Category: Siyasət

  • Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu

    30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.

    Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Azərbaycan MN: “İrandan Türkiyə ərazisinə ballistik raket buraxılmasını qətiyyətlə pisləyirik”

    “İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik”.

    Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir.

    “Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik”, – deyə məlumatda qeyd olunub.

  • Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

    Hindistan İranda olan vətəndaşlarının təhlükəsiz təxliyəsi ilə bağlı Azərbaycana təşəkkür edib.

    Bununla bağlı Hindistanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

    “İrandan Hindistan vətəndaşlarının təhlükəsiz tranzitini təmin etdiklərinə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığımızı bildiririk”, paylaşımda deyilir.

  • İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

    Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rasim Balayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

    Median.Az AZƏRTAC-a istinadən nekroloqun mətnini təqdim edir:

    “Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

    Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969-1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

    Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.

    “Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.

    Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.

    Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

    Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.

    Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

    Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

    Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Adil Kərimli

    Polad Bülbüloğlu

    Anar Rzayev

    Hacı İsmayılov

    Şəfiqə Məmmədova

    Oqtay Mirqasımov

    Fəxrəddin Manafov”.

  • Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı – “Sistemli və amansız cinayətlər törədilib”

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

    Median.Az həmin bəyanatı təqdim edir:

    “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilib.

    1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olub, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşüb.

    Bu hadisələr xalqımızın tarixi yaddaşında silinməz izlər qoyub. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə həyata keçirilmiş kütləvi qətliamlar həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin tarixi mövcudluğunu aradan qaldırmağa yönəlmiş məqsədli siyasətin tərkib hissəsi olub.

    1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasında 110, Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 115, Qars vilayətində 98, Quba qəzasında isə 167 kənd yandırılaraq viran edilib, dinc və müdafiəsiz əhali misli görünməmiş qəddarlıqla qətlə yetirilib. Həmin dövrdə törədilmiş qırğınların miqyasını və amansızlığını Quba şəhərində sonradan aşkarlanmış kütləvi məzarlıq və çoxsaylı insan qalıqları əyani şəkildə təsdiqləyir. Bu faktlar insanların yalnız milli mənsubiyyətinə – azərbaycanlı olduqlarına görə sistemli şəkildə hədəfə alındığını və kütləvi şəkildə qətlə yetirildiklərini açıq şəkildə göstərir.

    Arxiv materialları, tarixi sənədlər və digər mötəbər mənbələr bu faciələri danılmaz sübutlarla təsdiq edir. Sağ qalan şahidlərin ifadələri və digər hüquqi sənədlər qətliamların geniş miqyasını ətraflı şəkildə əks etdirir, hadisələrin təsadüfi xarakter daşımadığını, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirir. Aparılmış araşdırmalar və hüquqi təhlillər törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir.

    1918-ci ilin mart-aprel hadisələri zamanı mülki əhalinin milli və dini mənsubiyyətinə görə sistemli şəkildə qətlə yetirilməsinə və soyqırımı cinayətlərinə beynəlxalq miqyasda təəssüf ki, hələ də ədalətli mövqe bildirilməyib.

    Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib, soyqırımı faktlarına siyasi-hüquqi qiymət verilməsi, eləcə də tarixi həqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb.

    Beynəlxalq səviyyədə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin tanınması və ədalətin bərpası gələcəkdə insanlıq əleyhinə belə cinayətlərin təkrarlanmaması baxımından çox mühümdür.

    Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə beynəlxalq təşkilatlar və BMT-nin üzv dövlətləri prinsipial mövqe bildirməli və 1918-ci il hadisələrini soyqırımı kimi tanımalıdırlar”.

    Bəyanat BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • İrandan Azərbaycana indiyədək 3 094 şəxs təxliyə olunub

    İrandan fevralın 28-i saat 8:00-dan martın 30-u saat 10:00-dək Azərbaycana ümumilikdə 3 094 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 536 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 728, Rusiyanın 354, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 196, Omanın 80, İndoneziyanın 68, İranın 57, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 24, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 11, Belarusun 11, Böyük Britaniya, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliyanın 9, Sudanın hərəsinin 8, Venesuela 7, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstan, Vyentam, Finlandiya, Qırğızıstanın hərəsinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

  • Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi

    “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm”.

    Bunun İranın xarici işlər naziri Abbas Əraqçi öz “X” səhifəsində yazıb.

    O, çətin günlərdə nümayiş etdirilən bu dəstəyin, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykəndiyini bildirib.

  • İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışı münasibətilə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Sizi əlamətdar hadisə – Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

    Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.

    Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

    Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.

    Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.

    Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.

    Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.

    Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.

    Teatra yeni yaradıcılıq uğurları arzulayıram”.

  • Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi

    Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, təntənəli tədbir Beynəlxalq Teatr Günündə baş tutub.

    Mərasimdə videoformatda çıxış edən Rusiya dövlət başçısı bu incəsənət sahəsinə bağlı olan bütün şəxsləri, rejissor heyətindən tutmuş tamaşaçılara qədər hər kəsi Beynəlxalq Teatr Günü münasibətilə təbrik edib.

    Rusiya rəhbəri əminliklə vurğulayıb ki, Dərbənddə yenilənmiş teatr binasının istifadəyə verilməsi həm Dağıstanın, həm də bütün ölkənin mədəni həyatında mühüm hadisəyə çevriləcək. O cümlədən, bu açılışın qonşu Qafqaz dövlətləri üçün də xüsusi önəm daşıdığı diqqətə çatdırılıb.

    Vladimir Putin xüsusi olaraq qeyd edib ki, Moskva və Bakı arasındakı əlaqələr müştərək tarixi köklərə, o cümlədən zəngin mədəni irsə əsaslanan möhkəm bünövrə üzərində irəliləyir.

  • Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

    Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.