Category: Siyasət

  • Azərbaycan Prezidenti Moldovanın baş nazirinin müavinini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırıb.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş edib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

    Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını deyib, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğulayıb. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

    Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq deyib ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.

    Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür edib.

    Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olunub, ikitərəfli münasibətlərimizin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulanıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsində roluna toxunulub. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirilib.

    Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.






  • Belçika səfirliyi Naxçıvana hücumu pisləyib

    Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir.

    Bu barədə Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.

    Qeyd edilib ki, mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirlər: “Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik”.

    Qeyd edək ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

  • İtaliyanın xarici işlər naziri: “İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək” – FOTO

    İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.

    Bununla bağlı İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani “X” hesabında paylaşım edib.

    “Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 həmvətənimiz artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik isə fəaliyyətinə Bakıdan davam edəcək”, – paylaşımda qeyd olunub.

    Qeyd edək ki, ötən gün İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar.

  • Bəhreyn XİN İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyib

    Bəhreyn Xarici İşlər Nazirliyi (XİN) İranın Azərbaycan və Türkiyəyə qarşı hücumlarını qətiyyətlə pisləyib.

    Bu barədə Bəhreyn XİN-in bəyanatında bildirilir.

    “Bəhreyn Xarici İşlər Nazirliyi İranın qardaş Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyir və qəbulolunmaz hesab edir. Bu hərəkətlər mehriban qonşuluq prinsiplərinin, beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması, habelə regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiyadır”, – deyə məlumatda qeyd olunub.

    Bəhreyn XİN Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu təsdiqləyib, bu ölkələrin öz suverenliyini qorumaq, təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi tədbirlərə dəstəyini ifadə edib.

    Nazirlik, həmçinin regional təhlükəsizliyi və sabitliyi sarsıdan “bu əsassız və təxribatçı təcavüz aktlarını” dayandırmağa çağırıb.

  • İlham Əliyev qanalı həmkarını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Qana Prezidenti Con Dramani Mahamaya təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Qana xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında olub – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında olub.

    L.Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında video paylaşıb.

    O, paylaşımda səmimi qəbula görə təşəkkür edib.

    Həmin paylaşımı təqdim edirik:

  • İrakli Kobaxidze İlham Əliyevə zəng edərək Naxçıvana dron hücumunu pisləyib

    Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

    Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib.

    Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

  • Tokayev İranın Naxçıvana hücumu barədə: “Bu hadisə hərtərəfli araşdırılmalıdır”

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın pilotsuz uçuş aparatlarının Naxçıvandakı hava limanına hücumu ilə bağlı açıqlama verib. Dövlət başçısı qardaş, müttəfiq Azərbaycana qarşı bu hücumu qətiyyətlə pisləyib.

    Median.Az bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Aybek Smadiyarov “Telegram” kanalında məlumat verib.

    Qazaxıstan prezidenti hadisənin İranla birgə hərtərəfli araşdırılmasına, habelə regionda eskalasiyaya yol verməmək üçün münaqişəli vəziyyətin diplomatik vasitələrlə tənzimlənməsinə ümid etdiyini bildirib.

  • Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub

    Martın 5-də İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Median.Az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

    Nazir Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.

    İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

  • BMT-nin Bakı nümayəndəliyi Naxçıvandakı dron hücumlarına münasibət bildirib

    BMT-nin Azərbaycandakı nümayəndəliyi Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarına münasibət bildirib.

    APA xəbər verir ki, qurum yaralanan şəxslərin tezliklə sağalmasını arzulayır.

    “Qəlbimiz bu gün Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarından zərər çəkənlərin yanındadır. BMT-nin Azərbaycandakı nümayəndəliyi yaralanan dörd nəfərin tezliklə sağalmasını arzulayır”, – deyə bəyanatda qeyd olunub.