Category: Siyasət

  • Sudanın Suveren Keçid Şurasının sədri Azərbaycana PUA hücumu ilə bağlı narahatlığını bildirib

    Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Azərbaycan ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, beynəlxalq hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır.

    Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk.

    Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona təhlükəsizlik və sabitlik bəxş etməsini diləyirik.

    Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk”.

  • Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşdü

    Türkiyənin İnsan hüquqları üzrə müvəkkili, Baş Ombudsman Mehmet Akarca Azərbaycanın bu ölkədəki səfirliyində olub.

    Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X”dəki hesabında yazıb.

    Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

  • Suriya Prezidenti Əhməd əş-Şaraa İlham Əliyevə zəng edib

    Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi bildirilib.

    Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

  • Antonio Koşta sabah Azərbaycana gəlir

    Avropa İttifaqının Şurasının Prezidenti Antonio Koşta sabah Azərbaycana səfər edəcək.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi məlumat yayıb.

    Məlumata görə, səfər çərçivəsində Koşta Azərbaycan Prezidenti və bir sıra yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.

  • Baxçalıdan Azərbaycana dostluq, İrana xəbərdarlıq MESAJI

    Biz bildiririk ki, Türkiyə istənilən ölkənin istədiyi vaxt raket ata biləcəyi bir ölkə kimi görünə bilməz”.

    Median.Az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı İrandan atılan ballistik raket hücumuna cavabında bildirib. 

    “Raket hücumunun təcavüz, təxribat və ya sui-qəsd olub-olmadığını aydınlaşdıracaq İran İslam

    Respublikasıdır. Biz inanmaq istəyirik ki, qəsdən heç bir hərəkət olmayıb. Türkiyə qumar oynanılacaq bir ölkə deyil. Hər bir ölkə özünə gəlməlidir”. 

    D.Baxçalı Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpməyə çalışanları rədd etdiklərini vurğulayıb:

    “Qonşu ölkələrin müharibəyə regional ölçü vermək üçün ardıcıl və çoxölçülü təxribatlara qarşı həssaslıq göstərməsi və növbə ilə daimi və əhatəli tədbirlər həyata keçirməsi hər bir ölkənin marağındadır. Bütün dünya bilməlidir ki, biz hava məkanımızda və ya Azərbaycan hava məkanında yolunu və ya istiqamətini itirmiş raket və ya pilotsuz uçuş aparatını yenidən görmək, eşitmək və ya şahid olmaq istəmirik. Biz Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpməyə çalışanları rədd edirik və dövriyyədə olan geniş yayılmış təxribatlara uymuruq”.

  • Prezident mükafatçısı Ülviyyə Axundovaya vəzifə verildi

    Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.

    Bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

    O, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.

    Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

    O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və beynəlxalq əməkdaşlıq sahələrində bir sıra milli və beynəlxalq təşəbbüslərin təşkilində fəal iştirak edib.

    2015-2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.

  • Azərbaycanın göndərdiyi humanitar yardımı daşıyan yük maşınları İrana keçdi

    Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım artıq İran ərazisindədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardımı daşıyan yük maşınları Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkənin ərazisinə daxil olub.

  • Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarıldı

    Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununda əksini tapıb.

    İndiyə qədər qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub.

    Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

    Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

    Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

  • Dövlət qulluğuna qəbulla bağlı bəzi sənədlərə dəyişiklik edildi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Dəyişikliklə:

    – Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 582 (Cild I) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 1.1-ci bəndindən “, ilk dəfə əmək fəaliyyətinə başlayanlar və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, sosial sığorta nömrəsi (SSN)” sözləri çıxarılır;

    – Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226 (Cild I); 2024, № 8, maddə 943; 2025, № 4 (I kitab), maddə 325) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 2 nömrəli əlavə – “Kadrlar uçotunun şəxsi vərəqəsi”ndən “Sosial sığorta nömrəniz (SSN)______” sözləri çıxarılır;

    – Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842 (Cild I); 2025, № 4 (I kitab), maddə 345) ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin 1.1-ci bəndindən “, ilk dəfə əmək fəaliyyətinə başlayanlar və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, sosial sığorta nömrəsi (SSN)” sözləri çıxarılır.

    Bu fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə buradan tanış olmaq mümkündür.

  • Azərbaycan XİN Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb

    Martın 9-da xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Qeyd olunub ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib.

    Nazir Ceyhun Bayramov bu gün Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

    Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

    Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.

    Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.