Category: Siyasət

  • Azərbaycan, Türkiyə və Gürcüstan arasında Anlaşma Memorandumu imzalandı – FOTO

    Martın 31-də Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər.

    Media qarşısında çıxışı zamanı Müdafiə naziri general-polkovnik Z.Həsənov bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.

  • Venesuelanın Azərbaycanda səfirliyi açılıb

    Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılıb.

    Məlumata görə, nazirliyin Dövlət Protokol İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.

    Görüşdə Venesuelanın xarici işlər naziri Jorje Arreaza Monzerratın xarici işlər naziri Elmar Məmmədyarova Bakıda səfirliyin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubu təqdim edilib.

    P.Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

    Görüşdə Qoşulmama Hərəkatının aprelin 3-6-da Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Mehriban Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib — FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

    Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış olub.

    Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış ediblər.

  • Zakir Həsənov Türkiyənin Giresun şəhərinə yola düşüb

    Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Giresun şəhərinə yola düşüb.

    Median.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

    Müdafiə nazirlərinin görüşü martın 31-də keçiriləcək.

  • Nazir istefaya çağırıldı – Milli Məclisdə

    Bu gün Milli Məclisin iclasında Xarici İşlər naziri Elmar Məmmədyarovun istefası təklif edilib.

    Parlamentdə nazirin istefasını gündəmə gətirən millət vəkili Fəzail Ağamalı açıqlamasında bildirib ki, bu tələbin səbəbi nazirin fəaliyyətinin qənaətbəxş olmamasıdır.

    “Azərbaycan torpaqları illərdir ki, işğal altındadır. Ermənistan sülh və danışıqlar yolu ilə işğala son qoymaq istəmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı himayə edir, təzyiqlər göstərmir. Elmar Məmmədyarov isə öz fəaliyyəti ilə Ermənistanın işğalçılıq siyasətinə mane ola bilmir. Bu iki amil Azərbaycan torpaqlarının işğaldan sülh yolu ilə azad olunmasına ciddi maneə törədir. Bizim görünən çıxış yolumuz təbii ki, ölkə prezidentinin söylədiyi kimi diplomatiyamızı gücləndirməklə bərabər, iqtisadiyyatımızı daha yüksək səviyyəyə qaldırmaq, potensialımızı artırmaq və güclü ordu yaratmaqdır”, – deputat deyib.

    F.Ağamalı qeyd edib ki, hazırda torpaqlarımızı azad etmək üçüm yeganə çıxış yolu hərbi yola müraciət etməkdir:

    “Elmar Məmmədyarovun 14 illik fəaliyyəti əslində Minsk Qrupunun Ermənistanı himayə etmək siyasətini stimullaşdırmaqdan ibarət olub. Biz ölkə prezidentinin bütün diplomatiyasının Xarici İşlər Nazirliyi səviyyəsində davam etdirilməməsinin şahidiyik. Yəni Elmar Məmmədyarov nazir olaraq daha kəskin şəkildə mövqe ortaya qoymalıdır. Məmmədyarov ola bilsin ki, beynəlxalq hüququ, diplomatik etiketləri yaxşı bilir. Nazirlərin görüşündə Nalbəndyanın sifətindən zəhər yağır, lakin Elmar Məmmədyarov ona baxaraq təbəssüm göstərir. Nalbəndyan sənin torpaqlarını işğal edən ölkənin naziridir. Axı onun üzünə niyə gülürsən?!”

    Millət vəkili vurğulayıb ki, bizə protokol qaydalarından daha çox, ölkə prezidentinin qətiyyətli mövqeyini yüksək səviyyədə həyata keçirəcək XİN rəhbəri lazımdır. Onun yerinə kimin gəlməsi məsələsi isə ölkə prezidentinin səlahiyyətindədir:

    “Elmar müəllimin Azərbaycan xalqı qarşısında ən böyük xidməti o olardı ki, öz təşəbbüsü ilə istefaya getsin.

    Hər halda, mənə elə gəlir ki, çıxışıma əks reaksiya verən olmadı. Real fakta söykənərək bütün bunları dedim. Yeni nə isə bir şey kəşf etməmişəm. Minsk Qrupu həmsədrləri Ermənistanı müdafə edir. Sən niyə onlara qarşı sərt mövqedən çxış etmirsən? Demək istəyirsən ki, bu torpaqlar Ermənistana qalmalıdır? Ayıbdır. Bacarmırsan, kənara dur. Qoy bacaran gəlsin, bu problemin həllində cənab prezidentə kömək etsin. Mən hər zaman dediyimin üstündə dayanıram. Bunu əvvəllər də demişəm, bundan sonra da deyəcəm.

    Vaxtilə Fatma Abdullazadə haqqında da deyirdim ki, bu adam Azərbaycan təhsilinə böyük zərbələr vurur. Sonradan məlumatlar yayıldı ki, filan qədər pulla cinayətə yol verib. Yəni bu cür məmurlardan özləri nəticə çıxarmalıdır. Qardaşım, anam, bacım, xalqa xidmət edə bilmirsənsə, get yerini tap. Prezidentin çağırışlarına cavab verə bilmirsənsə, sənin idarəçilikdə nə işin var? Prezident deyir ki, Azərbaycan işğal olunmuş tarixi torpaqlarına qayıdacaq. Bəs sən nazir bunu niyə dilinə gətirmirsən, nə mane olur?

    Mənim Elmar bəylə şəxsi heç bir problemim yoxdur. Bu dediklərimi hər bir azərbaycanlı düşünür və görür. Mən də millət vəkili olaraq vətəndaşlıq mövqeyimi ortaya qoydum”.//Axar.az

  • XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

    Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

    Nazirlikdən bildirilir ki, Martın 31-i Azərbaycanda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunaraq 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş qanlı qarğının qurbanlarının xatirəsi anılır. “1917-ci ilin oktyabr inqilabından sonra bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdilər və Daşnaksutyun partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdılar. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin etnik erməni olan Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi. Mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksutyun partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi altında Bakı və ətraf ərazilər boyunca Azərbaycanlıları məhv etmək planını hazırladı. Stepan Şaumyanın etirafına görə Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.

    Martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən atəşə tutdular. Sonra, silahlı erməni daşnaklar yalnız etnik mənsubiyyətlərinə görə Azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı amansız qətliam həyata keçirdilər. Bu dövr ərzində erməni-daşnak birləşmələri Bakı şəhərində və ətrafında 20.000-dən artıq günahsız insanı qətlə yetirdilər. Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə məhdudlaşmadı. Qısa zaman ərzində ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdilər. 1918-ci ilin ilk beş ayı ərzində Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Bu kəndlərdən 35-i yer üzündən silinib. Ermənilər həmçinin, Qubada yerli yəhudilərə qarşı qətliam törətdilər. 1918-ci il mart qırğınları Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi. 1918-ci ilin mart hadisələri Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 15 iyul 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Bu komissiyada ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla müxtəlif millətlər və həmin dövrün ən yaxşı hüquqşünasları təmsil olunurdu. Sübutlar əsasında Fövqəladə İstintaq Komissiyası 128 hesabat və layihə hazırlayaraq, dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi qaldırmışdır. Beləliklə, avqustun ortalarına qədər törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi tamamlamağa imkan vermədi.

    Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, 1918-ci ilin mart soyqırımının siyasi qiymətləndirilməsinə davam etdi və ADR-in ədalətin bərpası üçün göstərdiyi səylərini başa çatdırmağı qərara aldı. Faciənin 80-ci ildönümü ərəfəsində Ümummilli lider Heydər Əliyev 31 mart tarixinin matəm günü elan edilməsi barədə fərman imzaladı. Fərman XX əsrin əvvəllərində Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarının siyasi və hüquqi qiymətləndirməsinin aparılması üçün əsas sənəd oldu.

    Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır. 1980-ci illərin sonlarından başlayaraq, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı Soyqırımı da daxil olmaqla, soyqırım aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirir. Mart qırğınının 100 illiyini yad edərək və günahsız qurbanlarının xatirəsini anaraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq”.

  • Suşma Svaraj Bakıya gəlir

    Hindistanın Xarici İşlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək.

    Median.Az APA-ya istinadən verdiyi xəbərə görə, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq.

    Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında da iştirak edəcək.

  • İlham Əliyev Korin Yonkeri qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

    Söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

    * * * * 

    Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • ATƏT/DTİHB-nin prezident seçkiləri ilə bağlı aralıq hesabatı – Açıqlandı

    ATƏT/DTİHB-nin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb.

    Median.Az-ın məlumatına görə, hesabat qurumun rəsmi saytında dərc olunub.
    Hesabatda deyilir: “Azərbaycan hökumətinin dəvəti ilə və fevralın 21-22-də keçirilən qiymətləndirmə missiyasının nəticələrinə əsasən ATƏT/DTİHB martın 9-u prezident seçkilərini müşahidə missiyası yaradıb. Korien Yonkerin rəhbərlik etdiyi missiya Bakıda fəaliyyət göstərən 11 nəfərlik əsas qrupdan və martın 15-dən Azərbaycanda olan 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Missiya üzvləri ATƏT-in 20 üzv ölkəsindən cəlb olunub”.

    Hesabatda qeyd olunur ki, seçkilərin ümumi keçirilməsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) məsuliyyət daşıyır:

    “Zərurət yarandıqda MSK ATƏT/DTİHB-nin müntəzəm olaraq dəvət edildiyi sessiyalar keçirir. Kütləvi informasiya vasitələrinin nümayəndələri bu tədbirlərdə fəal iştirak edir”.

  • İlham Əliyev Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən – istifadə haqqının məbləğini təsdiq edib

    Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə aşağıdakı məbləğlərdə istifadə haqqı tutulur:
    – Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 (on) manat.

    – Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 (altı) manat.

    – Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 (altı) manat.

    Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə (bundan sonra – reyestr) daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını üç ay müddətində müəyyən edib həmin informasiya sistemlərinin reyestrə inteqrasiyası üçün tədbirlər görsün; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    Maliyyə Bazarlarına Nəzarət Palatasına fərmandan irəli gələn məsələləri həll etmək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.