Category: Siyasət

  • İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncam ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə imzalanıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Dövlət Proqramının “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində əhatə olunmasını təmin etməli, dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmasını, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunmasını təmin etməlidir.

    Bundan başqa, hökumət Dövlət Proqramında “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün “xammal-emal-son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulmasını təmin etməlidir:

    1. elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 tona çatdırılması;

    2. alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması.

    Eyni zamanda Nazirlər Kabineti Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsini təmin etməli, metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı tədbirlər görməli, bu Sərəncamın 1.4-cü bəndində nəzərdə tutulan layihələrin, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidir.

    Hökumət bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin:

    1. aktivlərinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsini təmin etməlidir;

    2. kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və “Azərbaycan Alüminiumu” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görməlidir;

    3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

    Qeyd edək ki, Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

    Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilmiş, müasir emal infrastrukturu qurulmuşdur.

    Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirmişdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.

    Eyni zamanda, mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət−özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsi zəruridir.

    Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır.

  • Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib

    Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Kubanıçbek Omuraliyev Azərbaycana səfərə gəlib

    Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.

  • Şimali Kiprin baş naziri Azərbaycana səfərə gəlib

    Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Ceyhun Bayramovla Maksim Prevo arasında telefon danışığı olub

    Martın 31-də Belçika baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Telefon danışığı zamanı, Yaxın Şərqdə cari təhlükəsizlik vəziyyəti, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlər, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

    Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Belçikalı nazir bununla yanaşı, İran ərazisindən Naxçıvan istiqamətinə dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib. Eyni zamanda, Belçika vətəndaşlarının İrandan təxliyəsinin təmin olunmasına yaradılmış şəraitə görə ölkəmizə təşəkkür bildirilib.

    Nazirlər o cümlədən, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.

    Tərəflər Azərbaycanla Belçika arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün konstruktiv dialoqun və siyasi məsləhətləşmələr kimi mövcud mexanizmlərin, qarşılıqlı səfərlərin və yüksəksəviyyəli təmasların əhəmiyyətini vurğulayıblar.

  • Prezident təhsillə bağlı iki sazişi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd edək ki, sənəd 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanıb.

    Bundan başqa, Dövlət başçısı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman da imzalayıb.

    Bu sənəd isə 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanıb.

  • ETSN-in bəzi səlahiyyətləri ADSEA-ya verildi – SƏRƏNCAM

    “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Strategiyada öz əksini tapmış məlumatların müasir proqramlardan istifadə əsasında qiymətləndirilməsi və iqlim təsirlərinin proqnoz edilməsi, su mənbələrinin elektron geomodelləşdirilməsi, ekosistem (çay, göl, təbii və süni sututarlar) üzrə suya tələbatın müəyyənləşdirilməsi tədbirləri üzrə əsas icraçı qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADESA), digər icraçı qurum isə əksinə müəyyən edilib.

  • XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

    Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Bu gün, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, radikal erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür.

    1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar “əksinqilabçılıqla mübarizə” pərdəsi altında məhz milli nifrət zəminində törədilib.

    Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb.

    Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

    Müstəqilliyimizin bərpasından sonra, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

    XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakı dövrlərdə də davam etdirilib, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter alıb.

    Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımı qurbanı olmuş bütün həmvətənlərimizin əziz xatirəsini dərin hüznlə yad edirik. Allah rəhmət eləsin!”

  • İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib.

    Median.Az
    həmin paylaşımı təqdim edir:

  • Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir:

    “Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.