Category: Siyasət

  • Prezident: “Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir”

    Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir – yəni vahid mərkəzdən.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

    Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir – həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.

  • Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Dəyərli qardaşım.

    Əziz qardaşım, Sizi Əbu-Dabi şəhərində beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Sizin bu yüksək və nüfuzlu mükafata layiq görülməyinizi, ilk növbədə, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində yorulmaz səylərinizin, uzaqgörən və müdrik xarici siyasətinizə dərin hörmətin əyani təsdiqi kimi dəyərləndiririk.

    Həqiqətən də 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Sizin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Birgə Bəyannaməni imzalamağınız sülhə nail olunması yolunda tarixi əhəmiyyət kəsb edən böyük hadisə oldu.

    Uzun illər davam etmiş münaqişənin siyasi-diplomatik vasitələrlə həllinə yönəlmiş qətiyyətli qərarınız, həmçinin Azərbaycan və Ermənistan arasında bərabərhüquqlu münasibətlərin bərpası, regional təhlükəsizliyin möhkəm mexanizmlərinin formalaşdırılması, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı istiqamətindəki əməli səyləriniz yüksək təqdirə layiqdir.

    Hörmətli İlham Heydər oğlu, Siz xalqın və dövlətin mənafeyi naminə sülhə yönəlmiş dialoqları necə aparmaq, ən çətin məsələləri belə dərindən düşünülmüş və cəsarətli qərarlar vasitəsilə necə səmərəli həll etmək nümunəsini bütün dünyaya aydın şəkildə nümayiş etdirdiniz.

    Bu ali beynəlxalq mükafat münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və rifah, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayıram”.

  • İlham Əliyev: “Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir”

    Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

    “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, – bu barədə dəfələrlə danışılıb, – gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Prezident üç quruma yeni səlahiyyətlər verdi

    “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə” 15 fevral 2016-cı il tarixli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23 fevral 2017-ci il tarixli fərmanlarında dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

    Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması maddəsi ilə bağlı səlahiyyətli qurumlar müəyyənləşib. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT), xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının yerli filial və ya nümayəndəliklərinin və yaxud bankların “Qrant haqqında” qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Azərbaycan Mərkəzi Bankı, digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi baxacaq.

  • Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

    Ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

    Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.

  • Paşinyan separatçıların həbsindən danışdı

    “Əgər sülh mühiti yaxşılaşmasaydı, Vaqif Xaçaturyan geri qayıtmazdı”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

    “Qarabağın hərbi-siyasi rəhbərliyinin hökmləri mənim üçün çox ağrılı və çətindir, amma başa düşməliyik ki, münaqişənin ətaləti var və onu tək bir vasitə ilə dayandırmaq olmaz. Sülh problemi həll etməyin mümkün olduğu mühitdir.

    Emosiyalarımızı başa düşürəm, bilirəm ki, bir çox hallarda cavab vermədiyimiz üçün tənqid olunuruq. Amma sülh gündəliyinə diqqət yetirsək konkret nümunələr bizi uğura gətirib çıxaracağı qənaətinə gətirir”, – Paşinyan bildirib.
    //unikal.az

  • Ölkəmiz ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

    Azərbaycan və ABŞ hökumətləri iqtisadi artımı gücləndirmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığa başlayır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da da öz əksini tapıb.

    Sənəd çərçivəsində tərəflər AI tərəfdaşlıqlarının inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsini dəstəkləyəcək.

  • Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

    Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd edib.

    Dövlətimizin başçısı ölkəmizin islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxunub, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayıb.

    Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu deyib, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.

    Qonaq ilk növbədə dövlətimizin başçısına qəbula görə minnətdarlığını ifadə edib.

    Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd edib və dünyanın dövlətimizin başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirib.

    Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə edib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını deyib, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxunub.

    Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirib.

    Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırlayıb, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.

    Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu deyib.

    Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunulub. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıldığını bildirib, hazırda onların bərpa olunduğunu qeyd edib.

    Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.







  • Prezident: “Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur”

    “Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana bu ölkənin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

    Hazırda ikitərəfli gündəlikdə duran məsələlərin əhatə dairəsinin genişləndiyini və yeni məzmunla zənginləşdiyini bildirən Azərbaycan Prezidenti vurğulayıb ki, müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.