Category: Siyasət

  • Prezident “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”ni TƏSDİQLƏDİ

    “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sisyemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.

    Nazirlər Kabineti isə fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ

    Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edilir.

    Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.

    Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

    Bildirilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.

    Vurğulanıb ki, qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

    Bundan başqa, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

    Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, “Reklam haqqında” qanunda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

    Dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

    Bundan başqa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun tətbiqini təmin etmək məqsədilə sərəncam da imzalayıb.

  • Prezident dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra tənzimləmələri TƏSDİQLƏDİ

    Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, “Dövlət qulluğu haqqında” qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilib, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilib.

    Bundan başqa, əvvəllər tənzimlənməyən bir sıra münasibətlərə dair (dövlət qulluqçusunun hərbi xidmətə çağırılması ilə əlaqədar və s) yeni hüquqi əsaslar yaradılıb, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilib.

    Vergi Məcəlləsinə edilən dəyişikliklər isə fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi (dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün), “Sosial sığorta haqqında” qanuna edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır.

  • Ceyhun Bayramovla Gideon Saar arasında geniştərkibli görüş keçirilib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Gideon Saar arasında geniştərkibli görüş baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar tərəfindən həmçinin əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı maraqlar vurğulanıb.

    Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.

    Onlar öz regionlarında və ondan kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini qeyd ediblər.

    Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər.

  • İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlanıb, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.

  • İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadla həmin məktubun mətnini təqdim edir:

    “Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?

    Tramp sülh müqaviləsini dəstəklədiklərinə görə Əliyevə və Paşinyana təşəkkür edib.

    O, bu barədə öz sosial media hesabında yazıb.

    ABŞ prezidenti Donald Tramp ötən avqust ayında imzalanmış sülh müqaviləsini dəstəklədiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edərkən bunu sona çatdıra bildiyi səkkiz müharibədən biri adlandırıb və indi regionda “sülh və rifah hökm sürür” sözlərini yazıb.

    O, həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı müqavilə imzalamaq, Amerikanın əsas yarımkeçirici istehsalçıları ilə müqavilələr bağlamaq və Azərbaycana zirehli gödəkçələr və qayıqlar da daxil olmaqla ABŞ müdafiə avadanlıqları tədarük etməyə başlamaq niyyətində olduğunu açıqlayıb.

  • Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

    “Zəngəzur dəhlizinin işə salınması Orta Dəhliz üzrə yükdaşımalar üçün əlavə imkanlar açacaq”.

    Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

    Nazir Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd) dəmir yolunun tikintisinin davam etdiyini diqqətə çatdırıb:

    “Zəngəzur dəhlizinin bütün hissələrinin, o cümlədən Azərbaycanda və Ermənistanda yerləşən seqmentlərin açılması ilə dəhlizin buraxılış qabiliyyəti artacaq. Alternativ imkanlar Çinlə Avropa arasında yükdaşımaların səmərəliliyini yüksəldəcək”.

  • Cey Di Vens Azərbaycana səfər edəcək

    ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralda Azərbaycana və Ermənistana səfəri planlaşdırılıb.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki hesabında yazıb.

    Onun sözlərinə görə, səfərin məqsədi sülh səylərini daha da inkişaf etdirmək və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) irəlilətməkdir.

    Tramp ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığını gücləndirəcəyini, Ermənistanla dinc nüvə əməkdaşlığını inkişaf etdirəcəklərini vurğulayıb.

  • Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar

    Bu gün başa çatan Davos Forumu yalnız dünya iqtisadiyyatının gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi strukturun transformasiyası nöqteyi-nəzərindən mühüm mesaj və bəyanatlarla yadda qaldı. Forumdan öncə açıqlanan Qlobal Risk Hesabatında da beynəlxalq münasibətlərin mövcud vəziyyəti “soyuqlamış, hərarəti qalxmış və virusa yoluxmuş” sistem kimi təsvir edilirdi.

    Artıq indidən builki Davos Forumunu XX və XXI əsrin dönüş nöqtələri ilə müqayisə etmək mümkündür:

    – 1946-cı ildə Fultonda Uinston Çörçillin çıxışı ilə Qərblə SSRİ arasında 45 il davam edən “soyuq müharibə”nin ideoloji təməli qoyuldu;

    – 2007-ci ildə Münhendə Vladimir Putinin çıxışı Qərb-Rusiya münasibətlərində yeni və gərgin mərhələnin başlanğıcı oldu;

    – 2026-cı ildə isə Davos orta güclərin beynəlxalq münasibətlər sisteminə müstəqil subyekt kimi daxil olduğu yeni dünya düzəninin başlanğıc nöqtəsi kimi tarixə düşdü.

    Davos Zirvəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan kimi ölkələrin artıq “orta güc” statusuna yüksəldiyini faktiki olaraq təsdiqlədi. Bu dövlətlər beynəlxalq münasibətlərin passiv obyekti olmaqdan çıxaraq, qərarverici subyektlərə çevrildilər.

    Forumda Almaniya Kanslerinin çıxışı Avropanın yeni qlobal düzəndə Berlin mərkəzli təmsil olunacağına dair açıq mesaj idi. Kansler son 30 ildə beynəlxalq hüquqa əsaslanan qlobal nizamın ciddi qüsurlara malik olduğunu və onun təməl sütunlarının sarsıldığını etiraf etdi. Yeni sistemin daha çox sərt gücə əsaslanacağını bildirən Almaniya özünü ABŞ, Çin və Rusiyadan sonra növbəti qlobal güc mərkəzi kimi təqdim etdi.

    Almaniya Kansleri çıxışında bildirib:

    “Biz heç vaxt bir həqiqəti unutmamalıyıq: yalnız gücə əsaslanan dünya təhlükəli dünyadır. Bu, ilk növbədə kiçik və orta dövlətlər üçün, eyni zamanda böyük dövlətlər üçün də təhlükəlidir. Mən bunu ağır ürəklə deyirəm. XX əsrdə mənim ölkəm – Almaniya bu acını son damlasına qədər yaşadı və dünyanı dərin uçuruma yuvarlatdı”.

    Bu fikirlə kansler etik normalarla məhdudlaşdırılmayan güc anlayışının fəlakətə aparan yol olduğunu etiraf etmiş oldu.

    Maraqlıdır ki, bu tezis Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif beynəlxalq tribunalarda səsləndirilib. Dövlət başçısı yerli mediaya müsahibəsində demişdi:

    “Bugünkü dünyada beynəlxalq hüquq anlayışı faktiki olaraq yoxdur. Bunu hər kəs qəbul etməlidir. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Amma heç bir ölkə haqsızlıq etməməli, digər dövlətin ərazi bütövlüyünə göz dikməməlidir”.

    Davos-2026 bir daha göstərdi ki, dünya “güclünün hüququ” mərhələsinə daxil olduğu bir dövrdə İlham Əliyevin formalaşdırdığı bu siyasi düstur yaşamaq, mövcudluğunu qorumaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas istiqamətverici mayaka çevrilir.