Category: Siyasət

  • Fransa səfiri Azərbaycana dron hücumunu pisləyib

    Fransanın ölkəmizdəki səfiri İranın Azərbaycana dron hücumunu pisləyib.

    Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqutt “X” hesabında paylaşım edib.

    “İranın bu gün günorta saatlarında Naxçıvana həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüquqa zidd olan bu addımı qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də təəssüf ki, yaralanmış dörd nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”, – deyə səfir bildirib.

  • Küveytdən Azərbaycana dəstək bəyanatı

    Küveyt Dövləti İranın Türkiyə və Azərbaycanı hədəf almasını qətiyyətlə pisləyib və bunu sərt şəkildə qınayıb.

    Bu barədə Küveytin Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Nazirlik bu cür cəhdləri beynəlxalq qanunların və BMT nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Küveyt Dövlətinin Türkiyə və Azərbaycan ilə tam həmrəy olduğu vurğulanıb və onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirlərin dəstəkləndiyi bildirilib.

  • Gürcüstan XİN rəhbəri Ceyhun Bayramova zəng edib

    Martın 5-də Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov həmkarına martın 5-də İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib.

    Nəticədə Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına zərər dəyib, mülki şəxslər xəsarət alıb. Həmçinin dronlardan biri Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

    Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

    Azərbaycan tərəfinin baş vermiş hücumla bağlı İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini, müvafiq izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdiyi diqqətə çatdırılıb.

    Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.

    Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

  • Prezident: “Müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir”

    “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

    Keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürüldüyünü, dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün ölkəmizə qarşı çirkin şər-böhtan kampaniyası apardıqlarını xatırladan dövlətimizin başçısı deyib: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.

  • İlham Əliyev: “Sərhədlə bağlı müvafiq göstərişlər verildi”

    “Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

    Dövlətimizin başçısı, həmçinin bildirib ki, sərhədlə bağlı müvafiq göstərişlər verildi.

  • Prezident: “Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib”

    “Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.

  • Prezident: “Bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar”

    “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

    “Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • İlham Əliyev: “İstənilən şər qüvvəyə qarşı gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”

    “Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

    Dövlətimizin başçısı vurğulayıb ki, onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir.

  • Prezident: “Azərbaycan İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək”

    “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

    Dövlətimizin başçısı əlavə edib: “Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir”.

  • İlham Əliyev: “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”

    “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.

    “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, – deyə dövlətimizin başçısı əlavə edib.