Category: Siyasət

  • Edqars Rinkeviçs Prezident İlham Əliyevə zəng edib

    Martın 5-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    APA xəbər verir ki, telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.

    Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib.

    Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

  • Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə zəng edib

    Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

    Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı dövlətimizin başçısı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib.

    Dövlətimizin başçısı telefon zənginə görə Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür edib.

    Prezident İlham Əliyev İranın BƏƏ-yə raketlərlə və pilotsuz uçuş aparatları ilə hücumlarını bir daha pisləyib və fevralın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə telefon danışığında qeyd etdiyi kimi, ölkəmizin BƏƏ-nin yanında olduğunu vurğulayıb.

    Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

  • Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

    Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər arasında İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub.

    Nazirlər həmçinin, ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

  • Ərdoğan İlham Əliyevə zəng edib

    Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

    Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

  • Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib

    Martın 5-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçı azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

    İranlı Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. A.Əraqçı yaralanan mülki şəxslərə şəfa diləyib.

    İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.

  • Moldovadan İranın Naxçıvana hücumu ilə bağlı sərt mövqe

    Moldova Naxçıvana İran tərəfindən edilən hücumları sərt şəkildə pisləyib.

    Bu barədə sözügedən ölkənin xarici işlər naziri Mihai Popşoy açıqlama verib.

    “Moldova tərəfi Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alan və dinc sakinlərin xəsarət alması ilə nəticələnən hücumları qətiyyətlə pisləyir” – deyə, nazir qeyd edib.

    Popşoy həmçinin vurğulayıb ki, Moldova Azərbaycanla həmrəy olduğunu bəyan edir, ölkənin suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyir.

  • Estoniya İranın dron hücumu fonunda Azərbaycanı dəstəkləyib

    “İranın pilotsuz uçuş aparatlarının Naxçıvan Muxtar Respublikasının ərazisinə endirdiyi zərbələr nəticəsində hava limanının zərər görməsi və dinc sakinlərin xəsarət alması beynəlxalq hüququn və dövlətlərin suverenliyinin kobud şəkildə pozulmasıdır”.

    Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    O bildirib ki, region ölkələrinə qarşı bu cür düşünülməmiş addımlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır.

    “Estoniya Azərbaycanla həmrəyliyini ifadə edir və regionda sülhün və təhlükəsizliyin təmin olunmasını dəstəkləyir”, – deyə o qeyd edib.

  • Gürcüstan XİN İranın Azərbaycana hücumunu kəskin pisləyib

    Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində baş verən pilotsuz təyyarə hücumunu kəskin şəkildə pisləyib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bəyanatda qeyd olunub:

    “Hücum nəticəsində bir neçə vətəndaş xəsarət alıb. Beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda gərginliyi artıran istənilən hərəkətlər qəbuledilməzdir”.

    Bəyanatda vurğulanıb ki, Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətləri nəzərə alınaraq, Gürcüstan çətin vəziyyətdə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.

    Qeyd olunub ki, Gürcüstan regionda sülhün və sabitliyin qorunmasını vacib hesab edir və gərginliyin azaldılması üçün diplomatik dialoqu dəstəkləyir.

  • Türkiyədən İranın Naxçıvana PUA hücumuna RƏSMİ REAKSİYA: “Azərbaycanın yanındayıq!”

    Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana PUA hücumlarını qətiyyətlə pisləyib.

    Bu barədə qardaş ölkənin XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

    Nazirliyin bəyanatında Naxçıvana bu gün edilən hücumların qəbuledilməz olduğu vurğulanıb.

    Bildirilib ki, regiondakı üçüncü ölkələri hədəf alan və müharibənin yayılma riskini artıran hücumlar dərhal dayandırılmalıdır.

    Bəyanatda həmçinin Türkiyənin Azərbaycana dəstəyinin davam edəcəyi qeyd olunub:

    “Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında olmağa davam edəcək”.

  • Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana dron hücumu ilə bağlı Bakıya zəng etdi

    Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

    İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

    Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.