Category: Siyasət

  • Litva Naxçıvana hücumu qətiyyətlə pisləyir

    Litva Naxçıvanda dinc sakinlərin həyatını təhlükə altına alan mülki infrastruktura İranın dron hücumunu qətiyyətlə pisləyir.

    Bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris “X” sosial şəbəkəsində bildirib.

    “İran, Rusiya kimi, dayana bilmir. Ölkə həmçinin beynəlxalq hüququ açıq şəkildə pozur. Bu cür təcavüz gələcək eskalasiya riski daşıyır və dərhal dayandırılmalıdır. Litva Azərbaycanla həmrəyliyini ifadə edir”, – o yazıb.

    Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb.

  • Yaponiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi müvəqqəti bağlanır – FOTO

    Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi 10-13 mart tarixlərində müvəqqəti bağlanır.

    Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

    “Nəzərinizə çatdırırıq ki, 9 mart tarixi Azərbaycanda qeyri-iş günü elan olunduğu üçün səfirlikdə də qeyri-iş günüdür”, – məlumatda qeyd olunub.

  • Belarus Azərbaycana hücumları qəti şəkildə pisləyib

    Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Tərəflər İran İslam Respublikası ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

    General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

    Nazirlər həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

  • İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

    Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli xanımlar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

    Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.

    Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.

    Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.

    Əziz xanımlar!

    Bayramınız mübarək olsun!”

  • Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

    A.Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Paylaşımı təqdim edirik:

  • Azərbaycan İrandan diplomatik heyətini ÇIXARIR

    “Azərbaycan diplomatik heyəti İrandan təxliyə edilir”

    Bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq tapşırıq verib:

    “Həm Təbrizdəki konsulluğumuz, həm də səfirlik əməkdaşlarının evakuasiyası icra mərhələsindədir”.

    C.Bayramov bildirib ki, qonşu ölkədə müharibə olduğu üçün normal olaraq Azərbaycan ordusuna müvafiq tapşırıqlar verilib:

    “Bütün diplomatik heyətimizin İrandan çıxarılması ilə paralel, dünən Təhlükəsizlik Şurasının iclasında cənab Prezident müvafiq tapşırıqlar verdi. Diplomatik addımlar atılmaqdadır. Rəsmi nota verildi. İranlı həmkarımla danışdım. Hər zaman olduğu kimi bu gün də Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir. Əlavə təhlükəsizlik tədbirləri də görülür”.
    //oxu.az

  • Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

    Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

    Telefon danışığı əsnasında İran İslam Respublikası tərəfindən martın 5-də Azərbaycana qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.

    Ə.Əsədov bildirib ki, ölkəmizə qarşı dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb, bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

    Hadisədən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək dərhal Azərbaycan xalqına dəstəyini ifadə etməsinin iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq və həmrəyliyin bariz təzahürü olduğu vurğulanıb.

    Ə.Əsədov yaranmış vəziyyətlə bağlı Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq Iğdır hava limanına təşkil olunması ilə bağlı göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkür edib.

    Telefon danışığı zamanı həmçinin mövcud vəziyyətdən irəli gələrək gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

  • Ceyhun Bayramov: “Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək”

    “2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək”.

    Bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib.

    Nazir vurğulayıb ki, Azərbaycan və Moldova arasında yüksək səviyyədə siyasi dialoq, liderlər arasında səmimi münasibətlər mövcuddur:

    “Demək olar ki, hər il müxtəlif platformalar çərçivəsində görüşlər baş tutur. İkitərəfli səfərin isə xüsusi əhəmiyyəti var”.
    //oxu.az

  • Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

    Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Pakistanın baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb.

    Dövlətimizin başçısı göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.

    Azərbaycan Prezidenti və Pakistanın baş naziri yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

  • Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub – FOTO

    Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər.

    Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünə əsasən Mərkəz Azərbaycan multikulturalizmi fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunub. Eyni zamanda, ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır, ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir.

    Qeyd olunub ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, monoqrafiyalar, elmi məqalələr və metodik vəsaitlərin, tarixi xəritələrin çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Bu nəşrlər həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə təqdim olunur.

    Sonra Mərkəzin fəaliyyətinə dair film nümayiş etdirilib. Leyla Əliyeva Mərkəzin nəşrləri ilə tanış olub.

    Leyla Əliyeva Azərbaycanın multikultural dəyərlərinin qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Xüsusilə islamofobiya, antisemitizm və ksenofobiyaya həsr olunan konfransların keçirilməsini, Azərbaycanın xristianlıq irsinin dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Mərkəzin fəaliyyətində gənclərlə işin təşkil olunmasına verilən önəmin Azərbaycan multikulturalizminin tanıdılması istiqamətində mühüm rol oynadığını bildirib. Eyni zamanda, BBMM-in müxtəlif xalqlar arasında anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

    Leyla Əliyeva Mərkəzin kollektivi ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.

    Qeyd edək ki, Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.