Category: Siyasət

  • İlham Əliyev və xanımı Novruz şənliyində – YENİLƏNİB

    Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.

    Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

    Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

    Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.

    * * * * 

    Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

    Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

    Bahar qız dövlət başçısına səməni təqdim edib.

    Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

    Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

    Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam edir.

  • İlham Əliyev Putini təbrik etdi

    Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.

    Təbrik məktubunda bildirilir.

    “Rusiya Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir.

    Azərbaycanla Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin, bütövlükdə Azərbaycan ilə Rusiya arasında hərtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm.

    Əminəm ki, Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək edəcək.

    Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm”.

  • Seçkiqabağı təşviqat başlayır

    Bu gündən Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır.

    Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

    Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparıla bilər.

    Martın 19-da həmçinin seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması müddəti başa çatır. Təşviqat üçün yerlər dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları tərəfindən ayrılır.

  • Qlobal Bakı Forumu başa çatdı

    “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu martın 17-də işini başa çatdırıb.
    Median.az Azərtac-a istinadən xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Forumun bağlanış mərasimində çıxış edərək bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirib. O, VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldığını söyləyib. Vayra Vike-Freyberqa hər zamankı kimi bu dəfə də Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduqlarını vurğulayıb.

    Moldovanın Prezidenti İqor Dodon tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda bütün dünyada bir çox problemlər mövcuddur. Bu Forum həmin problemlərin həllində mühüm rol oynayacaq. Burada təhlükəsizliyin, sabitliyin əldə edilməsi, xalqlararası və dinlərarası dialoqun təşviqi ilə bağlı önəmli məsələlər müzakirə olunub.

    İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta da Forumun işinin uğurlu olduğunu deyib. Bildirib ki, bu Forum ölkələrarası münasibətlərin inkişafına, sülhün bərqərar olmasına layiqli töhfə verəcək. “Bu tədbirdə biz öz təcrübələrimizi və ideyalarımızı bölüşdük. Bu kimi tədbirlər gələcəkdə davam etməlidir. Burada iş adamlarının da iştirakı təmin edilməlidir”, – deyə o əlavə edib.
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov VI Qlobal Bakı Forumunun işini böyük müvəffəqiyyətlə başa vurduğunu deyib. O əlavə edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı gündən bu vaxtadək qısa zaman kəsiyində böyük uğurlara nail olub.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin qeyd edib ki, inklüziv cəmiyyətlərin formalaşmasında bu tədbirin xüsusi əhəmiyyəti var. Forumda səslənən dəyərli fikirlər, təkliflər təşviq edilməli, buradakı mesajı liderlər öz ölkələrinə çatdırmalıdırlar.

    Bununla da VI Qlobal Bakı Forumu öz işini başa çatdırıb.

  • Prezident büdcədən 2 milyon manat ayırdı

    Prezident İlham Əliyev Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median,az-ın məlumatına görə, sərəncamda qeyd olunub ki, ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xarici bazarlarda satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, bu sahədə maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni təmin etmək məqsədilə Füzuli rayonunun Horadiz qəsəbəsində, Şəmkir, Quba, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ və Tovuz rayonlarında xalça istehsalı emalatxanalarının istismara verilməsi nəticəsində 1600 yeni iş yeri yaradılıb.

    Sərəncamla Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • “Forbes” jurnalı: Azərbaycan böyük mərkəzə çevrilir – VİDEO

    Amerikanın “Forbes” nəşri internet səhifəsində Azərbaycanın da böyük töhfələr verdiyi Böyük ipək Yolunun əhəmiyyəti ilə bağlı məqalə yerləşdirilib. Median.az xezerxeber.az-a istinadən bildirir ki, “5 Yeni ipək yolu layihəsi dünyanın necə işlədiyi barədə fikirlərinizi dəyişəcək” adlı məqalədə qeyd olunur ki, tarixi ipək yolu Avropa və Asiyanı birləşdirən və keçdiyi bütün ölkələrin iqtisadi inkişafına böyük təkan verəcək.

    Belə ki, dünya əhalisinin 65 faizi, enerji resurslarının 75 faiz və dünyada istehsal olunan ümum daxili məhsulun 40 faizi Avrasiya regionunun payına düşür. İpək yolu Çindən Avropanın ən ucqar nöqtələrinə qədər daşınmaları həyata keçirəcək dünyanın ən önəmli iqtisadi və siyası koridoru adlandırılıb.

    Böyük İpək yolunu üzərində olan Yunanıstanın Piraus limanının rolu xüsusilə qabardılır. Çinlilər tərəfindən alınan bu liman genişləndirilib və bundan sonra Asiyadan gələn konteynerlərin həcmində 70 faiz artım müşahidə olunduğu qeyd olunub.

    Məqalədə Böyük İpək yolunun quruda ən böyük terminalı hesab edilən Qazaxıstan və Çin sərhəddində yerləşən Korqos quru limanından da bəhs edilib. Səhmlərinin 49 faizi Çinə məxsus olan bu limanın qısa zaman ərzində yüksək texnologiyalarla genişləndiriləcəyi, iş adamlarının bura vizasız girişinin təmin ediləcəyi və bizneslə heç bir maneə olmadan məşğul ola biləcəyi bildirilir. Bunları etmək üçün isə artıq Çindən 200 min insanın bu nəhəng limanın böyüdülməsinə cəlb ediləcəyi planlaşdırılır. Korqos limanı şərqdən ipək yolunun qapısı hesab olunur.

    Əlbətdə ki, bütün layihələrin içərisində Azərbaycanın da önəmi böyükdür. Çünki şərqdən gələcək bütün mallar, məhsullar məhz Azərbaycanın Ələt limanı vasitəsilə və Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Avropaya daşınacaq. Bu isə Azərbaycanın təkcə regionda deyil, eləcə də dünyada əhəmiyyətinin daha da artacağından xəbər verir.

  • Oqtay Əsədov: “Krediti dollarla vermişik” yox, “almışıq” deyək

    Oqtay Əsədov: “Krediti dollarla vermişik” yox, “almışıq” deyək

    Dollarla verilən kreditlər məsələsinə hökumət strukturlarında baxılır.

    Bunu spiker Oqtay Əsədov parlamentdə hökumətin hesabatı zamanı bəzi deputatların əhalinin dollarla olan kreditlərlə bağlı problemini qaldırmasına münasibətini bildirərkən deyib.

    O, bu məsələdə deputatlara öz tövsiyəsini də verib:

    “Krediti dollarla vermişik” deməyək. Bu, pis çıxır. “Krediti dollarla almışıq” deyək. Bu məsələdə diqqətli olaq”.

  • İlham Əliyev əhalinin sığorta borclarını sildi

    Prezident İlham Əliyev məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında qanunun təsdiqlənməsi haqqında fərman imzalayıb.

    Median.az xəbər verir ki, qanunda bildirilir ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

    Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

    Qanun nəzərə alınmaqla, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

    – sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

    – sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

    – sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

    Yekun müddəada qeyd olunur ki, qanunun maddələrinin ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

    Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir.

  • Ramil Usubovdan ƏMR: Bu polis bölmələri şöbə oldu

    Bakının yeddi polis bölməsinə şöbə statusu verilib.
    Median.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

    Şöbə statusu alan polis bölmələri aşağıdakılardır:

    Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi

    Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi

    Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi

    Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi

    Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi.

  • Prezidentin saytı yeni dizaynda

    Azərbaycanın dövlət başçısının rəsmi saytı olan president.az yeni dizayn və genişlənmiş məzmunla oxucuların ixtiyarına verilib.

    Sayt müasir veb-dizayn trendinə uyğun olaraq, sadə, zövqlü, eyni zamanda maksimum rahat oxunmanı təmin edən tərzdə yığılıb. Dizaynda iri şriftlərdən istifadə olunması lazımi materialların asanlıqla gözə çarpmasına imkan yaradır.

    Hazırda internet istifadəçilərinin mobil qurğulardan çox istifadə etdiyi nəzərə alınaraq, prezidentin saytının smartfonlar üçün də mobil (adaptiv) versiyası yaradılıb. Bu, sayta smartfonlardan girənlərin rahat şəkildə materiallarla tanış olmasını təmin edir.

    Dizayndan əlavə, saytın məzmununda da yeniliklər var. Prezidentin tvitləri sayta yerləşdirib, yeni fotolar əlavə olunub, Qarabağ danışıqlarıının tarixi ilə bağlı geniş materiallar qoyulub. Köhnə versiyadan qalan ənənəvi imkanlar (Prezidentə məktub yazmaq, qəbula yazılmaq və s.) daha rahat şəkildə və gözəl dizaynla istifadəçilərə təqdim olunub.

    Sosial şəbəkələrin populyarlığı nəzərə alınaraq, sayt prezidentin bütün sosial şəbəkə hesabları ilə (facebook, twitter, instagram, youtube) tam inteqrasiya edilib. Həmçinin digər dövlət orqanlarının saytlarına keçidlər qoyulub ki, istifadəçi asanlıqla özünə lazım olan bütün məlumatları əldə edə bilsin. Saytda yerləşdirilən F.A.Q. (tez-tez soruşulan suallar) bölməsi də həmçinin bu məqsədə xidmət edir.

    Nəticə: Prezidentin rəsmi saytının yenilənmiş versiyası həm müasir veb-dizayn gözəlliyinə malikdir, həm də vətəndaşlara imkan verir ki, dövlət başçısınnı fəaliyyəti haqqında məlumatları daha rahat, asan və dolğun şəkildə əldə edə bilsinlər.