Category: Siyasət

  • Putin İlham Əliyevə təşəkkür etdi

    Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm bünövrə üzərində inkişaf edir.

    Bunu Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında bildirib.

    Açılışa videokonfrans vasitəsilə qatılan Rusiya prezidenti vurğulayıb ki, Dərbənddəki yenilənmiş Azərbaycan Dövlət Dram Teatrının açılışı Dağıstan Respublikasının və ümumilikdə Rusiyanən və onunla qonşu dövlətlərin mədəni həyatında əhəmiyyətli hadisə olacaq:

    “Xatırladım ki, teatrın özünün tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Bu teatrda hər zaman incəsənətə sadiq şəxslər qulluq ediblər. Sevindirici haldır ki, indi, miqyaslı bərpa işlərindən sonra teatr öz əsl müasir görkəmini alıb. Əminəm ki, yenilənmiş teatrda bizim vətəndaşlarımız zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Açılış mərasimində iştirak edən Bakıdan gələn qonaqları da salamlayırıq”.

    Putin çıxışında Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafından da danışıb.

    Bakıdakı məşhur Rus Dram Teatrının uğurla fəaliyyət göstərdiyini xatırladan Rusiya prezidenti teatra dəstək verdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib: “Qeyd etmək istəyirəm ki, bu iki səhnə, Bakıdakı Rus Dram teatrı və Dərbəndəki Azərbaycan Dram teatrı bizim mədəniyyətlər arasındakı körpüdür”.

    Putin Dərbəndəki Azərbaycan teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.

  • Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Şağatay Kılıçla görüşüb.

    O, bu barədə özünün “X” sosial media hesabında yazıb.

    “Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – H.Hacıyev qeyd edib.

  • İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşılayıb.

    Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

    Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

    Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.

    Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxunub.

    Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.






  • İrandan Azərbaycana indiyədək 3 040 şəxs təxliyə olunub

    İrandan fevralın 28-i saat 8:00-dan martın 27-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 040 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, təxliyə olunanların 516 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 723, Rusiyanın 343, Banqladeşin 198, Tacikistanın 187, Hindistanın 184, Pakistanın 148, Omanın 80, İndoneziyanın 68, İranın 57, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 24, Kanadanın 24, Fransanın 19, Gürcüstanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Özbəkistanın 16, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13, Qazaxıstanın 13, Macarıstanın 12, Bəhreynin 12, Meksikanın 11, ABŞ-nin 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8, Venesuela 7, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstan, Vyentam, Qırğızıstanın hərəsinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

  • İlham Əliyev Banqladeş prezidentini təbrik edib

    Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram”.

  • Mirzoyan: “Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır”

    “Ermənistan və Azərbaycan arasında mövcud sülh gərgin regional şəraitdə qalaraq öz həyat qabiliyyətini artıq sübut edib”.

    Median.Az “Armenpress” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxış edərkən bildirib.

    “Sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə qorunub saxlanıla bilər”, – deyə o vurğulayıb.

    Nazirin sözlərinə görə, Ermənistanın məqsədi Azərbaycanla uzunmüddətli sülhün qorunmasına töhfə verəcək qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır.

  • Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

    “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi.

    Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada – 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir.

    Layihə çərçivəsində “Abşeron” Batereya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.

    Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda – enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.

    Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.

    Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.

    “Abşeron” Batereya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.

    Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

    Dövlətimizin başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verildi.

    Bildirildi ki, yaxın perspektivdə böyük həcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.

    Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.

    Layihə çərçivəsində “Nəvahi” yarımstansiyasına “Abşeron” yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, “Bankə” və “Biləsuvar” Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə “Nəvahi” yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.

    Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub.

    Enerjisistemdə onlayn diaqnostika texnologiyaları (AGC, WAMS/WACS), süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksək dəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır.

    “AzərEnerji” ASC-nin daxili strukturunda enerjisistemin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb.

    Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt BOEM gücləri yaradılacaq.

    Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerji ötürmə imkanı olacaq.

    Dövlətimizin başçısı “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basdı.









  • İlham Əliyev Yunanıstan prezidentini milli bayram münasibətilə təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasoulası Yunanıstanın milli bayramı münasibətilə təbrik edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

  • Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib

    Braziliyanın xarici işlər naziri Mauro Vieyra azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlıq məsələləri, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.

    Tərəflər Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və onun çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, iqlim gündəliyi üzrə əməkdaşlıq, habelə COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri müzakirə olunub.

    Nazirlər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.

    Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.

    Braziliyalı nazir həmçinin mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə ölkəmizə dərin minnətdarlığını bildirib.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

    Bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

    C. Bayramov, həmçinin İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində rəsmi Bakının gözləntilərini bir daha diqqətə çatdırıb.

    Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.