Month: May 2018

  • Oğlanlar “Facebook”a qız adı ilə niyə girir? – MÜTLƏQ OXUYUN – VİDEO

    “Facebook” bu yaxınlarda 500 milyon feyk profil tapıb və onları silib. Milyardlarla istifadəçisi olan “facebook” bunu edirsə, deməli, vəziyyət adi məsələ kimi başa düşülməməlidir. 

    Çünki bizdən uzaqlarda təhlükəsizlik orqanları da başa düşüb ki, saxta profillər nəinki adam aldadır, şantaj edir hətta ağır cinayətlərə gətirib çıxarır. Biz də söhbəti gətirib çıxardıq Azərbaycana, çünki bizdə də facebook istifadəçiləri var, onların arasında feyk yəni, saxta profilləri olanlar da yox deyil. Deməli təhlükə bizdə də var. Yaxşı, bəs, belə insanlar niyə var?

    ARB TV-nin “Günə doğru” verilişində “Facebook”dakı saxta profillər barədə sujet efirə gedib.

    Rəşad Əsgərov – Sosioloq: “Sosialogiyada ümumiyyətlə, şəxsiyyətin parçalanması məsələsi gündəmə gəlir ki, insanlar özlərini olduğu cinsdə təqdim etmir. Özünü əks obrazda təqdim edir və meylli olur”.

    Bəs bu meyllik nədən yaranır. Bəlkə, bu elə psixoloji problemlərdir. Yoxsa, insan niyə durduğu yerdə saxta profil açsın ki?

    Vəfa Əkbər – Psixoloq: “Eqosunu doydura bilməyən insanlar çox vaxt belə bir şeyə əl atır ki, özlərini rahatlaşdırsınlar”.

    Saxta profil sahibləri, insanlıq baxımından kasıbdırlar, saxtadırlar. Yalan danışırlar, şər-böhtan atmağa meylli olurlar, özlərinə vurğundurlar. Bəlkə, qabaqlayıcı mexanizm var, biz bilmirik.

    Rəşad Əliyev, İT mütəxəssis: “İnternetdə kifayət qədər sərbəstlik var. Bundan qaçmaq mümkün deyil”.

    Bu “Twitter”in texnologiyasıdır. Burda bir məsələ də var, nə məcburdu ki, bir insan saxta profil açsın.

    Deməli insan daha rahat yol tapır, saxta yol. Hesab açır, bəlkə, bunun qarşısının alınması mexanizmi olsun!

    Sadəcə siz diqqətli olun, saxta profillərə görə. Hər profillə yazışmaq, dostluq göndərmək və ya qəbul etmək olmaz.

  • Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü – VİDEO

    Bakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb.

    Baku.ws-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi tərəflər arasında əlbəyaxa dava olub.

    Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib.

    Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib.

    Bundan sonra yaşlı kişi ilə gənclər arasında dava başlayıb. Hadisənin görüntüləri anbaan kameraya düşüb. Ətrafdakı insanlar davaya müdaxilə edib və dalaşan şəxsləri uzaqlaşdırıb.

    Davanın görüntüsünü təqdim edirik:

  • Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNİB

    Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Zati-aliləri.

    Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına firavanlıq arzularımı qəbul edin.

    2017-ci ilin oktyabr ayında ölkənizə səfərim zamanı qurulmuş dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm.

    Mən əminəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sıx əlaqələr gələcəkdə də xalqlarımızın mənafeyi naminə dostluq və xoş niyyət ruhunda inkişaf edəcəkdir.

    Sizə Azərbaycan Respublikasının tərəqqi və inkişafı yolunda ali dövləti fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

    Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin”.

    * * * * *

    Latviya Respublikasının prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Zati-aliləri,

    Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza rifah və sülh diləyirəm.

    Mən Latviya ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığı görməkdən çox məmnunam. Fürsətdən istifadə edərək, bizim siyasi, iqtisadi və mədəni əlaqələrin vətəndaşlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istərdim.

    Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Həbsdən çıxan işsizlərə – MÜJDƏ

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub.

    Qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir.

    Yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası yenidən müəyyən edilib.

    Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir.

    Onlar bu hüquqdan istifadə etmədikdə isə bu, sistem tərəfindən edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir.

    Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünə məşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə ilə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib.

    Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər.

    İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

    Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. Bu məbləğ isə hazırkı məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.

    Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub./oxu.az

  • Leyla Əliyeva Emin Ağalarovu belə təbrik etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Emin Ağalarovu təbrik edib.

    Median.Az “Qaynarinfo”ya istinadən bildirir ki, mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən konsertdə müğənni Emin Ağalarovla bir araya gələn Leyla Əliyeva onu Xalq artisti fəxri adı alması münasibəti ilə təbrik edib: 

    “Emin Ağalarovu Xalq artisti fəxri adı alması münasibətilə səmimi qəlbdən təbrik edirəm”.
     
     

  • Sığorta şirkətlərinin fırıldaqları – Sürücülər boğaza yığılıb

    Uzun illərdir ki, sığorta şirkətlərindən müxtəlif şikayətlər edilir.

    Zərərçəkmiş şəxslər tərəfindən sığortaçıların min bir bəhanə gətirərək dəymiş zərəri ödəməkdən qaçdığı barədə iddialar səslənir.

    Elə ötən gün Lənkəran rayon sakini Amid Nazim oğlu Həsənov “report”a açıqlamasında sığorta şirkətinin avtomobilinə dəymiş ziyanın heç 1/5-ni ödəmədiyini deyib: “Maşınıma 5 min manata yaxın ziyan dəyib, ancaq şirkət 975 manat pul ayırıb. Bu pula avtomobili təmir etdirmək qeyri-mümkündür”.

    Zərərçəkmişin şikayəti isə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindəndir (“Azərsığorta”). “Azərsığorta”dan isə bildirilib ki, şirkət müəyyənləşdirdiyi sığorta ödənişi məbləğinə tam cavabdehdir, çünki həmin məbləğ təmir xidməti ilə birlikdə hesablanır: “Təmir xidməti hesablanmış məbləğə avtomobili təmir edəcəyini bildirdikdən sonra, həmin məbləği vətəndaşa təklif edirik. Vətəndaşların istəyi ilə təmir bir neçə yerdə həyata keçirilə bilər”.

    Sığorta şirkəti hesablamanın düzgün aparıldığını desə də, nəticə də yenə də vətəndaşın narazılığı qalır. Bəs tərəflər arasında bu cür konfliktlərin yaşanmaması üçün bu məsələlər necə həll edilməlidir?

    Sığorta şirkətinin dəymiş ziyanı hesablama qaydaları barədə Minval.info-ya danışan nəqliyyat üzrə eskpert Ərşad Hüseynov bildirib ki, hazırda hər bir şirkət öz arşınına görə qiymətləndirmə aparır:

    “Qanunvericiliyə əsasən, indiki dövriyyəyə uyğun, ağlabatan bir qiymət müəyyən edilməlidir. Bu dəymiş zərərin miqyası isə qiymətverici tərəfindən ölçülməlidir. Bizim sığorta şirkətlərinin ən əsas çatışmazlığı budur ki, hər kəsin etibar etdiyi, düzgün meyarları olan bir qiymətləndirici qurum yoxdur. Bütün problemlər də buna görə yaranır. Avtomobillərin növündən, markasından, istehsal ili və ölkəsindən, göstəricilərindən asılı olaraq müxtəlif qiymətlər var. Xidməti göstərən servisin yerləşdiyi yer, texnoloji təchizat səviyyəsi də dəymiş zərərin müəyyən edilməsi üçün əsas götürülür”.

    Problemin aradan qaldırılması üçün ekspertin təklifi obyektiv qurumun yaradılmasıdır:

    “Yaxşı olardı ki, vahid, akkreditasiya olunmuş, sertifikatlı bir qiymətləndirici təşkilat yaradılsın və dəqiqə yaxın, ortaq məxrəcə gətirilmiş qiymətləndirmə meyarı müəyyənləşdirilsin. Ancaq hazırda praktika belədir ki, sığorta şirkətlərinin daimi əməkdaşları var. Təəssüf ki, sığorta şirkətlərinin hamısı yox, ancaq çoxları həmin əməkdaşlarının köməyi ilə öz mənafelərinə uyğun qiymətlər qoyurlar. Buna görə də mübahisələr yaranır. Təbii ki, sığorta şirkətinin xidmətindən istifadə edən şəxs məhkəmə qarşısında iddia qaldıra bilər, ancaq bu prosedurlar həmin tərəf üçün baş ağrısına çevrilir”.

    Beynəlxalq təcrübəyə gəldikdə isə mütəxəssis söyləyib ki, dünyada da, əsasən, bu cür obyektiv, öz bazar payı üçün düzgün çalışan təşkilatlar mövcuddur: “Bu təşkilatlardan kənar, bəzi ölkələrdə isə, heç qiymətləndirmə aparılmır, elə şirkət maşını ağlabatan, keyfiyyətli şəraitdə təmir etdirib sahibinə geri qaytarır”.

    Həmin qurumların statusu barədə isə Ərşad Hüseynovun fikrincə özəl təşkilat olması daha məqbuldur:

    “Belə təşkilatın dövlət tərəfindən yaradılması arzuolunan deyil. Birincisi, dövlətin yükü artır, ikincisi belə məsələləri tənzimləmək dövlətin funskiyası deyil. Yaxşı olar ki, sanballı, ixtisaslı özəl qurumlar fəaliyyətə başlasın. Dövlətin də funksiyası onlara nəzarət etməkdir”.//minval.info

  • Gömrük Komitəsində kadr dəyişikliyi olub

    Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitənin Enerji Gömrük İdarəsinin rəisi olan Vaqif İbrahimov vəzifəsindən azad olunaraq Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə rəis təyin edilib.

    İndiyədək Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi olan Telman Mehdiyev isə Enerji Gömrük İdarəsinə rəhbər təyin edilib.

  • Deputat: Cənub Qaz Dəhlizi Azərbaycanı bazarda mühüm oyunçuya çevirir

    Cənub Qaz Dəhlizinin açılışı həm Azərbaycan üçün, həm də region üçün böyük əhəmiyyətə malikdir.

    Bunu oxu.az-a açıqlamasında Azərbaycanın AŞPA və ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Elşad Həsənov deyib.

    Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin istismara verilməsi Azərbaycanı regional təbii qaz bazarında mühüm oyunçuya çevirir.

    O qeyd edib ki, Azərbaycan bundan həm maddi olaraq, həm də geosiyasi baxımdan faydalanacaq:

    “Qaz ixracından əldə edilən gəlirlər iqtisadi inkişafımıza yeni stimul verəcək. Artan maliyyə imkanları Azərbaycan iqtisadiyyatını daha da diversifikasiya etməyə şərait yaradacaq. Qaz ixracından əldə edilən maliyyə vəsaitləri iqtisadiyyatımızın digər prioritet sahələrinə yatırılacaq.

    Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı dinamik yüksəlişin yeni mərhələsinə qədəm qoyacaq. Cənub Qaz Dəhlizinin açılışının digər mühüm aspekti geosiyasətdir. Sirr deyil ki, müasir dünyada təbii resurslar həm də bəzən siyasi alət kimi çıxış edir.

    Azərbaycan qazının dünya bazarına çıxışı bizim siyasi mövqelərimizi daha da möhkəmləndirəcək. Bizim müstəqil siyasətimiz davamlı və daha qətiyyətli olacaq. Biz öz milli maraqlarımızı daha əzmlə müdafiə edəcəyik. Cənub Qaz Dəhlizi böyük infrastruktur layihəsidir.

    Layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Bir sözlə, Cənub Qaz Dəhlizinin açılışı müasir Azərbaycan üçün çox əlamətdar hadisədir”.

  • Sabah 26 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mayın 31-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında mayın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 11-16, gündüz 26-31, dağlarda gecə 5-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza əsasın, mayın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • DTX və polis birgə əməliyyat keçirib

    Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən “AKMS” silahı, “TOZ-16” tüfəngi, 13 ədəd avtomat patronu və bir ədəd patron darağı götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və doqquz ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.