Month: May 2018

  • “Maşın”da kimlər ön plana çıxacaq? – VİDEO

    Teleməkanın ən qalmaqallı proqramı “Maşın”ın ilk buraxılışı izləyicilərə sürprizlər yaşadıb.

    “Xanımlar və cənablar – 2” devizi ilə yayımlanan yarışmada ən çox aparıcıların olması diqqət çəkib.

    Belə ki, 18 iştirakçının Azər Axşam, Günel Hümbətova, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Firuzə Cəlilova, Aytən Səfərova olmaqla, altı nəfəri aparıcıdır.

    Aparıcılardan sonra üstünlük təşkil edən müğənnilərdir. Budəfəki “Maşın”da beş müğənni iştirak edir: Əli Mirəliyev, Ruhəngiz Musəvi, Rahidə Baxışova, Roza Zərgərli, Abbas Bağırov.

    Üçüncü pillədə üç nəfər olmaqla, aktyorlar qərarlaşıb. Pərvin Abıyeva, Cavidan Novruz və Məcid Hüseynov “Maşın” uğrunda mübarizə aparanlar sırasındadır.

    Söz ustadları – reperlər Qurd və Uran say hesabına görə “Maşın”da dördüncü yerdədir.
    Meyxanaçıları Ələkbər Yasamallı, vaynerləri isə Hüseyn Əzizoğlu təmsil edir.

    Sosial mediada başlayan müzakirələri və yarışmada təcrübəsi olan iştirakçıları nəzərə alsaq, bu dəfə aparıcıların daha önplana çıxacağı gözlənilir.

    Hərarətli çıxışları ilə Aytən Səfərova, Günel Hümbətova və Mətanət Əliverdiyevanın diqqət mərkəzində olacağı şübhəsizdir.

    Əli Mirəliyevi də bu sıraya aid etmək olar. Müğənni oyunçuların ən sevmədiyi rəqibdir. Bunun da bariz nümunəsi “Maşın”ın ilk günündə simvolik olaraq keçirilən səsvermə zamanı məlum olub.

    İkinci dəfə “Maşın” uğrunda savaşa başlayan Pərvin Abıyeva sosial şəbəkələrdə və mediadakı gücü ilə haqqında daha çox xəbər yazılan iştirakçılardan biri olacaq.

    Gözəlliyi ilə tamaşaçıları ekran başına cəlb edən Abıyevanın kiminlə yaxın və kiminlə düşmən olacağını isə zaman göstərəcək. Sosial mediada tamaşaçıların kəskin nifrətinə səbəb olan iştirakçı isə Hüseyn Əzizoğludur.

    Haqqında ən çox status yazılan şəxs də məhz Əzizoğludur. Onlar vaynerin “Maşın”da iştirakını birmənalı qarşılamır. Sözsüz ki, əhali arasında ona qarşı olan bu nifrət səsvermə zamanı da özünü göstərəcək. Təxminlərimiz “Getsin”ə səslərin daha çox gələcəyini deyir.

    Realiti şounun digər maraqlı iştirakçıları “Maşın”da “Qara dama” təxəllüsü qazanmış, üçüncü dəfədir şouda iştirak edən Roza Zərgərli və “Maşın” ətrafında dördüncü dəfədir dövrə vurmağa hazırlaşan Əməkdar artist Abbas Bağırovdur. Bağırovun təcrübəsindən yararlanaraq, sakit, ancaq strateji oyun sərgiləyəcəyi gözləniləndir.

    Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzun da önplana çıxacağı danılmazdır.
    İlhamə Bədəlova və Fira Cəlilova isə tamaşaçıların həvəslə gözlədiyi iştirakçılar olmasalar da, diqqət çəkmək istəyi onlarda da özünü büruzə verəcək.

    Ruhəngiz Musəvi, Rahidə Baxışova, Azər Axşamın və Qurdun daha sakit olacağı güman olunur.

    “Maşın”ın ən gözlənilməz iştirakçısı isə Urandır. Şoudan ötrü Parisdən Bakıya gələn reperin dəstəkçiləri də yetərincədir. İkinci “Qaraqan” hadisəsinin yaşanacağı isə istisna deyil.

    Xatırladaq ki, bu gün “Maşın” realiti şousunun ikinci günüdür. Bu axşam ATV-də 22:15-də gərgin mübarizənin ilk günü yaşanacaq./oxu.az

  • Ramil Şeydayev Avstriya klubuna keçə bilər

    Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Avstriyanın “Matersburq” komandasına keçə bilər.

    “Qarabağ”dan ayrılan futbolçu bu barədə Avstriya mətbuatında çıxan xəbərləri təkzib etməyib.

    Qeyd edək ki, Ramil Şeydayev müqavilə ilə Türkiyənin “Trabzonspor” klubuna məxsusdur.

  • Mehriban Əliyeva: AXC-də qadına hörmət, tolerantlıq dəyərləri öz əksini tapdı

    Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

    Məktubu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.

    Mehriban Əliyevə təbrik məktubunda vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlətçiliyin bütün atributları təsis edilib:

    “Azərbaycan Xalq Cümhuriyyətində qadına hörmət, tolerantlıq və başqa bir çox dəyərlər öz əksini tapdı. O vaxt öz dövrünü qabaqlayan olduqca mütərəqqi qərarlar verildi. Qadınlar kişilərlə birgə seçmək və seçilmək hüququ əldə etdilər.

    Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq, cümhuriyyətin süqutundan sonra da Azərbaycanda qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi.

    Azərbaycan qadınları özləri üçün yeni peşələr və fəaliyyət sahələri öyrəndilər. Ölkədə ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi.

    Müasir Azərbaycan özünü təsdiq edən və dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür”.

  • Səs-küylü “Maşın”dan kadrarxası görüntülər – VİDEO

    Xəbər verdiyimiz kimi, qalmaqallı və səs-küylü “Maşın” realiti şousu dünən gecədən etibarən start götürüb.

    Bir neçə aydır hazırlıqlarına başlanılan şounun kadrarxasında gərgin və nəticəsi gözəl olan anlar yaşanıb.

    “M Group Production”ın böyük məsuliyyətlə yanaşdığı şounun ilk günü sakit ötüşsə də, sosial mediada müzakirə olunmaq üçün iştirakçıların adlarının məlum olması bəs edib.

    Şounun kadrarxası görüntülərini və hazırlıq prosesini təqdim edirik:
    /oxu.az

  • İtkin düşən müəllimin meyiti sellofan torbada tapılıb – YENİLƏNİB

    Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev mayın 24-dən itkin düşmüş müəllim Sarayxanım Abdullayevanın onun sifarişi ilə qətlə yetirildiyini etiraf edib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, R. Ağayev istintaqda dindirmə zamanı bildirib ki, S. Abdullayeva onun sifarişi ilə Xankərəm Kərimov tərəfindən öldürülüb.

    O da məlum olub ki, X. Kərimov özünə məxsus “KİA Rio” markalı avtomobilində S. Abdullayevanı Şirvan şəhəri “Cənub” İES-in yaxınlığına gətirərək, orada sellofan torba ilə boğub.

    7-8 saat avtomobildə qalan meyit sonradan R. Ağayevin köməyi ilə axşam saatlarında Şamaxı rayonunun Göylər kəndi ərazisində, yaşayış məntəqəsi olmayan dağlıq ərazidə yarğana atılıb.

    * * * * *

    Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın Hacıqabul rayon sakini, 1992-ci il təbəllüdlü Kərimov Xankərəm Kərim oğlu tərəfindən öldürüldüyü məlum olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, X. Kərimov saxlanılıb.

    10:53

    Şirvan şəhərində itkin düşən müəllimin meyiti tapılıb.

    Oxu.Az Report-a istinadən xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib.

    Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub.

    Həmin torba Çöl Göylər – Dağ Göylər avtomobil yolunda dərəyə atılıb.

    İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.

  • Sərhəddə əməliyyat: Banqladeş vətəndaşları saxlanıldı – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) və DİN əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Heydər oğlu saxlanılıb.

    DSX-dan bildirilib ki, o, İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məcburi köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respublikasından Azərbaycan Republikasının ərazisinə keçməyə cəhd göstərib.

    Sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan Respublikası ərazisinə rəsmi yolla gəlmiş beş nəfər Banqladeş vətəndaşına bələdçilik edərək İran ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sərhədini pozması müəyyən edilib.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Banqladeş vətəndaşları – 1993-cü il təvəl­lüdlü Mahammad Calal Uddin, 1994-cü il təvəllüdlü Axmed Ma­lik Minbarali, 1995-ci il təvəllüdlü Min­haj Uddin Cabed, 1998-ci il təvəllüdlü Abdul Kazim Tolukber, 1999-cu il tə­vəllüdlü Mahammad Ebad Mozumber şübhəli şəxs qismində saxlanılıblar.

    Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


  • Nazirlik müəssisə rəhbərini cərimələdi – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı araşdırma aparıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

    Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

  • Gecəni kompüter arxasında keçirməyin zərəri açıqlandı

    Gecə saatlarında uzun müddət kompüter və mobil qurğulardan, o cümlədən smartfon və tabletlərdən istifadə ciddi yuxu pozuntusuna səbəb olur və orqanizmin gündəlik ritmlərini pozur

    Harvard universitetindən olan tədqiqatçıların bu haqda elmi işinin nəticələri “Physiological Reports” jurnalında dərc olunub.

    Tədqiqatda 22-28 yaşlar arasında qadın və kişilər iştirak edib.

    Eksperimentdə iştirak edən könüllülər ardıcıl olaraq beş axşamı kompüter arxasında keçirib, digər beş axşamı isə qəzet, kitab və ya digər çap materialları oxuyub.

    Nəticələrə əsasən, işıqsaçan qadjetlər (kompüter, smartfon, tablet və s.) yuxuya getmə tezliyinə mənfi təsir göstərib.

    Könüllülər elektron cihazlar arxasında keçirdikləri axşamlarda yarım saat daha gec yuxuya getdiklərini bildirib.

    Həmçinin onlar natamam yuxudan və səhərlər özlərini kifayət qədər gümrah hiss etməmələrindən şikayət edib.

    Tədqiqatçılar onu da müəyyən edib ki, qadjetlərdən həddindən artıq istifadə yuxuya cavab verən melatonin hormonunun ifrazını zəiflədir. Qeyd edək ki, bu hormon epifizin ən əsas hormonudur. Gecə və gündüzün sirkat ritmini təyin edir.

  • Jirinovski: İranlı qaçqınlar Azərbaycana doluşacaq – VİDEO

    ABŞ-ın İranın nüvə sazişindən çıxması islam respublikasında sosial partlayışa səbəb ola bilər. Bu baş versə nəticədə Qafqaz iranlı qaçqınlarla dolacaq.

    Median.Az “News.ru”ya istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

    Onun sözlərinə görə, ABŞ öz sanksiyaları ilə İranın iqtisadiyyatını sarsıtmağı bacarmayacaq, belə ki, İranın xarici təsirlərə davamlı iqtisadiyyatı var. Ancaq dini qruplar arasında ixtilafın təhriki nəticəsində, ölkədə sosial qeyri-sabitlik meydana gələ bilər.

    Jirinovski İranda sünilərlə şiyələr arasında uzun illərdən bəri dini ixtilafların yaşandığını diqqətə çatdırıb.

    “Bəs iranlılar hara qaçsınlar? Ancaq şimala: onlar Gürcüstan, Ermənistan və Azərbaycana doluşacaq. Onlarla hətta Rostov-na-Donuda da qarşılaşa biləcəksiz. Biz onları özümüzdən divarla ayıra bilmərik axı”.

    Liberal-demokratların lideri eyni zamanda dünyada vahid siyasi düzən qurmaq cəhdlərinə görə ABŞ-ı tənqid atəşinə tutub./oxu.az

  • “Euronews”: Dolma Azərbaycan mətbəxinin kraliçasıdır – VIDEO

    Azərbaycan mətbəxinin əsl kraliçası dolmadır. Bu yeməyə olan sevgi ölkənin bütün bölgələrini və millətlərini istisnasız birləşdirir. Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olub

    Azərbaycan mətbəxinin kraliçası olan dolma haqqında “Euronews” telekanalının müxbiri Qalina Polonskaya danışıb:

    “Dolma Azərbaycan mətbəxinin sütunlarından biridir. Ölkədə bu yeməyin 386 növü məlumdur. Dolmanın bükülməsi zərgərlik nümunəsidir”.

    “Ət, düyü, göyərti, soğan, üzüm yarpağı: Azərbaycan dolmasının uğurlu olmasının sirlərindən biri yerli, təbii, təzə məhsullardır”, – Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova deyib.

    O, nənəsigildə dolmanın hazırlanmasını öyrənib. Şəxsi reseptini gələcək nəsillərə ötürmək burada ənənədir.

    Ceyran Əsgərova deyir:

    “Prosesin çətin tərəfi ondan ibarətdir ki, dolma balaca olmalıdır, qəşənq bükülməlidir, dəyirmi olmalıdır, hazırlanma zamanı yarpaqlar dağılmamalıdır”.

    “Azərbaycan bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil”, – reportajda qeyd edilib.