Month: May 2020

  • Bərdədə mənşəyi məlum olmayan ət aşkar edildi – FOTO

    Bərdədə mənşəyi məlum olmayan ət aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    May ayının 26-da RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarə etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

    Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

    Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Azərbaycanın bəzi rayonlarında dolu düşəcəyi gözlənilir – PROQNOZ

    Azərbaycanda mayın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək – 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Mayın 27-də Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

  • Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

    Bu gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

    Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

    Hazırda istintaq aparılır.

    Qeyd edək ki, dəhşətli qəzada ölənlərdən dördü hərbi qulluqçulardır.

  • Bakıda beş nəfər köməksiz qaldı

    Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Yasamal, Nizami və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı üç müraciət daxil olub.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən beş nəfərin liftdən çıxarılması təmin edilib.

  • Prokurorluq evində qətlə yetirilən kişi ilə bağlı məlumat yaydı

    Gəncə Şəhər Prokurorluğu bu gün səhər saatlarında Gəncə şəhər sakininin evində ölü tapılması barədə məlumat yayıb

    Prokurorluqdan bildirilib ki, mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

    Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri – VİDEO

    Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Baku TV xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

  • Koronavirus xəstələri üçün zərərli dərmanlar – Alimdən xəbərdarlıq

    Virusoloq Nadejda Jolobak koronavirus xəstələri üçün hansı preparatların zərərli olduğunu açıqlayıb.

    Bu barədə “Veçernyaya Moskva” qəzeti yazıb.

    Virusoloqun sözlərinə görə, bəzi COVID-19 xəstələri adi soyuqdəymə zamanı istifadə olunan preparatlardan (“ibuprofen”, “aspirin”, “voltaren”, “diklofenak” və “naproksen”) istifadə edirlər. Bu isə tamamilə yolverilməzdir.

    Fransa və İtaliyadan olan tədqiqatçıların təcrübəsi sözügedən preparatların orqanizmdə virus üçün daha münbit şərait yaratdıqlarını göstərib.

    Dərmanlar koronavirus üçün faydalı mühit yaradır və nəticədə, ağciyərlərə nüfuzetmə asanlaşır, bu da iltihab prosesinə, pnevmoniyaya səbəb olur, habelə alveolları zədələyir.

    Virusoloq həmçinin koronavirusun müalicəsi zamanı “paratsetamol”dan istifadə etməməyi məsləhət görüb. O qeyd edib ki, sözügedən dərmanın qəbul edilməsinin nəticələri gözlənilməz ola bilər. Bu preparatın COVID-19-a təsiri hələlik tam öyrənilməyib.

    N.Jolobak, eyni zamanda koronavirus xəstələri üçün ağrıkəsicilərin də zərərli olduğunu vurğulayıb.

    “Əsas şərt budur: yüksək temperaturunuz varsa, təcili şəkildə həkimə müraciət edirsiniz və özünümüalicə ilə məşğul olmursunuz”, – deyə ekspert bildirib.

  • Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş – RƏSMİ + FOTO

    Sumqayıt şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində hərbi qulluqçular həlak olub.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.

    Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.



  • Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

    2020-ci ildə baş verəcək ilk Günəş tutulmasının vaxtı açıqlanıb.

    Oxu.Az-ın məlumatına görə, ilin ilk Günəş tutulması iyunun 21-də baş verəcək.

    Bu da yay günəşduruşu gününə təsadüf edəcək.

    Sözügedən təbiət hadisəsi həlqəvari Günəş tutulmasıdır. Tutulma saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Təbiət hadisəsi beş saat 48 dəqiqə davam edəcək.

    Günəş tutulması Afrika, Cənub-şərqi Avropa və Asiyada müşahidə ediləcək. Həlqəvari fazanı isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsindən, Cənubi Pakistan, Şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.

    Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında Günəş ətrafında xarakterik yanar həlqə görəcəklər.

    Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-də sona çatacaq və proses 2 saat 18 dəqiqə davam edəcək.

    İlin ikinci analoji hadisəsi isə 14 dekabrda baş verəcək. Bu, tam Günəş tutulması olacaq.

  • Şimşək, yağış, külək – FAKTİKİ HAVA

    Mayın 26-sı səhərədək olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 10 mm, Şərurda 5 mm, Gədəbəydə 4 mm, Balakən, Ceyrançöl, Tovuzda 2 mm, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 mm olub.

    Qərb küləyi Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Bərdə, Xınalıqda 20 m/s, Mingəçevirdə 18 m/s, Naxçıvanda 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 m/s-dək olub.

    Havanın temperaturu iqlim normasından 1,5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22, Aran rayonlarında 20-26, dağlıq rayonlarda 8-13, Naxçıvan MR-da 20-23 dərəcə isti təşkil edib.
    Qeyd edək ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti yağmursuz keçəcək.