Category: Siyasət

  • İlham Əliyev Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib – FOTO

    Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.

    Bu barədə Azərbaycan Prezidentinin “X” hesabında paylaşım edilib.

    “İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”, – deyə paylaşımda bildirilib.

  • İlham Əliyev Peter Pelleqriniyə təşəkkür edib – FOTO

    Prezident İlham Əliyev Naxçıvandakı mülki infrastruktura İran İslam Respublikası tərəfindən edilən son dron hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqe və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə səmimi minnətdarlığını bildirib.

    Bununla bağlı Azərbaycan Prezidenti sosial şəbəkə hesabında paylaşım edib.

    “Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsində Azərbaycanın göstərdiyi təxirəsalınmaz dəstək ölkələrimiz arasındakı yüksəksəviyyəli və strateji münasibətlərin aydın təzahürü, eləcə də beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”, – Prezident əlavə edib.

  • Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub

    ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif Abraham Hamade əlavə olunub.

    Median.Az bu barədə ABŞ Konqresinin rəsmi saytına istinadən xəbər verir.

    Abraham Hamade Nümayəndələr Palatasının Çikaqo üzrə üzvüdür və Respublikaçılar Partiyasını təmsil edir.

    Xatırladaq ki, “Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğvi” adlı bağlı qanun layihəsi Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən 2025-ci il dekabrın 9-da Konqresə təqdim edilib.

    Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.

  • BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pisləyib

    6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

    Nazir Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

    Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını ifadə edib, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.

    Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

  • Rəsmi Bakı Azərbaycana dəstək verən ölkə və təşkilatlara təşəkkür etdi

    Azərbaycan Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumundan sonra Azərbaycana həmrəylik göstərən ölkələrə və təşkilatlara təşəkkür edib.

    Nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib.

    “Biz Azərbaycan ərazisinə İran tərəfindən həyata keçirilən dron hücumlarından sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.

    Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə təsdiqlənməsini yüksək qiymətləndiririk.

    Bu çətin zamanda Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, – paylaşımda qeyd olunub.

  • Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü İlham Əliyevə məktub ünvanlayıb

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Sizin rəhbərliyiniz altında Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət yürütmüşdür, buna görə də belə əməllər xüsusilə ədalətsizdir.

    Bu çətin şəraitdə Zati-alinizlə və dost Azərbaycan xalqı ilə qəti həmrəy olduğumuzu bir daha bildiririk.

    Bakıya qarşıdan gələn səfərimi və yenidən görüşümüzü səbirsizliklə gözləyirəm. Bu görüşü xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm fürsət kimi qiymətləndirirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

    Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

    Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.
    Ə. Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

    Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

  • İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

    Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

    Bildirilib ki, söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.

    Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

    Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.

    Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığı bildirib.

    Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

  • İtaliya İranın Naxçıvana dron hücumlarından narahatlığını ifadə edib

    6 mart tarixində İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.

    Nazir Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkil edir.

    Nazir Antonio Tajani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

    İtaliya naziri İtaliya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

    Telefon danışığı zamanı tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

  • İranla sərhəddəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

    Hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.  
     
    Bu barədə  Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.  
     
    Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.