Category: Siyasət

  • Azərbaycan və İran arasında viza rejimi sadələşdiriləcək

    Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər.

    Median.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

    Çıxışında iranlı nazir regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

    “Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır. Bu əlaqənin ən vacib sahələrindən biri tranzitdir. Biz Fars körfəzini Hind okeanı və Qara dənizlə birləşdirəcək ən sərfəli marşrut yaratmağa qadirik. Enerji və turizm sahəsində də imkanlar mövcuddur”.

    Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

    Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.

  • Binəli Yıldırım Ermənistanı hədələdi — “Qarabağa terrorçu yerləşirsə, cavabı olacaq”

    Türkiyənin baş naziri Bakıda keçirilən VI Qlobal Forumda iştirak edib.

    Median.az xəbər verir ki, Binəli Yıldırım Ermənistanın işğal etdiyi Azərbaycan bölgələrinə PKK terrorçularının yerləşdirildiyi iddiasına cavab verib:

    “Əgər Azərbaycana və ya Türkiyəyə terror təhlükəsi varsa, cavabı olacaq”.

    Baş nazir Ermənistana PKK iddiaları ilə bağlı təhdid ünvanlayıb:
    “Türkiyə və Azərbaycan terrora qarşı birlikdə mübarizə aparır. Qarabağa terrorçuların yerləşdirilməsi nəticəyə təsir edə bilməz. Əgər dost və qardaş Azərbaycana ya da Türkiyəyə qarşı terror təhlükəsi olsa, cavabı olacaq”.

    “Qarabağ məsələsində Azərbaycan haqlıdır. Azərbaycanda bir soyqırım həyata keçirilib. Ermənistan bunun cavabını almalıdır. Burada terrorçuların yerləşdirilməsinə icazə vermək olmaz”, – deyə Yıldırım əlavə edib.

  • BMT: Ermənistan regionun ən bədbəxt ölkəsidir

    Dünyanın ən xoşbəxt ölkələri reytinqində Ermənistan 129-cu yeri tutub. Bu ölkə 2017-ci illə müqayisədə öz mövqelərində 8 pillə geriləyib.
    Bu barədə məlumat BMT-nin Beynəlxalq Tədqiqat Qrupunun hazırladığı dünya xalqlarının rifah vəziyyəti ilə bağlı “Dünya Xoşbəxtlik Hesabatı — 2018” adlı illik hesabatında qeyd olunub.

    Reytinq bəlası və ya mətbuat məcburi köçkün ailəsinin dərdinə necə dərd qatdı
    Tədqiqat dünyanın 156 ölkəsi arasında həyat tərzi, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.

    Qonşu Gürcüstan Ermənistandan cəmi bir pillə yuxarıdadır və 128-ci yeri tutur. Regionun digər ölkələrinin yerləşdiyi pillələr isə belə sıralanır: Azərbaycan — 87, İran — 106, Türkiyə — 74, Rusiya 59-cu yerdə qərarlaşıb. Rusiya ötən illə müqayisədə 13 pillə geriləyib.

    MDB məkanının ən “xoşbəxt” ölkəsi Özbəkistandır. O, xoşbəxtlərin siyahısında 44-cü yeri tutur. Ən bədbəxt ölkə isə Ukraynadır (138-ci yeri tutur).

    Dünyanın ən xoşbəxt ölkəsi Finlandiyadır. O, öz qonşusu Norveçi 2-ci sıraya “itələyib”. “Xoşbəxt ölkələr”in ilk onluğunda daha sonra bu ölkələr yer alır: “Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya.

    Dünyanın ən bədbəxt ölkəsi kimi isə 2018-ci ildə Afrikanın Burundi Respublikası qəbul olunub.

  • Sekuta Bakıdakı diplomatik missiyasını başa vurur

    ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mart ayının sonunda Bakıdakı diplomatik fəaliyyətini başa vurur.
    Femida.az bildirir ki, bunu Trend-ə sorğusuna cavab olaraq səfirlikdən bildiriblər.

    Səfirlik qeyd edib ki, Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxamağa qərar verib:

    “Onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirirlər. Sekuta bildirir ki, ABŞ-ın səfiri olmaq onun üçün çox böyük bir şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir”.

  • Prezident İlham Əliyev Angela Merkeli təbrik etdi

    Prezident İlham Əliyev Angela Merkeli təbrik etdi

    Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə təbrik məktubu göndərib.

    Median.az azertac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    Hörmətli xanım Federal Kansler,

    Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.

    İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

  • Prezident İlham Əliyev yeni medal təsis edilməsi ilə bağlı qanunu təsdiqləyib

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

    “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:

    “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı.”.

    Maddə 2. “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin.

    Maddə 3. “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin.

  • Prezident UNESCO-nun səfirinə “Dostluq” ordenini təqdim edib – FOTO

    Azərbaycan prezidenti İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

    Görüşdə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.



  • İlham Əliyev Darxan Kıdırəliyə “Dostluq” ordeni verdi

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 15-də Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordenini təqdim edib.

    Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

  • Prezident: “Azərbaycanda dözümlülük həyat tərzidir”

    “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu təşkil edilib. Qısa zamanda bu təsisat mühüm platformaya çevrilərək, qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə imkan yaradır”.

    Median.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışında deyib.

    Dövlət başçısı bildirib ki, tədbirdə iştirak etmək üçün 50-dən çox ölkədən nümayəndə Azərbaycana gəlib: “500-dən artıq qonağımız var. Onların arasında 47 ölkənin hazırkı dövlət və hökumət başçıları, siyasətçilər, tanınmış alimlər, ziyalılar, həmçinin vətəndaş cəmiyyətinin fəalları var. Əminəm ki, bu tədbir çərçivəsində biz beynəlxalq münasibətlərin gündəliyinin ən vacib məsələlərini müzakirə edəcəyik. Bilirəm ki, biz təhlükəsizliyi, sabitliyi bütün dünyada təmin etmək üçün tövsiyələr irəli sürəcəyik. Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlər əməkdaşlığa xidmət edir, boşluqları aradan qaldırmağa zəmin yaradır”.

    “Məqsədimiz sabitliyin, təhlükəsizliyin xalqlar arasında qarşılıqlı birgə yaşamanın gücləndirilməsinə yönəlib. Azərbaycanda dözümlülük həyat tərzidir”, – dövlət başçısı əlavə edib.

  • İlham Əliyev yeni qurum yaratdı – “ASAN Xidmət”ə əlavə səlahiyyətlər verdi

    Femida.az xəbər verir ki, fərmanda deyilir ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olub, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilib.

    Bununla belə, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir:

    “Bununla əlaqədar bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

    1.1. elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirsin;

    1.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;

    1.3. “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;

    1.4. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil etsin;

    1.5. elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B – government to business), biznes-dövlət (B2G – business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;

    1.6. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.8. “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.9. bu Fərman ilə verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

    2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

    3. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilsin.

    4. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

    5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

    5.1. bu Fərmanın 3-cü hissəsində müəyyən edilən tapşırığın icrasını üç ay müddətində təmin etsin;

    5.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin data mərkəzdə saxlanılmasının effektiv təşkili üçün tədbirlər görsün;

    5.3. “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.

    6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, o cümlədən qanunvericiliyi təhlil edərək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

    8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı maliyyə məsələlərini həll etsin.

    9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.