Month: June 2020

  • Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində – VİDEO

    Paytaxtın Neapol küçəsində, Heydər Əliyev parkının yanında müasir görkəmi ilə seçilən daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə veriləcək.

    AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, piyada keçidi təhlükəsiz istismar, partlayış, yanğın təhlükəsizliyini təmin edən normalara uyğun inşa edilib.

    Baku.Tv xəbər verir ki, keçidin indiki hazır vəziyyətindən öncə, yalnız beton sütunlar olan zaman bəzi vətəndaşlar keçidin çox hündür, pilləkənlərin sayının çox olduğunu bildirərək, yaşlı və fiziki məhdudiyyətli insanların, hamilə qadınların və digərlərinin burdan istifadə edərkən böyük əziyyət çəkəcəklərini qeyd edirdilər.

    Əhalinin həssas təbəqəsi nəzəri alınaraq, keçiddə liftlər quraşdırılıb.

  • Koronavirus mutasiyaya uğrayırmı? – VİDEO

    Son günlər covid-19 virusunun mutasiyaya uğrayıb-uğramamsı ilə bağlı müxtəlif fikirlər səslənir. Bir neçə gün əvvəl ÜST-ün COVID-19 üzrə baş sözçüsü Tarik Jasareviç bildirmişdi ki, indiyədək virusun özündə heç bir dəyişiklik görülməyib.

    Virus insan orqanizminə adaptasiya olur və bu adaptasiya elə gedir ki, əksər hallarda orqanizmə az zərər vurur. Virus daşıyıcını öldürmək marağında deyil. Çünki daşıyıcını öldürəcəyi təqdirdə, oradan başqa yerə gedə bilməyəcək. Hələlik heç bir mutasiyadan söhbət gedə bilməz.

    Ancaq ötən gün TƏBİB sədri Ramin Bayramlı virusun insandan insana keçdikcə mutasiyaya uğradığını bildirib.

    Mövzu ilə bağlı ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə deyir ki, dünyanın müxtəlif yerlərindəki laborotoriyalarda virus araşdırılır. Hələlik əldə olunan nəticəyə görə, virus kiçik mutasiyaya uğrasa belə, bu, öldürücü xarakter daşımır.

  • Bakıda özəl klinikada bakirə qızı nişanlısının yanında “hamilə” çıxardılar

    Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.

    Bu barədə Medicina.az-a pasiyentin özü məlumat verib.

    O bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla “Sağlam ailə” klinikasına gedərək, orada USM müayinəsindən keçib. Lakin ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.

    Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:

    “Sağlam ailə”nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.

    Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.

    Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.

    Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu qoydular. Kağızda “extrogen hamiləlik” yazılmışdı və sual işarəsi qoyulmuşdu. Bunun nə olduğunu soruşdum, dedilər, gedin, test edin, analiz verin.

    Dəfələrlə həkimə dedim ki, bu, ola bilməz. Necə hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram.

    Təsəvvür edin həmin an nişanlımın vəziyyətini.

    Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki etirazımı bildirim, məni içəri buraxmadılar. Orada bir sutkaya 350 manat ödəmişdim, onu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.

    Nəticədə, digər klinikada yenidən USM müayinə olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:

    “Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. O kist partlayardı, qanama güclənərdi… Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm”.

  • “Neftçi” “Keşlə”yə qalib gəldi

    Bu gün “Neftçi” və “Keşlə” komandaları arasında yoxlama oyunu keçirilib.

    “Bakcell Arena”da baş tutan görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Oyunda hesabı Emin Mahmudov açıb. “Neftçi” kapitanı 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

    Kapitan iki dəqiqə sonra fərqi bir qədər də artırıb.

    İkinci hissədə “Keşlə” qollardan birinin əvəzini çıxsa da, “Neftçi”li Rəhman Hacıyev yekun nəticəni elan edib – 3:1.

    Beləliklə, “Neftçi” koronavirus pandemiyası ilə bağlı karantin dövründə keçirdiyi ilk oyunda qələbə qazanıb.

    Qeyd edək ki, dünən “Qarabağ” yoxlama oyununda “Sabah”a 5:0 hesabı ilə qalib gəlib.

  • İcaze.e-gov.az portalı yenidən fəaliyyətə başladı

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

    Milli.Az xəbər verir ki, Prezident yanında Vətəndaşlara və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini “Aktivləşdir” düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

    Fəaliyyətinə icazə verilən sahələr ilə Nazirlər Kabinetinin müvafiq Qərarında tanış ola bilərsiniz:

    https://cabmin.gov.az/az/document/4486/

  • Bakıda qadını təhqir edən marşrut sürücüsünə xəbərdarlıq edildi

    Bakıda sərnişin qadını təhqir edən marşrut sürücüsünə xəbərdarlıq edilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, fiziki şəxs Rövşən Salamovun müvəqqəti istismarında olan 55 nömrəli müntəzəm marşrut xətti üzrə (99 LF 648) avtobusunda sürücü Elmar İbrahimovun sərnişinə qarşı qeyri-etik davranışı ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılıb. Görüntülərdən də aydın olduğu kimi, sürücü avtobusu yüksək sürətlə idarə edir, buna etiraz bildirən sərnişinə qarşı qeyri-etik ifadələr işlədir, sükan arxasında telefonla danışaraq siqaret çəkir.

    Daşıyıcı Rövşən Salamov və Elmar İbrahimov məsələ ilə bağlı izahat verilməsi üçün Agentliyə çağırılıb.

    Hərəkətlərindən peşiman olduğunu bildirən sürücü Elmar İbrahimov sərnişinlərdən üzr istəyib. Daşıyıcının müvafiq əmri ilə Elmar İbrahimov işdən azad edilib. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən Daşıyıcı Rövşən Salamova bu cür xoşəgəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.

    Bir daha bildirik ki, bu cür qayda pozuntuları törədən, sərnişinlərə qarşı qeyri-etik hərəkətlərə yol verən sürücülər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda, sürücülərinin sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarət etməyən daşıyıcılar daşımalardan kənarlaşdırılacaqdır.

  • Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə daha müsbət nəticələr verib – Baş nazirin müavini

    İyunun 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, dünyada tüğyan edən koronavirus pandemiyası (COVID-19) həm dövlətlərin, həm cəmiyyətlərin, həm də insanların həyatına ciddi şəkildə öz təsirini göstərib. Onun sözlərinə görə, bu gün bütün dövlətlərin gündəliyində ən aktual məsələ pandemiyaya qarşı mübarizə ilə bilavasitə əlaqədardır. Təbii ki, Azərbaycan hökuməti də bu mənada istisna deyil. Azərbaycanda da COVID-19 pandemiyası yayıldığından hökumətin başlıca vəzifələrindən biri pandemiya ilə mübarizənin aparılmasından ibarətdir.

    Baş Nazirin müavini qeyd edib ki, Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə özünü biruzə verən ən vacib cəhətlərdən biri böyük humanizmdir və Prezident İlham Əliyevin siyasətində bunu aydın şəkildə görmək mümkündür: “Hazırkı şəraitdə pandemiyanın iqtisadiyyata vurduğu zərbə aradan qaldırılır. Prezidentimizin qeyd etdiyi kimi, bizim həyata keçirdiyimiz siyasətlə əlaqədar olaraq insanların sağlamlığının qorunması ilə pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması arasında seçim etmək lazım gələrsə, bizim üçün əsas olan insanların sağlamlığıdır. Məhz bunun nəticəsində Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə daha müsbət nəticələr verib.

    Bu gün dünyada pandemiyaya yoluxanların sayı 7 milyondan, onun qurbanlarının sayı isə 400 min nəfərdən çoxdur. Dünyada hər 1 milyon nəfərə pandemiya qurbanlarının sayı təxminən 440 nəfərdir. Azərbaycanda isə bu göstərici dünya göstəricisindən 5 dəfədən azdır. Bu müsbət nəticə Prezidentimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi siyasətin ifadəsidir”.

    Azərbaycan hökumətinin koronavirusla mübarizə çərçivəsində gördüyü işləri təhlil edən Əli Əhmədov söyləyib ki, burada birinci amil yoluxma hallarının qarşısının alınmasında qabaqlayıcı tədbirlərin əhəmiyyətidir. Belə ki, mart ayından etibarən karantin rejimi, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxmada artım çox olmayıb. Bununla da, ölkədə epidemoloji vəziyyətə nəzarəti həyata keçirmək mümkündür.

    Digər istiqamət isə, virusa yoluxmuş insanların müalicəsi ilə bağlıdır. Baş Nazirin müavini deyib ki, ölkə Prezidentinin tapşırığı ilə yaradılmış müasir səhiyyə infrastrukturu virusa yoluxmuş insanların müalicəsi üçün səfərbər edilib.

    Əli Əhmədovun sözlərinə görə, pandemiya ilə mübarizədə məhdudlaşdırıcı tədbirlərlə əlaqədar insanların sosial müdafiəsi gücləndirilməsi də vacib amillərdən biridir. Bu istiqamətdə böyük layihələrin həyata keçirildiyini deyən Əli Əhmədovun fikrincə, bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı virusa yoluxmanın qarşısını da alır.

    O qeyd edib ki, Yeni Azərbaycan Partiyası da sosial layihələrdə fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizə ilə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb. Bunun 230 min manatı partiyanın hesabından, 300 manatı isə YAP-ın strukturlarında çalışanların bir aylıq əmək haqlarından ianə edilib. Eləcə də, YAP-ın könüllüləri 7770 ailə qoruyucu tibbi vasitələrdən çatdırıblar. 13 234 ailəyə isə YAP və onun yerli strukturlarının maddi dəstəyi ilə ərzaq yardımı edilib. Bununla yanaşı ƏƏSMN-lə birgə layihə çərçivəsində 21 234 ailəyə ərzaq yardımı çatdırılıb. Həmçinin, YAP könüllüləri Heydər Əliyev Fondunun 33 355 ailəyə ərzaq yardımlarını paylayıblar.

    Bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun. Koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırımlıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”.

    Tədbirdə daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək ölkəmizdə koronavirusla mübarizə ilə bağlı səhiyyə sisteminin gücləndirilmiş iş rejimində çalışdğını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir sıra dövlət xəstəxanalarının sırf bu prosesə cəlb olunması, modul tipli xəstəxanaların açılması, laboratoriyaların yaradılması, qoruyucu vasitələr istehsal edən müəssisələrin açılması və s. tədbirlər bu baxımdan önəmlidir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə çıxışında pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib.

    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov koronavirusla mübarizədə Azərbaycan həkimlərinin fədakarlığından bəhs edib, vətəndaşları verilən tövsiyələrə əməl etməyə çağırıb.

  • Ötən ay Moskvada hər beş nəfərdən biri koronavirusdan ölüb

    May ayında Rusiya paytaxtında 15 713 nəfər ölüb. Onlardan 2 757 nəfəri koronavirusdan dünyasını dəyişib.

    Bu isə hər beş nəfərdən birinin COVID-19-un qurbanı olduğunu göstərir.

    Lenta.ru-nun məlumatına görə, bu barədə RF Səhiyyə Departamentinin saytında dərc olunub.

    Qurumdan bildirilib ki, 2020-ci ilin may ayında ötən ilin analoji dövrü ilə müqayisədə 5 715 nəfər çox insan ölüb. 5 260 ölüm faktı birbaşa və ya dolayı yolla koronavirus infeksiyası ilə bağlı olub.

  • Mədət Quliyev: Azərbaycan polisinə qarşı törətdilən təxribat fiaskoya uğrayacaq

    Müdafiə Sənayesi naziri, Milli Qəhərəman Mədət Quliyev Milli Qəhrəmanların adından Azərbaycan polislərinə təşəkkür edib.

    Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətindən nazir Mədət Quliyevin imzası ilə göndərilən məktubda Azərbaycan polisinin xidmətlərinə kölgə salmağa çalışıldığı, ancaq bu təxribatın fiaskoya uğrayacağı vurğulanıb.

    Məktubda deyilir:

    “Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçməmiş, bu xəstəlik əksər dünya dövlətləri kimi Azərbaycana və onun iqtisadiyyatına da yetərincə zərər vurmuşdur. Böyük iqtisadi itkilərə baxmayaraq, daima insan faktorunu diqqət mərkəzində saxlayan dövlətimiz bu dəfə də yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi üçün mühüm addımlar atmaqda davam edir. Ölkədə elan olunan xüsusi karantin rejimi dövründə koronavirusa yoluxma sayının ən çox qeydə alındığı paytaxt Bakıda ön cəbhədə xidmət edən həkimlərlə yanaşı, polislər də əsl qəhrəmanlıq göstərirlər. Aylardır gücləndirilmiş iş rejimində yorulmadan, usanmadan xidmət aparan, bu çətin günlərdə xalqın sağlamlığı naminə öz həyatlarını təhlükəyə atan Azərbaycan polisi öz xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır və ən əsası humanist davranışları ilə milli həmrəyliyə öz töhfəsini verir.

    Təəssüflər olsun ki, dövlətimizin inkişafına qısqanclıqla yanaşan, onun beynəlxalq nüfuzunun artmasından narahatlıq keçirən bəzi müxalifyönlü qüvvələr Azərbaycan polisinin xidmətlərinə kölgə salmağa çalışırlar. Lakin bu antimilli ünsürlər karantin rejiminin tələblərini pozanlara qarşı qanunamüvafiq tədbirlər görən Azərbaycan polisinə ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər. Onların Azərbaycan polisinə qarşı törətdikləri növbəti təxribat da fiaskoya uğrayacaq.

    Biz – Azərbaycanın Milli Qəhrəmanları Azərbaycan polisinin şərəfli fəaliyyətini yüksək qiymətləndirərək, onlara öz dərin təşəkkürümüzü ifadə edirik”.

  • Elektrik enerjisinə görə bildiriş SMS-lə göndəriləcək

    Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir. Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir.

    Qərara edilən əlavəyə əsasən, elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər.