Category: Siyasət

  • Rəcəb Tayyib Ərdoğan: “Türkiyənin bütün qurumları yüksək hazırlıq vəziyyətindədir”

    “Türkiyənin bütün qurumları ölkənin İranla bağlı böhrana cəlb olunmasının qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir”.

    Median.Az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair məlumat verərkən bildirib.

    Onun sözlərinə görə, Türkiyə İrana öz ərazisini hədəf alan raket hücumlarının yolverilməzliyi barədə xəbərdarlıq edib.

    “Can Azərbaycan başda olmaqla, qardaş ölkələrlə həmrəylik içindəyik. Bölgədəki terror ünsürlərini də izləyirik. Bölgəmizin sakitliyinə və sabitliyinə zərbə vuracaq hər cür ssenarinin qarşısındayıq. Heç kim yanlış hesab aparmasın. Qardaşı qardaşa qırdırmaq tələsinə düşülməməlidir”, – deyə Ərdoğan əlavə edib.

  • İrandan Azərbaycana 2000-dən çox şəxs təxliyə olunub

    Fevralın 28-i saat 8:00-dan martın 9-u saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 2 057 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 362 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda 594 Çin, 291 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 29 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 15 Almaniya, 13 Gürcüstan, 12 Macarıstan, 12 Özbəkistan, 12 Polşa, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Nigeriya, 8 Braziliya, 9 Böyük Britaniya, 8 Qazaxıstan, 10 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 8 Kanada, 6 Belçika, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstriya, 6 Rumıniya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Küveyt, 4 Banqladeş, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, 2 İsveç, 2 ABŞ, həmçinin hər birinin bir vətəndaşı olmaqla Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya və Misir vətəndaşları Azərbaycana təxliyə olunublar.

    Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

    Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

    Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

    Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

  • Rumıniya Naxçıvana edilən dron hücumunu pislədi

    Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər bölgədə mövcud təhlükəsizlik vəziyyəti, xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda yaranmış risklər barədə danışıblar. Bu çərçivədə, qarşı tərəf İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilmiş dron hücumu barədə məlumatlandırılıb. Qeyd olunub ki, hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib və mülki şəxslər xəsarət alıb.

    Rumıniya naziri bu hücumu pisləyib və narahatlığını diqqətə çatdırıb. Bu cür hücumların regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.

    Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.

  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

    Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Söhbət zamanı regiondakı gərginliyin azaldılması müzakirə edilib.

    H.Fidan eyni mövzuda Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonla da telefon danışığı aparıb.

  • İlham Əliyev Müctəba Xameneyini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Möhtərəm Ayətullah Xameneyi həzrətləri.

    İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

    Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.

    Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.

    Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm”.

  • Almaniya Azərbaycana təşəkkür etdi

    Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

    Almaniya naziri İranın Azərbaycan qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, bu ölkə ilə həmrəy olduğunu bildirib.

    Almaniyalı nazir ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

    Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib – FOTO

    Martın 8-də “Gazelli Art House”da “Her Art in Action” festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib.

    Festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və “Gazelli Art House” Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb.

    Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib.

    Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, “Her Art in Action”, VarYox incəsənət və mədəniyyət platforması tərəfindən təsis edilərək həyata keçirilən illik proqramdır və incəsənət sahəsində gender bərabərliyinin təşviqinə, mədəni inklüzivliyin artırılmasına, eləcə də Azərbaycanın beynəlxalq mədəni iştirakının gücləndirilməsinə həsr olunub. Bu il mart – may aylarını əhatə edən festival üç aylıq müddətdə Bakı şəhərinin müxtəlif məkanlarında keçiriləcək.

    Qeyd olunub ki, üç il ardıcıl keçirilən “Her Art in Action” regionda qadınların yaradıcılığına və millətlərarası mübadiləyə həsr olunmuş nadir festival kimi çıxış edir. Layihə Azərbaycandan və region ölkələrindən, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Gürcüstan, Misir, həmçinin Balkan bölgəsi, İspaniya və Litvadan olan qadınları fəal şəkildə bir araya gətirir.

    “Mənzərəyə açılan ev” mövzusu isə evi sabit məkan kimi deyil, qadın təcrübəsi ilə formalaşan dəyişkən bir vəziyyət kimi nəzərdən keçirir. Gündəlik məişət hüdudlarından çıxaraq, mövzu qadınların ictimai və şəxsi həyat, göz önündə olma və təklik, aidiyyət və müqavimət arasındakı gərginlikdə məkanı necə yaratdığını, müəyyən etdiyini, mübarizə apardığını və geri qaytardığını araşdırır.

    Tədbir çərçivəsində, şəhid anasının doğum günü qeyd olunub, Leyla Əliyeva ona hədiyyə təqdim edib.

    Həmçinin sərgi iştirakçıları öz əl işlərindən Leyla Əliyevaya hədiyyə ediblər.

    Sonda Leyla Əliyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti Zərifə Həmzəyevanın xatirə guşəsini də ziyarət edib.

    Festivalın builki buraxılışının kuratoru, multimedia rəssamı Sitara İbrahimbəyli martın 8-də keçirilən ilk sərgisinin açılışında 27 yerli və xarici rəssamın əsərlərinin nümayiş olunduğunu qeyd edib: “Üçüncü ildir ki, martın 8-də festivalın açılışını edirik. Ümumi üç açılış olacaq. Apreldə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin (Bilgəh) şagirdlərinin tanınmış müasir rəssamlarla dialoq əsasında yaradılan birgə sərgisi təşkil olunacaq. Üçüncü layihə isə İçərişəhərdə keçiriləcək və açıq havada fotoqrafiya gecəsi olacaq. Ümumilikdə üç ay ərzində 50-dən çox rəssamın əl işi sərgilənəcək”.

    Müstəqil rəssam Kafiyə Eyvazova builki festivala “Pəncərədən baxış” əsəri ilə qatılıb. “Üç ildir festivala qatılıram və ilk dəfədir ki, xalça texnikasında iş təqdim edirəm. Əsər xovlu xalça texnikasında toxunub və insanları ailə strukturunu sorğulamağa dəvət edir. Burada kişi motivləri qadın motivlərini sanki qoruyurmuş kimi görünsə də, onu məhdudlaşdırır. Getdikcə qadının üz cizgiləri yox olur. Çünki məhdudiyyət insanın şəxsiyyətini arxa plana salır və görünməz edir. Əsər cəmiyyətimizə qadınlara dəyər verməyi, onları dinləməyi və azadlığını məhdudlaşdırmamağı tövsiyə edir”.

    Festivala mayın 31-də yekun vurulacaq.

























  • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir:

    “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.

    Paylaşımı təqdim edirik:

  • Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayb.

    C.Bayramov çıxışında TDT-nin son illər siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional bağlantıların gücləndirilməsi istiqamətində dinamik və təsirli əməkdaşlıq platformasına çevrildiyini qeyd edib.

    Artan geosiyasi gərginliklər, beynəlxalq təhlükəsizlik mühitində yaşanan qeyri-müəyyənlik və qlobal təchizat zəncirlərində baş verən pozuntular fonunda TDT çərçivəsində həmrəylik və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu məqsədlə, TDT üzv dövlətləri arasında sadalanan çağırışlarla mübarizədə məlumat mübadiləsinin gücləndirilməsi, institutlararası koordinasiyanın artırılması və birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

    Beynəlxalq və regional təhlükəsizlik mühitinə toxunularaq, Yaxın Şərqdə baş verən son hadisələrin və hərbi eskalasiyanın ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb.

    İran ərazisindən Türkiyə ərazisini hədəf alan raket hücumu və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumlarının təhlükəli eskalasiya aktları olduğu vurğulanaraq bu qəbildən hərəkətlər qətiyyətlə pislənilib.

    İran tərəfinin baş verən hadisələri hərtərəfli araşdırması, cavabdeh şəxsləri məsuliyyətə cəlb etməsi və bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görməsinin gözlənildiyi qeyd olunub.

    Fələstin münaqişəsi və Qəzza bölgəsindəki vəziyyət kontekstində, Azərbaycan tərəfindən məsələnin beynəlxalq hüquq və müvafiq BMT qətnamələrinə əsaslanaraq iki dövlət prinsipi əsasında həlli variantının dəstəkləndiyi bir daha vurğulanıb.

    Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən danışan nazir, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdən sonra regionda davamlı sülhün əldə olunması üçün tarixi imkanın yarandığını bildirib.

    TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinə toxunularaq, Azərbaycan sədrliyinin təşkilatın institusional potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdiyi bildirilib. Bu kontekstdə, TDT-nin ötən il Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşündə dövlət başçıları tərəfindən təsis edilmiş “OTS+” formatının əhəmiyyəti vurğulanıb. Sözügedən mexanizmin nəqliyyat dəhlizləri, logistika, enerji təhlükəsizliyi, ticarət, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi sahələrdə TDT ilə qeyri-üzv ölkələr və beynəlxalq təşkilatlar arasında layihə əsaslı əməkdaşlığın genişləndirilməsi üçün çevik platforma yaradacağı diqqətə çatdırılıb.

    Cari ilin birinci yarısında keçiriləcək mühüm tədbirlərdən bəhs edilərək, təşkilata sədrliyi çərçivəsində Azərbaycanın aprelin 2-də TDT baş nazirləri/vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

    Bundan əlavə, cari ilin 17-19 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumunun, may ayında Qazaxıstanın Türküstan şəhərində təşkili planlaşdırılan TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşünün, eləcə də Bakıda təşkil olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yubiley tədbirinin ölkələrimiz üçün əhəmiyyəti qeyd olunub.

    Bununla yanaşı, cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) TDT üzv dövlətlərinin fəal iştirakı ilə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

    Nazir Ceyhun Bayramov çıxışının yekununda türk dünyasına yaxınlaşmaqda olan Novruz və Ramazan bayramları münasibətilə təbriklərini çatdıraraq, qardaş xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıb.

    Tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yekunda Yaxın Şərqdəki son inkişaflarla bağlı Nazirlərin Birgə Bəyanatı qəbul edilib.