Month: December 2020

  • Xudayarın məşqçisi: “Deyirdi ki, yorulmusan, səsimlə istirahət et”

    “Xudayar Yusifzadə tərbiyəsinə və uğurlarına görə sayılıb-seçilən idmançılarımızdan olub. Altı il – 2012 – 2018-ci illərdə zalımızda məşq edib. Yerli yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də qızıl medal qazanıb”.

    Bu fikirləri “Report”a açıqlamasında şəhid Xudayar Yusifzadənin məşqçisi, “Orion” İdman Klubunun kikboksinq bölməsinin baş məşqçisi Müşfiq Hüseynov deyib.

    Mütəxəssis Yusifzadənin əsasən 70 kq çəki dərəcəsində müəyyən nailiyyətlərə imza atdığını diqqətə çatdırıb:

    “Xudayar ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq yarışlarda da uğurla çıxış edib. O, İranda Asiya çempionu olub, dünya çempionatında isə bürünc medal qazanıb. Yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun da qalibi olub. Tələbəm Gürcüstan və Türkiyədəki beynəlxalq yarışlarda da yaxşı nəticələr göstərib”.

    Mütəxəssis şəhid olmamamışdan bir gün öncə Xudayar Yusifzadə ilə danışdığını bildirib:

    “Mən Zəngilandanam, zəng eləmişdi ki, müəllim, gözünüz aydın, Zəngilanı işğaldan azad etdik, daha məcburi köçkün deyilsiniz. Çox danışdıq, dedi ki, məndən narahat olmayın. Amma növbəti gün Ağbənd qəsəbəsində qarın nahiyəsindən yaralandı. Sonra isə mövqeyini dəyişən zaman boğazının şah damarından vuruldu. Azərbaycan Kikboksinq Federasiyasinda Şəhid Xudayar Yusifzadənin məşq etdiyi klub bu gün Şəhidimizin adını daşıyır”.

    Hüseynov idmançının iki il əvvəl Sərhəd Qoşunlarında xidmətə başlaması səbəbindən aktiv idmanı buraxdığını söyləyib. Onun sözlərinə görə, Yusifzadə məşq vaxtı da mahnılar ifa edib:

    “Hərdən deyirdi ki, müəllim, yorulmusan, səsimlə istirahət et”.

    Məşqçi “Xudayar təsnifi”ni daha əvvəl də şəhidin dilindən eşitdiyini deyib:

    “Videoda görəndə isə kövrəldim. Xudayar Qarabağ şikəstəsini də yaxşı oxuyurdu”.

    Xudayar Yusifzadənin xalası oğlu Raqub Kərimli də kikboksinqlə məşğul olur. O, Yusifzadənin hər zaman deyib-gülən insan olduğunu vurğulayıb:

    “Onunla məşqlərimiz yaxşı əhval-ruhiyyədə olurdu. Demək olar ki, günümüz birlikdə keçirdi. Məşqlərdə də hamıdan yaxşı olmağa çalışırdı, çox çalışqan idi. Hərdən öz aramızda praktiki məşqlər edirdik. Bu vaxtdan sonra qazandığım bütün uğurları ona həsr edəcəyəm. Xudayar daim bizim qəlbimizdə yaşayacaq”.

    Yusifzadənin yaxın məşq yoldaşlarından Yaqub Abışov onunla yaxşı münasibətinin olduğunu söyləyib:

    “Xudayar tək mənim üçün yox, bütün idmançılar üçün doğma idi. Xətrini istəməyən tapılmazdı. 5-6 il idi ki, onunla dostluq edirdim. Çox yaxşı idmançı idi. Ölkə xaricindəki yarışlarda, Türkiyədə, İranda uğurlar qazanırdı. Mahnını isə harada istəsə, orada oxuyardı. Əvvəldən musiqiyə həvəsi olub. Məşq zamanı da çoxlu ifalar edirdi. Sparinqlərdə də zarafatından qalmırdı”.

  • Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina edib

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə “Tata Steel Chess Tournament”də iştirak etməyəcək.

    Apasport.az saytının məlumatına görə, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.

    Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.

    Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.

    Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.

  • Azərbaycan və İran Araz çayı üzərindəki iki layihəni müzakirə ediblər

    “Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişlə tərəflərə həvalə edilmiş tapşırıqların, habelə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin müvafiq maddələrində nəzərdə tutulmuş tədbirlərin müzakirəsi məqsədilə müvafiq Texniki Komissiyaların növbəti görüşü dekabrın 14-16-da Naxçıvan Muxtar Respublikasında keçirilib.

    Energetika Nazirliyindən verilən məlumata görə, iclasların əsas müzakirə mövzuları “Xudafərin” bəndində İran İslam Respublikası tərəfindən görülmüş işlər, su altında qalan Azərbaycan ərazilərinə dəyən ziyanın dəqiqləşdirilməsi və digər məsələlər olub.

    Görüşlər çərçivəsində, həmçinin, “Ordubad” Su Elektrik Stansiyasının tikintisi aparılan əraziyə yerində baxış keçirilib və daha sonra tikinti prosesinin sürətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

    Eyni zamanda “Marazad” SES-in tikilməsi ilə əlaqədar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

    Görüşlərin davam etdirilməsi planlaşdırılır.

  • Rusiya iki il müddətinə böyük idmandan kənarlaşdırıldı

    Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyanın dopinqə görə böyük idman yarışlarından kənarlaşdırılması haqqında 2019-cu ilin dekabrındakı qərarını təsdiqləyib.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    Cəzanın müddəti 2022-ci ilin dekabrın 16-da başa çatacaq.

    2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında himnsiz və neytral bayraq altında çıxış edən Rusiya idmançıları 2021-ci ildə Tokiodakı oyunlarda və 2022-ci ildə Pekindəki Olimpiada da eyni şəkildə iştirak etməli olacaq.

    Olimpiya Oyunlarında neytral bayraq altında yalnız dopinqdə iştirakı olmadığını sübut edən idmançılar çıxış edə biləcək.

    Bununla yanaşı, ölkə böyük idman tədbirlərinə ev sahibliyi də edə bilməyəcək.

  • Daha bir qazimiz və ailəsi ilə bağlı görüləcək dəstək tədbirləri müəyyən olunub

    Vətən müharibəsinin qazisi, Suqovuşan uğrunda döyüşlərdə yaralanmış Səmədov Elnur Eldar oğlunun ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətindədir.

    Nazirlikdən bildirilib ki, Elnur könüllü olaraq müharibəyə gedib və döyüşlərin birində yaralanıb, hazırda hospitalda müalicə olunur. Nazirliyin əməkdaşları onun ailəsini ziyarət edib, vəziyyətini öyrəniblər. Bakının Qaradağ rayonunda yaşayan ailə üç nəfərdən ibarətdir: Elnur, anası və bacısı. Anası yaşa görə müavinət alır, bacısı isə işləmir. İşləmək istəyi odluqda ona münasib iş təklif ediləcək.

    Elnurun müalicə dövrü bitdikdən sonra ona əlillik dərəcəsi təyin olunacaq. Bundan sonra ona hər ay Prezidentin təqaüdü və əlilliyə görə pensiya, əgər stajı uyğun olmasa, müavinət veriləcək. Həmçinin əlillik dərəcəsinə uyğun olaraq ona birdəfəlik təzminat ödənilməsi də təmin olunacaq. Təzminat I, II və III dərəcəli əlillik üçün müvafiq olaraq 8800 manat, 6600 manat, 4400 manatdır. O həmçinin Nazirlik tərəfindən reabilitasiya proqramlarına cəlb ediləcək.

    Müharibəyə gedənə qədər Elnur Ələt qəsəbəsində podratçı şirkətlərin birində işləyib. Müalicəsi bitdikdən sonra onun məşğulluq məsələsinə də köməklik ediləcək.

  • Gürcüstan SOCAR-dan 200 milyon kub metr qazı güzəştli tariflə alacaq – FOTO

    Gürcüstan Azərbaycandan 200 milyon kub metr həcmdə sosial təyinatlı güzəştli qaz idxal edəcək.

    Oxu.Az-ın Gürcüstanın Baş Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq qərarla bağlı Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş baş tutub.

    Görüş zamanı Azərbaycan və Gürcüstan arasındakı qonşuluq münasibətləri, həmçinin, müxtəlif əməkdaşlıq sahələri üzrə müzakirələr aparılıb.

    SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələrinə və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib.

    Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında təbii qaz sahəsində uğurlu əməkdaşlıq qurulduğu və bu əməkdaşlığın nəticəsində ölkədəki sosial təyinatlı qazın qiymətinin optimallaşdırılmasına dair razılaşmanın əldə edildiyi vurğulanıb. Gürcüstan hökumətinin tapşırığı ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Neft və Qaz Korporasiyası ilə SOCAR arasında aparılan danışıqların nəticəsində 200 milyon kub metr həcmində sosial təyinatlı qazın endirimli tariflə ixrac edilməsinə dair razılığa gəlinib.

    2016-cı ildən bəri qüvvədə olan Sosial Qaz Təchizatı Müqaviləsinə dəyişiklik Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Neft və Qaz Korporasiyasının Baş direktoru Giorgi Baxtadze və SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən bu gün baş tutan görüşdən sonra imzalanıb.

    Qeyd edilib ki, bu razılaşma nəticəsində Gürcüstan hökuməti əhali üçün təbii qaz qiymətlərini uzun müddət saxlaya biləcək.

  • Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı

    “Vətən Müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib. Hərbi əməliyyatlar zamanı 150 nəfər tibb işçisi yaralanıb, 9-u həkim olmaqla ümumilikdə 42 nəfər xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub”.

    Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

    Onun sözlərinə görə, müharibənin ilk günündən yaralıların tibbi təminatı, müalicəsi Ali Baş Komandan, Prezident ilham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır: “Yaralılarımızın bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin yaradılmasına göstəriş verilib. Hazırda Səhiyyə Nazirliyinin, TƏBİB-in nəzdində ən müasir avadanlıqlarla təmin olunmuş reabilitasiya, bərpa mərkəzləri fəaliyyət göstərir”.

  • Azərbaycanda insan orqan və toxumalarının donorluğu və transplantasiyası ilə bağlı SƏRƏNCAM

    Baş nazir Əli Əsədov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Ədliyyə Nazirliyi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

    Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir,

    Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir,

    Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

    Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarları ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir,

    Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasının layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir,

    “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın Əsasnaməsinin layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

    Qanuna uyğun olaraq resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısı ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

    2.5. Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

    Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

    Qanuna uyğun olaraq xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin və tibb müəssisəsinin həkim komissiyasının qərarının forması ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

    Qanuna uyğun olaraq resipiyentin gözləmə vərəqəsinin formasını və tərtib olunma qaydası ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

    Qanuna uyğun olaraq, əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin yaradılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

    Koordinasiya Mərkəzinin nizamnaməsi və nizamnamə fondunun miqdarı ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;

    Koordinasiya Mərkəzinin strukturu və işçilərinin say həddi ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” əməl olunmasını təmin etməlidirlər.

    Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə və Sosial məsələlər şöbəsinə həvalə edilib.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Azərbaycan tarixində ilk: Qadın hakim olacaq

    Azərbaycanın FIFA referilərinin sayı artırılıb.

    AFFA 2021-ci il üçün Azərbaycanın FIFA hakimlərinin sayını açıqlayıb.

    Azərbaycanın futbol hakimliyi tarixində ilk dəfə qadın referi də bu siyahıda yer alıb. Söhbət Yuliya Qurbanovadan gedir. Bununla da Azərbaycan üçün ayrılmış FIFA referi sayı dördə yüksəlib.

    Beynəlxalq dərəcəli oyunlara təyinat alacaq referilərimizin tərkibində də dəyişiklik olub. Əliyar Ağayev və Rauf Cabbarov yenə beynəlxalq matçlara gedə biləcək. Ancaq Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib.

    Referi köməkçilərinin sayında da dəyişiklik baş verib. Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Hüseynov, Elşad Abdullayev, Pərvin Talıbova Cavanşir Yusifov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva qoşulub. Yusifovun adı zədə səbəbindən karyerasını başa vurmuş Mübariz Haşımovun əvəzinə siyahıya əlavə edilib.

    Futzal hakimlərinə gəlincə, Hikmət Qafarlıdan sonra Əli Cəbrayılov və Knyaz Əmiraslanova da FIFA dərəcəsi verilib.

  • Putindən Qarabağdakı sühməramlıların sayı ilə bağlı VACİB AÇIQLAMA

    Rusiy Prezidenti Vladimir Putin illik mətbuat konfransında Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin artırılması məsələsinə aydınlıq gətirib.

    O, bunun yalnız münaqişə tərəfləri ilə razılaşmaqla mümkün olacağını bildirib:

    “Sülhməramlılarımızın sayının artırılması mümkündür, ancaq bu xüsusilə Azərbaycan tərəfi də daxil olmaqla, bütün münaqişə tərəfləri ilə razılaşdırılarsa, mümkün olar.

    Çünki əvvəlcə sülhməramlılarımızın sayını müzakirə etmişik və bu rəqəm razılaşdırılıb”.