Category: Siyasət

  • Prezident: “İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilib”

    “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

    Atəşin hədəflərinin mülki obyektlər olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.

  • Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi – FOTO

    Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı:

    “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

    Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

    Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.

    Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.

    Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”.







  • Leyla Əliyeva və Arzu Əliyeva “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar (FOTO)

    Leyla Əliyeva və Arzu Əliyeva martın 4-də “Referans Medical Group”un tərkibində fəaliyyət göstərən “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.

    Uşaqlarla səmimi söhbət edən Leyla Əliyeva və Arzu Əliyeva körpələrə müxtəlif hədiyyələr təqdim edib, onlara xoş anlar yaşadıblar.

    Qeyd edək ki, Pediatriya Mərkəzində uşaqların sağlamlığının qorunması və müalicəsi istiqamətində müasir tibbi xidmətlər göstərilir, balaca pasiyentlərin rahat və təhlükəsiz mühitdə müalicə alması üçün bütün zəruri şərait yaradılıb.

  • İranın nazir müavini Naxçıvana hücum barədə: “Elan etdiyimiz siyasət budur” – Video

    İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Bu barədə İranın xarici işlər nazirinin müavini Azərbaycanın “AnewZ” kanalına danışıb.

    “İran İslam Respublikasının siyasətində qonşu ölkələrə hücum etmək və ya onları hədəfə almaq yoxdur. O vaxta qədər ki, orada bizim düşmənlərimiz olan ABŞ və İsrail rejiminin aktiv hərbi bazaları yoxdur. Hansı ki, onlar İranda günahsız insanlara hücum etmək üçün istifadə olunur. Çünki biz ən başdan elan etmişdik ki, hansısa baza İrana hücum edəcəksə, biz onları hədəfə alacağıq. Bizim elan etdiyimiz siyasət budur”, – o açıqlamasında bildirib.

    Xatırladaq ki, İran tərəfindən Naxçıvanın Beynəlxalq Aeroportu dron hücumuna məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.

  • Prezident investisiyaların dövlət tərəfindən alınmasını təsdiqləyib

    Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib.

    “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişikliyi imzalayıb.

    Yeni dəyişikliklə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edilib. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

    Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırılıb. Həmin məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.

    Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçiriləcək.

  • İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı – Nota verildi

    İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.

    Xatırladaq ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

  • İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar var – RƏSMİ

    Bu gün günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

    “Hava limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

    Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

    İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.

    Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

    İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək”, – bəyanatda deyilir.

  • İlham Əliyev dövlət komitəsinin bəzi əməkdaşlarını TƏLTİF ETDİ – SİYAHI

    Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Hümmətov Namiq Məhəmməd oğlu

    İsbatov İlqar Aydın oğlu

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Qarayev Abdı Nazim oğlu

    Nuriyev Eldar Srac oğlu

    “Tərəqqi” medalı ilə

    Aslanov Nadir Bahadır oğlu

    Babayev Zahid Sabir oğlu

    Kazımlı Elçin Çingiz oğlu

    Qasımov Read Azər oğlu

    Məmmədrzayev Cahangir Cavanşir oğlu

    Rzayev Rövşən Ağarza oğlu

    Umudov Elçin Azər oğlu

    Yusifov Nizami Rasim oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Əliyeva Gülbəniz Baba qızı

    Əzizov Elşən Ələsgər oğlu

    Mehtiyev Natiq Rəşid oğlu.

  • Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN

    “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

    Rusiyanın Tehrandakı səfirliyi rusiyalıların İrandan çıxarılmasında göstərdikləri köməyə görə Azərbaycan hakimiyyət orqanlarına təşəkkür edib.

    Bu barədə səfirlik öz “Telegram” kanalında paylaşım edib.

    “İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiya vətəndaşları Astara dövlət sərhədindən keçid məntəqəsindən keçməyə davam edirlər. Azərbaycanın hakimiyyət orqanlarına, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə göstərdikləri köməyə və davamlı dəstəyə görə təşəkkür edirik”, – deyə paylaşımda bildirilib.

    Səfirlik, həmçinin bu məsələdə göstərdiyi köməyə görə İran tərəfinə də təşəkkürünü ifadə edib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.