Month: May 2020

  • Həkim-diyetoloq: Smuzilər və detoks çaylar artıq çəkini azaltmağa kömək edir

    Karantin rejiminə əməl etmək lazım gəldiyi dövrdə yemək istəyinə nəzarət etmək çətinləşir. Stress, narahatlıq, məşğuliyyətin olmaması daha çox yeməyə sövq edir. Bu, nəticədə həm artıq çəkiyə, həm də sağlamlığın pozulmasına aparıb çıxarır. Qeyd edək ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir.

    Median.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Artıq çəkinin olması immun sistemini bir qədər aşağı salır, çünki yağ toxumaları nə qədər çoxdursa, immun sistemi o qədər də zəif olur. Ona görə gün ərzində üç dəfə smuzilərdən istifadə etmək bu sahədə müsbət nəticə verər. Smuzi qəbulu həm metabolizmi yaxşılaşdırır, həm qalxanvarı vəzin fəaliyyətini yüksəldir, həm də artıq çəkidən azad edir”.

    O deyib ki, orqanizmi yığılan yağlardan, toksin və şlaklardan təmizləmək üçün də smuzilər çox faydalıdır :”Həmin içki xolesterinin səviyyəsini aşağı salaraq gümrahlıq yaradır. Məsələn, smuzilərdən birinin hazırlanam resepti belədir. Ananas soyulur, quşüzümü, çiyələk, qreypfrut, ispanaq, cəfəri və üzərinə 1 stəkan soyuq su əlavə edilərək şirəçəkəndə çəkilib içilir.

    Smuzilər qədər faydalı olan detoks sular çəki atmaq, immun sistemini gücləndirmək, bədənin qələvi balansını qorumaq və enerjini artırmaq üçün çox faydalıdır. Həmin detoksu gün ərzində su əvəzinə qəbul etmək məsləhətdir. Detoks çayı ananas qabığı, 1 çay qaşığı limon şirəsi, alma sirkəsi, 10-15 ədəd mixək və qara istiot dənələri ilə hazırlamaq olar”.

    Düzgün qidalanmaq həyat keyfiyyətini, sağlamlığı, əhval-ruhiyyəni, maddələr mübadiləsinin dolğun fəaliyyətini təmin edərək bir sıra xəstəliklərin qarşısını almağa imkan yaradır. Unutmaq olmaz ki, düzgün qida rasionu enerji mənbəyidir.

  • Bakıda bu bazarda pozuntular aşkarlandı – VİDEO

    Bir neçə gündür ki, SMS icazələrin müddətinin uzadılması ilə əlaqədar Bakı bazarlarında alıcıların sayı artıb.

    Bazarların kənarındakı mağazalarda, piştaxtaların qarşısında sıxlıq müşahidə olunur.

    Həm sıxlığın, həm də satıcıların işləmək üçün icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə 8-ci kilometr bazarında Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib.

    İşləmək üçün icazəsi olmayanlara polis əməkdaşları tərəfindən protokol yazılıb.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Putin kiçik və orta sahibkarların vergi borclarının silinməsini tapşırdı

    Rusiyada koronavirusdan ən çox təsirlənən sektorlardan olan fərdi, kiçik və orta sahibkarlar, həmçinin sosial yönümlü qeyri-kommersiya təşkilatları üçün ƏDV istisna olmaqla, 2020-ci ilin ikinci rübünün bütün vergi və sığorta haqları silinəcək.

    Meduza.io xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

    O, eyni zamanda məşğulluğu dəstəkləmək üçün yeni kredit proqramına başlandığını elan edib. Koronavirusdan ən çox təsirlənən sektorları təmsil edən bütün müəssisələr bundan faydalana biləcək. Kreditlər bir işçiyə aylıq minimum əməkhaqqı miqdarı əsas götürülərək, 2% endirimlə veriləcək. Bu kreditlər 1 aprel 2021-ci il tarixinə qədər bağlanmalıdır.

    Əgər şirkət kredit proqramının müddəti ərzində işçilərinin 90%-i səviyyəsində məşğulluq təmin edərsə, onun bütün kreditləri və faizləri silinəcək. Məşğulluq 80% səviyyəsində saxlanılırsa, kredit məbləğinin və faizin yarısı silinir.

    Bundan əlavə, Putin fərdi fəaliyyət göstərənlərə 2019-cu il üçün ödədikləri gəlir vergisinin hamısını qaytarmağı və 2020-ci ildə vergi ödəyə biləcəkləri minimum əməkhaqqı miqdarında vergi kapitalı təmin etmələrini göstəriş verib.

    Rusiyalılara müraciət əsnasında Putin Rusiyada 12 may tarixindən etibarən qeyri-iş günü rejiminin ləğv edildiyini bildirib, uşaqlı ailələrə əlavə ödəmələr vədi verib və COVID-19 xəstələri ilə işləyən bütün həkimlərə təcili ödəniş edilməsini tələb edib.

  • Azərbaycanda daha 30 nəfər koronavirusdan sağaldı

    Azərbaycanda 30 nəfər koronavirusdan müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    Hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb.

  • Azərbaycanda daha 70 nəfər koronavirusa yoluxdu – RƏSMİ

    Azərbaycanda 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197 545 test aparılıb.

  • “Dərs vaxtı” verilişinin sabahkı CƏDVƏLİ

    “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 12-nə nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

    Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

  • DİM: Bu il imtahan günlərinin sayı artacaq

    Bu il imtahan günlərinin sayı əvvəlki illərlə müqayisədə çox olacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

    Koronavirus pandemiyası ilə əlaqədar bu il imtahanların sanitar-gigiyenik tələblərin qorunması baxımından fərqli şəkildə edəcəklərini deyən N.Hüseynova bildirib ki, əvvəl imtahan zamanı zaldakı bir masa arxasında iki abituriyent əyləşə bilirdisə, bu il bunu edə bilməyəcəklər:

    “Bu il imtahan zallarında bir masa arxasında bir şagird əyləşəcək. Əvvəl bir zalda 30-a yaxın abituriyent əyləşdirə bilirdiksə, indi bu rəqəm 12-15 nəfərdən çox olmayacaq. Əvvəl 30 min abituriyent bir gündə imtahan verirdisə, bu il bütün bu rəqəmləri ikiyə bölməli olacayıq. Ona görə də bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan günlərinin sayı da artacaq”.

  • Cəlilabadda narkotacirlər saxlanıldılar

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sabirabad kənd sakini, əvvəllər məhkum olunmuş V.Şahbazov saxlanılıb. Onun üzərində keçirilən şəxsi axtarış zamanı bir bükümüdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Z.Ağayevdən aldığı müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Z.Məmmədov saxlanılıb. Onun üzərində aparılan şəxsi axtarış zamanı 3 qram narkotik vasitə heroin aşkarlanıb. Davam edən tədbirlərlə Z.Məmmədova narkotik vasitəni satan şəxsin rayonun Abdullu kənd sakini M.Nəziyev olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. M.Nəziyevin üzərindən və yaşadığı evdən ümumilikdə 77 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

  • 190 manatlıq yardımın ikinci ay ödəmələrinə başlanılır – RƏSMİ

    “Mayın 12-dən xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin (190 manat) ikinci ay üçün ödənişləri verilməyə başlanacaq”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

    O qeyd edib ki, hazırda 190 manat alan şəxslərə bank kartların verilməsi prosesi gedir:

    “Sabahdan aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara köçürüləcək”.

    Şöbə müdiri qeyd edib ki, mayın sonuna qədər ödənişlər verilməsi başa çatacaq.

  • Məşhur komediya ustası vəfat etdi

    ABŞ aktyoru və komediya ustası Cerri Stiller həyatının 93-cü ilində vəfat edib.

    Bu barədə onun oğlu, məşhur aktyor Ben Stiller “Twitter” hesabında yazıb:

    “Atam Cerri Stillerin aramızdan getdiyini kədərlə bildirirəm”.

    “Mükəmməl ata və baba, 62 ilə yaxın müddətdə Anna üçün ən yaxşı ər. O, çox darıxacaq. Səni sevirəm, ata”, – deyə yazılan qeyddə aktyorun ölüm səbəbi bildirilməyib.

    Cerri Stiller 1927-ci ildə Bruklində anadan olub. Ömrünün çox hissəsini həyat yoldaşı Anna Mira ilə komediyalarda birgə rol alıblar. Onun ən məşhur rolu “Seinfeld” serialında Frank Konstantsa olub. Övladları Ben və Emmi Stillerlər də məşhur komediya aktyorlarıdır.