Category: Siyasət

  • “Bəzi azərbaycanlılar düşmənlərimizin sırasında dayanıblar” — Əli Həsənov

    “Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir”.
    Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində yazıb.

    Ə.Həsənov qeyd edib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Cümhuriyyətimizin yubileyi dövlət səviyyəsində qeyd ediləcək, il ərzində həm Cümhuriyyət, həm Cümhuriyyət dövrü təsis edilmiş ayrı-ayrı qurumlar, həm də Cümhuriyyətimizin qurucuları ilə bağlı silsilə tədbirlər keçiriləcək.

    Müsəlman Şərqində respublika üsuli-idarəsinə söykənən ilk demokratik dövlətin, dini, irqi, sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, dünyəviliyə, liberalizmə sadiq bir icmanın tarix səhnəsinə daxil olması keçmişimizin qürurverici dövrüdür. Müsəlman Şərqi və Şərqi Avropada qadınlara ilk dəfə bərabər hüquqları tanıyan, Şərqdə ilk əlifba və dil islahatı aparan, seçki sistemini liberallaşdıran, ilk yeni teatr və müasir musiqi ənənəsi yaradan və digər ilklərə imza atmış ölkə və etnos olmağımızla necə fəxr etməyək?! Amma Cümhuriyyət sadəcə hüquqi varislik deyil, biz Cümhuriyyətimizin, onun qurucularının mənəvi irsinə varisliyi də bacarmalıyıq. Yalnız dövlətimiz o zaman təsis edilmiş rəsmi qurumların davamçıları deyil, insanlarımız da o böyük irsin, Cümhuriyyət qurucularının mənəvi keyfiyyətlərinin daşıyıcıları olmalıdır”.

    Prezidentin köməkçisi əlavə edib ki, qurucu ata-babalarımızın həm Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində sərgilədiyi fəaliyyət, həm də Cümhuriyyətin süqutundan sonra mühacirət dövründəki Vətənə, milli dövlətçilik ideallarına sədaqətli xidmət nümunələri mənimsənilməsi vacib olan nümunəvi irsdir:

    “Məsələn, Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin süqutundan keçən illər ərzində çəkdiyi məşəqqətlərə, düçar olduğu çətinliklərə, düşdüyü maddi sıxıntılara baxmayaraq, cəmi 23 ay yaşamış AXC-yə sədaqətini ömrünün sonunadək qoruyub saxlamışdır. Hərçənd şirnikləndirici təkliflər yetərincə idi. Hələ XX əsrin əvvəllərində qonşu ölkələrdən biri ona hüquqi təhsilinə uyğun olaraq ən yüksək post-nazir postu da təklifi etmişdi.

    Bu və ya digər səbəblərdən Vətəndən uzaq düşmüş çoxsaylı həmvətənlərimizin əksəriyyəti keçmiş illərdə və günümüzdə bəhs olunan müsbət ənənəni yaşatsa da, təəssüf ki, heç də hamı haqqında eyni fikirləri söyləmək mümkün deyil. Bəzən bu və ya digər yüksək postu tutmaq müqabilində deyil, sadəcə “komfortlu iaşə obyektindən istifadə imkanı” qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlar da tapılır”.

    Ə.Həsənov sual edir: “Daha komfortlu iaşə obyektlərindən istifadəni reklam etmək, bu və ya digər kuluarlarda, kulislərdə görünmək, doğrudanmı, insanları Qərb dəyərlərinin, liberalizmin, müasirliyin simvoluna çevirir? Özünü Qərb dəyərlərinin daşıyıcı olduğuna inandırmaq milli idealları, dəyərləri, dövlətçiliyi, milli savaşı inkar etməyə əsas verirmi? Komfortlu iaşə obyektlərinin üzərinə şüarlar yazıb, şəkil yapışdırmaq, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə insanı azadlıq mücahidinə çevirirmi?
    Yaxın Şərq coğrafiyasında son 10 ildə yaşananlara nəzər salın. Guya hakimiyyətə qarşı mübarizə adı ilə səfərbər olunub antimilli, ekstremist düşərgədə yer alan, əllərində silah doğma vətənlərinin yerlə-yeksan edilməsində həlledici qüvvə kimi istifadə olunan vətəndaşlardan xəbəriniz yoxmu məgər?”

    O qeyd edib ki, hazırlandıqları xüsusi düşərgələrdəki komfortlu iaşə obyektlərinə aldanan belə şəxslər öz doğma yurdlarını xarabazarlığa çevirir, doğmalarına komfortsuz həyatı belə dar edirlər. Bütün bu dəhşətləri görmək və müvafiq nəticə çıxarmaq üçün heç də alim, siyasətçi olmağa ehtiyac yoxdur:

    “Qərbdə formalaşdırılaraq inkişaf perspektivi olan və Avropanın durğun cəmiyyətinə dinamika nümunəsi göstərən müsəlman ölkələrinə qarşı son illərdə istifadə edilən neçə-necə məkrli ssenariləri, çirkin planları, dəhşətli vətəndaş müharibələrini görmürsünüzmü?!”

    Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti öz təhlükəsizliyini bərqərar edərək, coğrafiyamızın sabitlik adasına çevrilib: “İndi bu sabitliyin qəsdinə duranlara, ölkəmizə qarşı istənilən formada mübarizə aparmağa hazırlaşanlara, hətta əllərinə silah alaraq ölkəmizi dağıtmağa belə hazır olanlara üzümü tutaraq sual edirəm: onlarla, yüzlərlə qohum-əqrəbanız sabah Yaxın Şərq və Şimali Afrika ölkələrinin qaçqınlarının nümunəsində sizin məskunlaşdığınız o dövlətlərə üz tutsalar, özünüzü necə hiss edəcəksiniz? Yaxud da “PYD”, “İŞİD” və sairə adlarla silahlandırılaraq qruplaşdırılan dəstələrin sırasında öz ölkənizin sərhədlərini adlayaraq doğulduğunuz, yaşadığınız yurdu yerlə-yeksan etmək missiyası sizə həvalə ediləndə özünüzü necə hiss edəcəksiniz?

    Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s. Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz? – Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək. Nə olardı, heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət və izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz. Belə bir deyim var: “İnsanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərinin dili ilə danışırlar”.

    Tələbəlik illərindən xatirimdə qalan bir hadisəni danışmaq istəyirəm. Cimmi Karter 1980-ci illərin prezident seçkilərində aktyor Ronald Reyqana məğlub olmuşdu və bir müddət sonra Moskvaya gəlmişdi. O zaman rus jurnalistindən birinin ona ünvanladığı opponenti və ABŞ-ın seçki sistemi haqqındakı yönəldici sualına bilirsinizmi o hansı cavabı vermişdi. O söyləmişdi ki, “mən rəqibimlə öz siyasi mübarizəmi ABŞ-da aparıram, xaricdəsə amerikalıyam və ABŞ-ın maraqlarını təmsil edirəm”.

    Ə.Həsənov vurğulayıb ki, bu gün İlham Əliyevin təmsil etdiyi hakimiyyətə qarşı opponentlik edənlər öz mübarizələrini sərbəst formada Azərbaycanda – yerli informasiya resurslarında, sanksiyalaşdırılmış aksiyalarda, parlament tribunalarında aparırlar: “O mübarizənin sərtliyi heç də iaşə müxalifətçiliyindən daha aşağı tonda deyil. Amma buna görə kimsə təqib olunmur, 25 illik müxalifət yenə də öz ampluasındadır və yoluna davam edir. Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün bizim mili davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayanıblar. Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur – eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir. Bu, sadəcə bir fərdin və onun mənsub olduğu ailənin problemi deyil, belələri anti-Azərbaycan dairələrin əlində alətə çevrildikləri üçün bütün xalqımızın problemidir. Bu problemin çözümü ilə ilk növbədə ailələr və xaricdə yaşayan, Vətən əxlaqını qoruyan, Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır”.

  • İlham Əliyev xəstəxana tikintisinə 7,5 milyon manat ayırdı

    Azərbaycan prezidenti İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

  • ATƏT PA-nın müşahidə missiyasının koordinatoru Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb

    ATƏT-in Parlament Assambleyasının (PA) qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb.

    “Report”un xəbərinə görə, görüşdə prezidentliyə qeydə alınan namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, prezidentliyə qeydə alınan namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli, prezidentliyə qeydə alınan namizəd Araz Əlizadə, prezidentliyə qeydə alınan namizəd Fərəc Quliyev, prezidentliyə qeydə alınan namizəd Razi Nurullayev, prezidentliyə qeydə alınan namizəd Zahid Oruc, prezidentliyə qeydə alınan namizəd Hafiz Hacıyev və prezidentliyə namizədlər Əli Əliyev, Sərdar Cəlaloğlu və Tural Abbaslı iştirak ediblər.

    Prezidentliyə namizəd Tural Abbaslı “Report”a açıqlamasında deyib ki, görüşdə Azərbaycandakı seçki vəziyyəti müzakirə olunub, bu istiqamətdə fiki mübadiləsi aparılıb: “Koordinator Azərbaycandakı seçki mühiti ilə bağlı fikirlərimizi soruşdu, bu istiqamətdə müzakirələr apardıq. Koordinator bildirdi ki, seçkilərin müşahidəsi obyektiv şəkildə həyata keçiriləcək”.

    Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası hələlik T.Abbaslının, S.Cəlaloğlunun, Ə.Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxmayıb.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

  • Azərbaycanda “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

    Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib.

    “Report” xəbər verir ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Azərbaycan artıq ixrac potensialını formalaşdırıb və yeni bazarlar axtarır.

    “Bu baxımdan dövlət xidmətlərinin elektronlaşdırılması vacib məsələdir. Bu, xərclərin azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradır. Portala 13 dövlət qurumunun 23 şöbəsi cəlb edilməlidir”, – o qeyd edib.

    Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda iş adamlarına 5 311 lisenziya verilib və bunun 51%-i yeni lisenziyalardır.

  • Mehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz – Rəsmi

    Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimidörd min köçkün ailəsi yeni evlərə köçürüləcək

    “Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb”.

    APA-nın məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

    Ə. Həsənov nəzərə çatdırıb ki, keçən il 2300 ailə – 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, bu il isə ən azı 20 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezidentin də fəaliyyətinin prioritetidir.

    Bakı və Sumqayıt şəhərlərindəki digər qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də Mehriban Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Ə. Həsənov bir daha diqqətə çatdırıb ki, dövlət başçısının da, ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək: “Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir”.

    Ə. Həsənov baş nazirin müavini, YAP sədrinin müavini səlahiyyətləri çərçivəsində işğal altında olan rayon icra hakimiyyəti başçılarına məcburi köçkünlərlə mülayim davranmaq, onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara lazımi xidmətləri göstərmək, səlahiyyətləri çərçivəsində məcburi köçkünlərin problemlərinin həllinə nail olmaq göstərişlərini də verib.

  • İlham Əliyev Gənclər Fondunun yeni rəhbərliyini təyin etdi

    Fərid Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib

    Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

    Müşahidə Şurasının sədri

    Məmmədəliyev Yusuf Ülfət oğlu — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

    Müşahidə Şurasının üzvləri

    Babayev İntiqam Vaqif oğlu — Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Qurbanov Firudin İsa oğlu — Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Səmədov Nazim Adil oğlu — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

    Kərimli Mətin İmdad oğlu — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

    Hüseynov Seymur Elşad oğlu — Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

    Orucov Seymur Vaqif oğlu — “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

    Seyidov Mirhəsən Mirheydər oğlu —“İrəli” İctimai Birliyinin sədri

    Hümbətov İlham Gürşad oğlu — “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

  • İlham Əliyev Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı sərəncam verdi

    Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Avropa Şurasının baş katibi Azərbaycan prezidentinə məktub göndərdi

    Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

    “Median.Az”ın məlumatına görə, məktubda deyilir:

    “Möhtərəm Prezident. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni dərindən kədərləndirdi. Avropa Şurası adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına başsağlığı verirəm. Avropa Şurası belə bir kədərli vaxtda Azərbaycan xalqının yanındadır”.

  • Daxili Qoşunlara yeni qərargah rəisi təyin edildi — FOTO

    Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

    “Median.Az”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini – Qərargah rəisi təyin edilib.

    Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.


  • ATƏT PA sədri İlham Əliyevlə danışıqlarda

    Prezident İlham Əliyev martın 12-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.