Category: Siyasət

  • Putin Türkiyədədir

    Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.

    Prezident Rəcəb Tayyib Ərdoğan həmkarını Ankaradakı prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

    Bu gün Ankarada Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək. İclasda iki ölkə arasında əlaqələrin inkişafı diqqət mərkəzində olacaq, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Prezidentlərin iştirakı ilə Akkuyu Atom Elektrik Stansiyasının 1-ci blokunun təməlqoyma mərasimi də keçiriləcək.

    Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Suriya problemi ilə əlaqədar üçtərəfli zirvə görüşü keçiriləcək.

  • Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.

    Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Prezident seçkiləri ilə əlaqədar ölkədə bu strukturlar gücləndirilmiş iş rejiminə keçdi

    Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçib.

    Median.Az bildirir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

    Məlumata görə, “Aztelekom” və “Bakı Telefon Rabitəsi”nin telekommunikasiya qovşaqlarında müntəzəm növbətçilik təşkil olunub və əməkdaşlar rabitə şəbəkələrinin və seçki məntəqələrində quraşdırılmış kameraların texniki vəziyyətinə baxışı həyata keçirir.

    Nazirliyin bütün struktur bölmələrinə rabitə xidmətlərinin, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz işini təmin etmək tapşırılıb.

    Qurum həmçinin təhlükəsizlik xidmətlərinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsini və mümkün problemlərin aradan qaldırılması üçün qəza xidmətlərinin hazır vəziyyətə gətirilməsini tapşırıb.

    Eyni zamanda Bakıda kabel-kanalizasiya qurğuları infrastrukturunun optimallaşdırılması üzrə işlər və tikinti-montaj işləri rabitə şəbəkələrinin işində fasilələrin yaranmaması üçün müvəqqəti dayandırılıb.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də baş tutacaq.

  • Prezident BNA-nın fəaliyyəti ilə bağlı fərman imzaladı

    Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
    Median.Az-ın məlumatına görə, Fərmanda qeyd edilir ki, “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilsin

    Bakı Nəqliyyat Agentliyində (bundan sonra — Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

    1.Azərbaycan Respublikasının Prezidentinə:

    – Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

    – illik maliyyə hesabatlarının təsdiq edilməsi;

    – icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

    – təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

    – xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;

    – Agentliyin yenidən təşkil və ləğv edilməsi;

    2.Agentliyə:

    – inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

    – strukturunun təsdiqi.
    Müəyyən edilir ki:

    – Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir;

    – Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

    Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilir.

    “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin siyahısı” təsdiq edilir.

    Nazirlər Kabinetinə tapşırılır ki, Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri nəzərə almaqla svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 nəqliyyat mübadilə mərkəzinin yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsini təmin etsin; bu Fərmanın 5-ci hissəsi, 8.1-ci bəndi və 9-cu hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsində olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin; bu Fərmanın 4-cü və 5-ci hissələrinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; tikilinin istismar təyinatından asılı olaraq, nəqliyyat vasitələrinin saxlanması üçün parklanma yerləri, qarajlar və açıq dayanacaqlar tələb olunan tikinti obyektlərinin növləri, habelə həmin tikinti obyektlərinin parklanma yerləri, qarajlar və açıq dayanacaqlarla təmin olunması normativləri, eləcə də bu normativlərə əməl edilməsi vəziyyətinin, tikilinin yol-nəqliyyat axınına təsirinin və nəqliyyat infrastrukturuna çıxış imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi aktların layihələrini Agentliyin təklifləri əsasında altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    7. Agentliyə tapşırılır ki, Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün; Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş etsin və təftişin nəticəsi barədə 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmanın 7.2-ci bəndi nəzərə alınmaqla avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq etsin və müvafiq işlər görülməsini təşkil etsin; bu Fərmanın 8.2-ci bəndində və 10-cu hissəsində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət qurumlarından elektron qaydada alınmasını təmin etmək üçün zəruri tədbirlər görsün; yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırmaq üçün zəruri tədbirlər görsün; Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formalarını və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin; Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin; Agentliyin dövlət qeydiyyatına alındığı tarixdən 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu barədə məlumat versin.

    Daxili İşlər Nazirliyinə Bakı şəhərinin inzibati ərazisində öz idarəetməsində olan svetoforları üç ay müddətində Agentliyə təhvil vermək, hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 (üç) iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Agentliyə məlumat vermək tapşırılır.

    Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etsin və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görəcək.

    Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat verməldirilər.

    Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • İlqar İskəndərov Yekaterinburqda baş konsul təyin edildi

    İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib.

    Median.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

  • Azərbaycanın Hindistana yeni səfiri təyin edildi

    Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

    Median.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

  • Sabirabad və Salyana 45,3 milyon manat ayrıldı – SƏRƏNCAM

    Azərbaycan prezidenti İlham Əliyev Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində işlərin davam etdirilməsi və sahəsi 11000 hektara yaxın olan qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 45,3 milyon manatı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • 4 rayonda modul tipli məktəb quraşdırılacaq – 4 392 000 manat ayrıldı

    Prezident İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 (dörd milyon üç yüz doxsan iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

    Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

    Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
    1 İsmayıllı rayonu Gəndov kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
    2 İsmayıllı rayonu Girk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
    3 İsmayıllı rayonu Uştaqlışlaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 315 000
    4 Şamaxı rayonu Talışnuru kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 330 000
    5 Şamaxı rayonu Ərciman kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
    6 Şamaxı rayonu Cıraqlı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
    7 Şamaxı rayonu Cabanı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
    8 Şamaxı rayonu Çağan kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
    9 Şamaxı rayonu Laləzar kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 330 000
    10 Şamaxı rayonu Sabirli kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
    11 Qobustan rayonu Şıxzərli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
    12 Ağsu rayonu Sanqalan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
    13 Ağsu rayonu Abasxanlı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
    14 Ağsu rayonu Sarvan kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
    Cəmi 4 392 000

  • Prezident Belarusun baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 2-də Belarus Respublikasının baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

    Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edilib.

    Belarusun baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycanla Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd edib.

    Dövlətimizin başçısı, öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğulayıb və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 2-də Belarus Respublikasının baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonu qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • Azərbaycanın Pakistandakı səfirliyi bəyanat yaydı

    Azərbaycanın Pakistandakı səfirliyi soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb.

    Səfirlikdən verilən məlumata görə, bəyanatda deyilir:

    Bu il Azərbaycan xalqı 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100-cü ildönümünü yad edir.

    Qeyd olunmalıdır ki, erməni şovinistləri və onların dəstəkçiləri Azərbaycan torpaqları, eləcə də Türkiyə və Gürcüstan əraziləri üzərində mifik “Böyük Ermənistan” yaratmaq məqsədi ilə, son 2 əsrdə Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və deportasiya siyasəti həyata keçirmişlər.

    Bu siyasətin başlanğıc nöqtəsi kimi, 19-cü əsrin əvvəllərindən etibarən, İran və Türkiyədən minlərlə erməni ailələri tarixi Azərbaycan əraziləri olan Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər əyalətlərə köçürülmüşdür.

    Özlərinin qeyri-qanuni Azərbaycanlılara qarşı etnik təmizləmə hədəfinin icrası olaraq, ermənilər 1918-ci ilin martında Azərbaycanlıların kütləvi qətlini həyata keçirmişlər. Erməni qoşunları 31 mart, həmçinin 1-2 aprel 1918-ci il tarixində Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə silsiləvi qanlı qırğınlar törətmişlər. Bu soyqırım zamanı, tarixi bina və ziyarətgahlar top atəşinə məruz qalmış, Cümə və Təzəpir məscidlərinin minarələri ciddi zədələnmişdir. Bütün bu günahsız Azərbaycanlılar məhz onların milli və dini mənsubiyyətinə görə qətlə yetirilmişlər. Qiymətli tarixi abidələr, məscidlər, habelə məktəb və xəstəxanalar silahlı erməni millətçiləri tərəfindən dağıdılmışdır.

    Aradan uzun illər keçsə də, o qanlı soyqırım unudulmamışdır. Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti ermənilərin törətdiyi ağır cinayətləri araşdırmaq üçün 1919-cu ild’ “Fövqəladə Təhqiqat Komissiyası təsis etsə də, ADR-in süqutu ilə bu proses dayandırılmışdır.

    Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini yenidən qazanmasından sonra, uzun illər gizli saxlanmış həqiqətlər tədricən aşkara çıxmışdır. Soyqırımdan 80 il sonra, Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, “Azərbaycanlıların Soyqırımı Günü” elan edilən 31 mart günü hər il Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

    1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, müvafiq tədbirlər planı təsdiq edilmiş və icra edilməkdədir.

    Bu soyqırımdan sonrakı dövrlərdə də ermənilərin Azərbaycanlılara qarşı davam edən düşmənçilik hərəkətləri sübut etmişdir ki, erməni şovinistləri öz kin-nifrətlərindən əl çəkməmişlər. Etnik təmizləmə və təcavüz siyasətinin davamı olaraq, Ermənistan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal edərək, 1 milyon Azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Erməni terroristləri 1992-ci ilin fevralın 26-da Xocalıda heç bir fərq qoymadan bütün əhalini qanına qəltan edərək, misli görünməmiş soyqırım törətmişdir.

    BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etmişdir. Buna baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlara məhəl qoymayan Ermənistan tərəfi daim qeyri-konstruktiv mövqe nümayiş etdirərək, regionda sülhün bərqərar olmasına maneələr yaradır.

    Ədalətə nail olmaq, həmin faciələr zamanı qətlə yetirilən şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin funksionallığını təmin etmək məqsədi ilə, Azərbaycan 31 mart – 2 aprel 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş qırğınları soyqırım aktı kimi tanımağa çağırır. Beynəlxalq ictimaiyyət insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq səviyyədə genosid aktı kimi hüquqi-siyasi qiymət verməli və Ermənistana qarşı zəruri sanksiyalar tətbiq etməlidir. Soyqırım törətmiş cinayətkarlar mühakimə edilməli və cəzalandırılmalıdır. Ermənistan Azərbaycanın ərazi bötüvlüyünü təmin etməyə və qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa etməyə məcbur olunmalıdır.//Trend.az