Month: April 2020

  • Koronavirusdan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi ilə bağlı ən çox verilən SUALLAR və CAVABLAR

    Median.Az koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar və onların cavablarını təqdim edir.

    – Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi hansı sahibkarlara aiddir?

    – Dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirir.

    – Pandemiyadan zərər çəkən sahələr hansılardır?

    – Pandemiyadan zərər çəkmiş 4 böyük sektor üzrə aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilib.

    • Sənaye sektoru üzrə:
    • İstehsal sektoru (ərzaq, dərman, tütün və içki istehsalı istisna olunmaqla).
    • Ticarət sektoru üzrə:
    • Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olunmaqla);
    • Mebel istehsalı və satışı;
    • Zərgərlik məmulatlarının satışı.
    • Turizm, ictimai iaşə və digər xidmətlər sektoru:
    • yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
    • turoperator və turagent fəaliyyəti;
    • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətləri;
    • ictimai iaşə fəaliyyəti;
    • sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
    • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
    • hazırlıq (tədris) və ixtisasartırma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərin fəaliyyəti;
    • bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti,
    • özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları);
    • avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri.
    • Nəqliyyat sektoru:
    • Ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti.

    – Maliyyə dəstəyi proqramının başlanması barədə haradan xəbər tutmaq olar?

    – “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə, həmçinin onların mobil telefonlarına SMS vasitəsilə göndərilir.

    – Vergi orqanlarında qeydiyyata alınmış mobil telefon nömrəsi bağlıdırsa, sahibkar nə etməlidir?

    – “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə də göndərilir.

    – Dövlət dəstəyindən faydalanmaq üçün sahibkar nə etməlidir?

    – Vergi ödəyiciləri müraciəti İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etməlidirlər.

    – Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etmək lazımdır?

    – Vergi ödəyiciləri İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” altbölməsinə daxil olaraq, buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.

    – Əməkhaqqının ödənilməsi ilə bağlı sahibkardan hansı məlumatların verilməsi tələb olunur?

    – Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları – vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları – avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar.

    – Bu məlumatlar yoxlanacaqmı?

    – Məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Vergi ödəyicisi məlumatların səhih verildiyinə, vergi orqanlarına təqdim etdiyi hesabatlardakı göstəricilərdən fərqli olmamasına diqqət yetirməlidir. Müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlayacaq. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir.

    – Əgər məlumatlarda uyğunsuzluq aşkarlanarsa, bunu düzəltmək imkanı olacaqmı?

    – Vergi ödəyicisinə uçot məlumatları üzrə uyğunsuzluğu aradan qaldırmaq və şəxsi kabineti vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

    – Ödənişlər nə vaxt veriləcək?

    – Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

    – Sahibkar bu vəsaitləri digər təxirəsalınmaz zəruri xərclərinə yönəldə bilərmi?

    – Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

    – Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən hansı meyar əsas götürələcək?

    – Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür.

    – Əgər işçilər orta aylıq əməkhaqqından daha çox maaş alırsa, onlara hansı məbləğ ödəniləcək?

    – Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

    Misal:

    Vergi ödəyicisinin 10 işçisi var. Aprel ayı üçün onlardan 6-sı 600 manat, 4-ü isə 1200 manat əməkhaqqı alır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən, həmin ay üçün 6 nəfər əməkhaqqı həcmində (600 manat), 4 nəfər orta aylıq əmək haqqından yuxarı maaş alan işçilər isə 712 manat əmək haqqı alacaqlar.

    – Əmək haqlarına hesablanmış sosial sığorta ayırmaları da qarşılanacaqmı?

    – Dövlət maliyyə dəstəyi muzdlu işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsinin də vergi ödəyicilərinin bank hesablarına köçürülməsini nəzərdə tutur.

    – Maliyyə dəstəyi alan ödəyicilər barədə məlumat açıqlanacaqmı?

    – Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

    – Maliyyə dəstəyi zərər çəkən fərdi sahibkarların hamısına aiddirmi?

    – Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edilir.

    – Maliyyə dəstəyi fərdi sahibkarlara necə çatdırılacaq?

    – Dövlət büdcəsindən ayrılan vəsaitlər fərdi sahibkarların bank hesablarına köçürüləcək.

    – Fərdi sahibkarlar maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etməlidir

    – Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi elektron kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə  daxil olaraq elektron qaydada müraciət formasını doldurmalıdırlar.

    – Fərdi sahibkarlardan hansı məlumatların verilməsi tələb olunur?

    – Müraciət formasında reyestr məlumatları – vergi uçotunda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər – avtomatik əks etdirilir. Sahibkarlar isə müraciətlərində öz vergi rejimi barədə məlumatları (2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması, yaxud gəlir vergisi mükəlləfiyyəti olması), habelə vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabını göstərməlidirlər.

    – Fərdi sahibkarın verdiyi məlumatlar necə yoxlanılacaq və yanlışlıq olduğu halda, bunu düzəltmək imkanı olacaqmı?

    – Fərdi (mikro) sahibkarların verdiyi məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Müraciətin yoxlanılması zamanı vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması ilə bağlı uyğunsuzluqlar olub-olmaması araşdırılır. Əgər uçot məlumatlarında uyğunsuzluq aşkar edilərsə, bu halda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı verilir.

    – Maliyyə dəstəyinin göstərilməsi anına, sahibkarın dövlət büdcəsinə borcu olarsa, ona ödənilən vəsait borca silinə bilərmi?

    – Pandemiyadan zərər çəkmiş vergi ödəyicilərinə göstəriən maliyyə dəstəyi üzrə ödənilmiş vəsaitlər digər borclara görə silinməyəcək. Vergi ödəyicisinin dövlət büdcəsinə və ya  büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin ediləcək.

    – Fərdi sahibkarlara dövlət dəstəyinin minimal həddi varmı?

    – Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi 5000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

    Misal:

    Fərdi sahibkarın ötən il ərzində ödədiyi vergilərin məbləği 180 manat təşkil edir. Bu halda, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində, vergi ödəyicisinə 250 manat məbləğində ödəniş həyata keçiriləcək.

  • Ötən il Azərbaycanda 21 ana ölümü olub

    Keçən il respublika üzrə 21 ana ölümü hadisəsi baş verib.

    Bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

    Sənədə əsasən, körpə ölümü göstəricisi beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,0 promilli təşkil edib

  • Türkiyədən koronavirusdan ölənlərin dəfni ilə bağlı açıqlama

    Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurası və Dini İşlər İdarəsi koronavirusdan ölənlərin dəfni ilə bağlı açıqama yayıb.

    “Report” “Ahaber”ə istinadən xəbər verir ki, infeksiyaya yoluxma riskinə qarşı mütəxəssislərin tövsiyələrini nəzərə alaraq cənazə uyğun şəkildə yuyulmalı, kəfənlənməli, dəfn edilməlidir.

    Qeyd edək ki, martın 22-də hər iki qurum koronavirusa yoluxma halında cənazə namazının qılınması və dəfnlə bağlı fətva yaymışdı. Həmin fətvada insanların bir-birindən sosial məsafəyə diqqət yetirmələri tövsiyə olunurdu.

  • Belarus da koronavirusa görə özünütəcrid qərarı verdi

    Belarus hökuməti koronavirus pandemiyası zamanı özünü təcrid etmək qaydalarını müəyyən edib.

    “Belta” xəbər verir ki, qərara əsasən, Belarus vətəndaşları, COVID-19 diaqnozu qoyulan əcnəbilər, həmçinin, onlarla birinci və ikinci səviyyədə təmasda olanlar özlərini təcrid etməlidir.

    Birinci səviyyəyə aid olanlar xəstə ilə son təmas vaxtından 14 gün ərzində, ikinci səviyyəyə aid olanlar isə xəstəliyin əlamətləri olduqda (öskürək, nəfəs darlığı, temperatur, boğaz ağrısı) özünütəcrid tətbiq etməyə məcburdurlar.

    Özünütəcrid müddətində mağazaya, aptekə və zibil atmağa getmək istisna olmaqla, insanlar yaşayış yerlərini tərk etməməlidirlər. Evdən çıxarkən maska taxmalı və insanlarla ünsiyyət qurmamalıdır. Özünü təcrid edənlərin hamısına xəstəlik məzuniyyəti verilir. İzolyasiya tələblərinin pozulması halında, müvəqqəti müavinətlər 50 faiz azaldılır.

    Son məlumatlara görə, Belarusda 1066 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 13 xəstə ölüb, 77-si sağalıb.

  • DİN növbəti dəfə vətəndaşlara müraciət etdi

    Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildirilir ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarilə ölkənin hər bir sakininin sağlamlığını qorumaqdır:

    “Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağırırıq”.

  • Bakıda karantin qaydalarını pozan keçmiş məhkum özünə xəsarət yetirdi

    Bakının Yasamal rayonunda xüsusi karantin rejimi qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlbetmə) maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin qanuni tələblərinə tabesizlik göstərərək, xüsusi karantin rejimi qaydalarını pozub və üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirib.

    Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

    Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

  • Bakıda 17 yaşlı gənc itkin düşüb

    Ötən gün paytaxt ərazisində 17 yaşlı gənc itkin düşüb.

    Bakının Yasamal rayonu, Z.Xəlilov küçəsində yaşayan, 2003-cü il təvəllüdlü M.Əsədov evdən gedib və geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlandı

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 146 insan alveri və dörd məcburi əmək cinayəti qeydə alınıb.

    Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

    Qeyd olunub ki, 10 nəfərdən ibarət dörd cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.

    2019-cu ildə ayrı-ayrı hüquqazidd əməllərin açılması göstəriciləri də yüksək olub. Belə ki, ağır və xüsusilə ağır cinayətlərin 87,3 faizi, şəxsiyyət əleyhinə olan cinayətlərin 97 faizi açılıb.

    Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də uğurla davam etdirilərək, 329 müvafiq cinayətin açılması təmin edilib.

    Qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində dövlət sərhədlərində keçirilmiş tədbirlər nəticəsində 58 nəfər qeyri-leqal miqrant, qeyri-qanuni miqrasiya ilə məşğul olan altı qrup zərərsizləşdirilib.

  • 477 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub – RƏSMİ

    Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı statistik göstəricilər açıqlanıb.

    Bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyət haqqında icmal hesabatında bildirilib.

    Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş müraciətlərin sayı 1074 olub.

    477 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub.

    15 şəxs (13 şəxsin vəsatətləri Dövlət Miqrasiya Xidməti tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub. 469 şəxs (241 şəxsin vəsatətləri Xidmət tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb, 113 şəxsin sənədləri icradadır.

    2019-cu ilin 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də sayı açıqlanıb – 109 130 nəfər.

  • Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ

    Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir.

    Bu barədə “ASAN Xidmət” məlumat yayıb:

    “Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə “3” kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

    Bir daha xatırladırıq ki, “3” kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qadağan olunub.

    Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək”.