Category: Siyasət

  • ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib

    ABŞ Dövlət Departamenti martın 5-də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumunu qətiyyətlə pisləyib.

    Median.Az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

    Açıqlamada qeyd olunub ki, İran rejiminin həyata keçirdiyi səbəbsiz hücum Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbi hədəf alıb. Nəticədə mülki şəxslər yaralanıb, həmçinin mühüm mülki infrastruktur zərər görüb.

    “Bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın aqressiyasının əsassız eskalasiyasıdır. ABŞ tərəfi regiondakı tərəfdaşlarına qarşı hücumların qəbuledilməz olduğunu bildirib və Azərbaycanın yanında olduqlarını qeyd edib. ABŞ belə təhdidlərə qarşı tərəfdaşlarını qətiyyətlə dəstəkləyəcəyini vurğulayıb”, – bəyanatda vurğulanıb.

  • Viktor Orban İlham Əliyevə zəng etdi: “Azərbaycan bizə güvənə bilər”

    Martın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib.

    Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.

    Dövlətimizin başçısı telefon zənginə, nümayiş olunan dəstəyə və həmrəylik mövqeyinə görə minnətdarlığını bildirib.

  • DMM: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur”

    Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı yayılan bəzi məlumatların dezinformasiya xarakteri daşıya biləcəyi barədə xəbərdarlıq edib.

    Median.Az xəbər verir ki, bu barədə qurumun “X” hesabında yayılan açıqlamada bildirilib.

    Qeyd olunub, son günlər bölgədə baş verən hadisələrlə əlaqədar sosial şəbəkələrdə və bəzi platformalarda Azərbaycan və iki ölkə arasındakı münasibətlərə qarşı tənqid, dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur.

    Açıqlamada vurğulanıb ki, Türkiyə və Azərbaycan sarsılmaz tarixi bağlar və ortaq dəyərlərlə bir-birinə bağlıdır və keçmişdə də bir çox sınaqlardan uğurla çıxıblar.

    Qeyd olunub ki, prezidentlər Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında münasibətlər bütün səviyyələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdirilir.

    DMM ictimaiyyəti bu qardaşlığa zərər verə biləcək manipulyativ məlumatlara qarşı diqqətli olmağa və rəsmi qurumların açıqlamalarını əsas götürməyə çağırıb.

  • XİN məlumat yaydı

    Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq Yaxın Şərqdə Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.
     
    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
     
    Qeyd edilib ki, Körfəz ölkələrindəki diplomatik missiyalarımıza verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Belə ki, ilkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib. Birləşmiş Ərəb Əmirliklərindən 490 nəfər, Səudiyyə Ərəbistanından 220 nəfər, Qətərdən 200 nəfər, Bəhreyndən 23 nəfər, Küveytdən 26 nəfərdir.
     
    Azərbaycan vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində Azərbaycanın Baş konsulluğunun “FlyDubai” aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanıb. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb.
     
    Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə martın 4-də Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) Azərbaycana təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlar Azərbaycanın diplomatik missiyalarının təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəyə geri qayıdıb.
     
    Məlumatda bildirilib ki, İranda olan vətəndaşların maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib:
     
    “İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib”.

  • Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının XİN rəhbərlərini qəbul edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndə heyəti ilə görüş keçirib.

    Median.Az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, görüş TDT-nin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutub.

    Qeyd olunub ki, qəbulda Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev və Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev iştirak ediblər.

    Görüşdə, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, eləcə də Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran da yer alıblar.

  • Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə zəng edib

    Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.

    Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.

    Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • Ceyhun Bayramov İstanbulda Hakan Fidanla görüşdü

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla İstanbulda görüşüb.

    Bu barədə Türkiyə XİN məlumat yayıb.

    Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası baş tutacaq.

  • Albaniya Prezidenti İlham Əliyevə zəng etdi

    Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.

    Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

    Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.

    Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

  • İrandan Azərbaycana təxliyə edilən səfir: “Hərbi əməliyyatlar başa çatana qədər Bakıda qalacağıq”

    İranı tərk edərək digər dörd avstriyalı diplomatla birgə Azərbaycana keçən Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Fridrix Ştift təfərrüatları bölüşüb.

    “Hazırda İrandakı təhlükəli vəziyyətlə əlaqədar Bakıya yollanırıq. Hücumların (ABŞ və İsrailin İrana – red.) nə qədər davam edəcəyini bilmirik, ona görə də qərara gəldik ki, təhlükəsiz ölkəyə getmək daha yaxşıdır. Sərhəddə göstərilən isti münasibətə və qəbula görə Azərbaycan Respublikasına son dərəcə minnətdarıq”, – diplomat bildirib.

    Onun sözlərinə görə, onlar İran ərazisində hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalmaq niyyətindədirlər: “Biz burada nə qədər lazımdırsa, qalacağıq. Lakin ümid edirik ki, İrana qarşı döyüş əməliyyatları və zərbələr tezliklə başa çatacaq və biz Tehranda işimizə qayıtmaq imkanı əldə edəcəyik”.

    Diplomat həmçinin İran paytaxtında partlayış səslərini şəxsən eşitdiyini deyib: “Son günlərdə biz gecə saat iki-üç radələrində partlayış səslərindən oyanırdıq və qalxan tüstüləri görürdük. Bu gün şəhəri tərk edərkən alov içində olan bir neçə bina gördük”.

    İranın Naxçıvana dron hücumunu şərh edən səfir bildirib: “Əlbəttə, bu cür zərbələrin baş verməsi yaxşı hal deyil”.

    Bununla yanaşı, F.Ştift əlavə edib ki, bu gün İran Prezidenti Məsud Pezeşkian müraciətlə çıxış edərək qonşulardan üzr istəyib və Tehranın qonşu dövlətlərə hücumları dayandırmaq niyyətini bəyan edib.

  • Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi TƏXLİYƏ EDİLDİ

    Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu heyətinin təxliyəsi isə tam başa çatıb.

    Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki Baş konsulluğun İrandan evakuasiya edilməsi barədə tapşırıqlar verdiyini bildirmişdi.