymətləndirmələrinə görə, dünyanın ən təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusunun sırasına daxildir.

    Median.Az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyev bildirib.

    İ. Əliyev qeyd edib ki, Azərbaycan silahlanma prosesini praktiki olaraq başa çatdırıb, “bizim ordumuz ən müasir, yüksək dəqiqlikli, texnoloji silahla təchiz edilib”.

    “Həm hücum, həm də müdafiə xarakterli. Biz ən yaxşı istehsalçılardan silah alırıq. Və bu silahlar bizə özümüzü kifayət qədər əmin hiss etməyə imkan verir”, – deyə, AR Prezidenti qeyd edib.

    Lakin onun sözlərinə görə, bir silahla güclü ordu yaratmaq olmaz:

    “Buna görə də, əlbəttə ki, ordunun döyüş qabiliyyətinin artırılması, nizam-intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Çoxsaylı təlim və treninqlər keçirilib. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli gücləndirmişik. Bizim hərbi baza və şəhərciklərin 80%-dən artıq hissəsi mahiyyət etibarilə, yenidən tikilib. Qarşıdakı illərdə maddi-texniki baza ilə bağlı prosesi tam bitirəcək və hərbi quruculuqla aktiv məşğul olacağıq”.

    Prezident həmçinin yeni silahların alınması məsələsinə toxunub. Onun sözlərinə görə, bu proses daha seçimli, daha konkret – müvafiq hərbi vəzifələrin həllinə uyğun olacaq.

  • Азербайджан откроет торговый дом в ОАЭ

    Азербайджан начал работу по созданию торгового дома в Дубае, сказал в четверг министр экономики Азербайджана Шахин Мустафаев, слова которого приведены в распространенном министерством сообщении, на встрече с министром иностранных дел ОАЭ Анваром Гаргашем.

    Об этом сообщает Median.Az со ссылкой на Trend.

    По словам Мустафаева, данный шаг нацелен на продвижение азербайджанской продукции в ОАЭ.

    Министр отметил развитие торгово-экономических отношений между двумя странами, подчеркнул, что первое зарубежное представительство Дубайской торгово-промышленной палаты было открыто в Баку.

    “Азербайджан, в свою очередь, назначил торгового представителя в ОАЭ, отправил экспортные миссии и участвовал на проводимых в стране выставках единым страновым стендом”, – сказал Мустафаев.

    Подчеркнув потенциал развития отношений между Азербайджаном и ОАЭ, Мустафаев поделился мыслями о перспективах сотрудничества в сферах инвестирования, промышленности, альтернативной энергетики, фармацевтики, транспорта и транзитных грузоперевозок, а также в нефтегазовом секторе. Также было подчеркнуто развитие отношений между двумя странами в сфере туризма.

    В свою очередь, Гаргаш выразил заинтересованность в развитии отношений между ОАЭ и Азербайджаном в сфере грузоперевозок, туризма, образования, энергетики и в других секторах.

    По данным Государственного таможенного комитета Азербайджана, товарооборот с ОАЭ в январе-феврале 2018 года составил 7,4 миллиона долларов, что в 2,4 раза выше показателя аналогичного периода прошлого года.