Category: Siyasət

  • Prezident xəstəxana tikintisinə 14,6 milyon manat ayırdı

    Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon (on dörd milyon altı yüz min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

  • Azərbaycan-İran biznes forumu keçirilir – FOTO + YENİLƏNİB

    Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

    Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

    Prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

    Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

    Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.

    * * * * *

    Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.

  • Milli Şura və Müsavat “söyüş müxalifəti” ilə bağlı niyə susur…

    Bəxtiyar Sadıqov: “Başa düşməyənləri başa düşənlər anlatmalıdır”

    Avropadakı “söyüş makinaları”nın qeyri-etik davranışları ölkəmizdə sərt etiraz doğurub. Ən müxtəlif sahələrin təmsilçiləri həmin şəxsləri qınayır, onları tutduqları yoldan geri çəkilməyə çağırırlar.

    Azərbaycan müxalifəti də bu proseslərdən kənarda qalmır. İndiyə qədər əksər siyasi qurumlar öz mövqelərini açıq şəkildə ortaya qoyub, “söyüş müxalifəti”nə yönəlik müraciətlər edib, bütün dəyərləri tapdalayan söyüş mübarizəsinin onların fəaliyyətinə də xələl gətirdiyini vurğulayıblar. Lakin müxalifət düşərgəsində diqqətçəkən iki siyasi qurum var ki, indiyə qədər susqunluq nümayiş etdirir. Bu qurumlar Müsavat Partiyası və əsasən, AXCP-dən ibarət olan Milli Şuradır. Özü də maraqlı olan odur ki, həmin “söyüş müxalifəti”nin əksər təmsilçiləri vaxtı ilə bu iki siyasi qurumun ya üzvləri olublar, ya da bu təşkilatların dəstəyi ilə mühacirətə gediblər. Bu baxımdan Milli Şura və Müsavatın həmin söyüşcül mühacirləri tutduqları yoldan geri çəkilmək üçün edəcəkləri hər bir müraciətin böyük effekt verəcəyi göz önündədir. Lakin görünən odur ki, hər iki müxalif qurum seyrçi mövqedədir.


    “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hər iki siyasi qurumu sərt şəkildə qınadı: “Azərbaycan müstəqillik, demokratik inkişaf yoluna qədəm qoyandan sonra hər zaman müxalifət partiyaları kimi Müsavat və AXCP özlərini ölkənin təəssübkeşi, dövlətin maraqlarının qoruyucuları kimi təqdim etməyə çalışıblar. Lakin son dövr hadisələri onu göstərir ki, Azərbaycanın maraqları, ölkənin beynəlxalq aləmdəki imici ilə bağlı məsələlərdə bunlar sistemli şəkildə öz yaxalarını kənara çəkir, o məsələlərin heç birinə münasibət bildirmək istəmirlər. O yerdəki söhbət Azərbaycanın dəyərlərindən, milli maraqlarından gedir, o halda bunlar həmin dəyərlərin və maraqların qorunmasında nəinki iştirak etmirlər, heç görünmürlər də. O partiyaların keçmiş üzvləridir ki, Avropaya gediblər, orada özlərinə sığınacaq alıblar, yaxşı da qrantlar alırlar. Görünür, o qrantverənlərdir ki, həmin insanlara Azərbaycana qarşı şərəfsiz mövqe tutmaq tapşırığı veriblər, tərbiyəsiz, mənəviyyatsız mövqe tutmağı tapşırıblar. Onlar da həmin tapşırıqları çox həvəslə yerinə yetirirlər. Bütövlükdə baxsaq görərik ki, bu siyasi mübarizə deyil. Onların bu əməlləri heç bir siyasətçinin metodlarına uyğun gəlmir. Adamlar ancaq təhqirlərlə məşğuldurlar.

    Bu şəxslər azərbaycanlı adına yaraşmayan fəaliyyət nümayiş etdirir, azərbaycanlı tərbiyəsinə uyğun gəlməyən ifadələr işlədirlər. Mövqelərini də çox iyrənc şəkildə davam etdirirlər. Bunlara çox təəssüf edirəm. Həmin partiyalar bu məsələlərdə heç olmasa bir bəyanat verib, göstərməli idilər ki, bu siyasi mübarizə deyil, belə mübarizə olmaz, biz bu cür mübarizəni bəyənmirik. Bu qurumlar ən azından keçmiş üzvlərinin hərəkətlərini qınamalı və deməli idilər ki, bu cür hərəkətlər partiyamızın adına başucalığı gətirmir, belə mübarizənin tərəfdarı deyilik. Amma onların susqunluğu göstərir ki, bu cür mübarizəni məqbul sayır, bu mübarizəni öz adlarına layiq bilir, buna görə də, kənara çəkilib seyrçiliklə məşğul olurlar. Demokratiyanın öz prinsipləri, qaydaları var. Hər bir xalqın öz milli-mənəvi dəyərləri, mentaliteti mövcuddur. Başa düşməyənləri başa düşənlər anlatmalı, başa salmalıdır. Əgər bu təşkilatlar susqunluq göstərirlərsə, belə hallardan zövq alırlarsa, elə görünür onlar da bu gün Avropada tərbiyəsiz fəaliyyətlə məşğul olnların tayıdırlar. Susmaqla onların əməllərini bəyəndiklərini nümayiş etdirirlər”./musavat.com

  • Azərbaycanlı millət vəkilinə yeni vəzifə verildi

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin ilk iclasında məsul şəxslər müəyyənləşib

    Martın 28-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin ilk iclası keçirilib.

    Qurumdan verilən məlumata görə, İdarə Heyəti martın 10-da keçirilmiş konfransda seçilib.

    Toplantıda İdarə Heyəti üzvlərinin cavabdeh olduğu sahələr müəyyənləşdirilib. AQC sədri Nüsrət İbrahimovun təklifi ilə 2018-ci il fəaliyyət proqramı, yeni tədris kurslarının təşkili və xərclərin istiqamətləri ətrafında müzakirələr aparılıb və müvafiq məsələlərlə bağlı yekun sənəd qəbul olunub.

    AQC İdarə Heyətinin üzvləri- “Koneko Group” şirkətinin direktoru Vüqar Oruc və “ABAK Az CROWE Ltd” şirkətinin direktoru Zamin Hüseynov AQC sədrinin müavinləri seçilib.

    AQC hüquqi və fiziki şəxslər olan üzvləri üçün üzvlük haqqının məbləğini müəyyən edib.

    Millət vəkili Xanhüseyn Kazımlı Qiymətləndiricilər Şurası, Vüqar Oruc Ekspertiza və Keyfiyyətə nəzarətin təminatı, Zamin Hüseynov xarici əlaqələr, İbrahim Quliyev təlim-tədris, Ramil Osmanlı layihələr, Vaqif Salmanov təşkilati, Fərid Rüstəmov – standartlar, Xəyal İsmayılov hüquqi, Elnur Əsədov əlaqələr üzrə sahələrin cavabdeh şəxsləri müəyyənləşdirilib.

  • Seçicilərin 82,9 faizi İlham Əliyevə səs verəcək

    Bu il aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə bağlı ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” tərəfindən təşkil ediləcək “Exit-poll” öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlanıb.

    Araşdırmanın nəticələrini Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və “AJF&Associates, Inc.” təşkilatının sədri Corc Birnbaum təqdim edib.

    Qeyd olunub ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd Prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub.

    Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5% (952 nəfər) böyük şəhərlərdən, 17,6% (264 nəfər) kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,9% (748 nəfəri) qadın, 50,1% (75 nəfəri) kişi olub.

    Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 30,4 % (456 nəfəri) 18-29 yaş arası (450 nəfəri) – 30% 30-39 yaş arası, 19,5% (292 nəfəri) 40-49 yaş arası, 11,5% (173 nəfəri) 50-59 yaş arası, 5,6% (84 nəfər) 60-69 yaş arası və yalnız 2,9% (44 nəfəri) 70 və daha yuxarı yaşda insanlar olublar.

    Əhalinin Prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Məclisə Seçkilər və ya prezident seçkilərində Siz necə iştirak edirsiniz?” – sualına verilən cavablar aşağıdakı kimi olub.

    Respondentlərin böyük əksəriyyəti – 74,0% (1110 nəfər) “həmişə” seçkilərdə iştirak etdiklərini bildiriblər. 10% (150 nəfər) respondent isə 11 aprel 2018-ci il Prezident seçkilərində “ilk dəfə” iştirak edəcəyini bildirib. 12,6% (189 nəfər) respondent seçkilərdə “bəzən”, yaxud “nadir hallarda” iştirak etdiklərini göstəriblər.

    Anket sorğusunun I blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meylli olma imkanlarını açmağa imkan verir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsə idi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?”

    Sual 8-ə və – “Əgər parlament seçkiləri bu gün keçirilsə idi, hansı partiyanın namizədinə səs verərdiniz?” Sual 9-a alınan cavablar – İlham Əliyev 82,9 % (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının 70,9% (1064 nəfər) respondent tərəfindən, demək olar ki, böyük əksəriyyətlə qeyd edilməsi azərbaycanlıların mövcud hakimiyyətin fəaliyyətindən razı olduqlarını və bu hakimiyyəti dəstəklədiklərini göstərir.

    “Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz?” sualına alınmış cavablar “əla” – 28,9 % (433 nəfər), “yaxşı” – 27,1% (406 nəfər), “orta”–19,9%(299 nəfər)– da gəldiyimiz qənaətin düzgün olduğunu sübut edir.

    Belə ki, bu cavablar hər biri ayrılıqda müsbət cavablardır və ümumiikdə, 75,9% (1138 nəfər) respondentin hazırki hökumətin fəaliyyətini qənaətbəxş qəbul etdiyini deyə bilərik. Sual 10 – “Aşağıdakı fikirlərin doğru olub-olmadığını deyə bilərsinizmi?” – əhalinin müasir hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir.

    Belə ki, alınan cavablar – “Azərbaycanın iqtisadiyyatı güclüdür” – 62, 5% (937 nəfər), “Azərbaycanda söz azadlığı var” – 65% (975 nəfər), “ölkə rəhbərliyi xalqı terrordan qoruyur” – 63,6% (954 nəfər), “biz bir siyasi liderin rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” – 62,5% (938 nəfər), “Azərbaycanda insan hüquqları qorunur” – 62% (930 nəfər), “Azərbaycan regionda sabitlik adasıdır” –63,1% (946 nəfər) əhalinin mövcud iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.

    Bu bloka daxil olan “ Prezident İlham Əliyevə münasibətlə ” bağlı sual 11-ə verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında fikir söyləməyə imkan verir. Belə ki, İlham Əliyevin prezidentlik fəaliyyətinə münasibət olaraq, “iqtisadiyyatı təkmilləşdirir”–58,7% (881 nəfər), “vətəndaşların qayğısına qalır”, “miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır” -61% (915 nəfər), “Azərbaycanı beynəlxalq aləmdə yaxşı təmsil edir”–75% (1125 nəfər), “Ölkəmizin təhlükəsizliyini qoruyur”–60,7% (911 nəfər), miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır–58% (870 nəfər) qeyd edilib.

    “Beləliklə, bilavasitə prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş “exit-poll” öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.

    Aparılmış sosioloji sorğunun nəticələri göstərdi ki, 11 aprel 2018-ci il Prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir.

    Əhali Prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. Inanırıq ki, 11 aprel 2018-ci ildə ölkədə Prezident seçkiləri zamanı keçiriləcək “exit-poll” sorğularının nəticələri apardığımız sosioloji sorğunun nəticələri ilə uyğun olacaq”, – təşkilatçılar bildiriblər./oxu.az

  • Ruhani Azərbaycana gəlib

    Türkmənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşlərini bitirərək Azərbaycanın paytaxtı Bakıya səfər edib.

    ürkmənistanın paytaxtı Aşqabad şəhərinə gedən Ruhani rəsmi təmaslarının ardından bu gün səhər Mərv şəhərində bəzi tarixi yerləri ziyarət edib.

    Dünən Ruhaninin türkmən həmkarı ilə keçirdiyi təkbətək danışıqlar sonrası heyətlər arası görüşlər baş tutub və daha sonra İran və Türkmənistan arasında 13 əməkdaşlıq sazişi imzalanıb.

    Prezident Ruhaninin Azərbaycan səfəri prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşib.

    H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.

    H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

    Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

  • Mədət Quliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

    Prezident İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    “Report” xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

  • Seçkilərlə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

    Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

    Median.Az-ın Sechki-2018.az-a istinadən xəbərinə görə, bura ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçisi və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil.

    Ümumilikdə, 47 ölkənin vətəndaşları Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün MSK-ya müraciət edib.

  • Prezident Bərdədə müşavirə keçirib – YENİLƏNİB

    Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

    Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

    Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söyləyib.

    Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.

    Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

    * * * * *

    Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

    Mədəniyyət mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilir.

    Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söyləyir.

  • “Exit-poll” keçirmək istəyən təşkilatlar MSK-ya müraciət ediblər

    Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün təşkilat MSK-ya sənədlərini təqdim edib.

    Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

    Qeyd edək ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.

    MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə exit-poll keçirmək üçün MSK-ya müraciət edib.