Month: December 2020

  • Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək

    Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.

    Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfərin məqsədi Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə fikir mübadiləsi aparmaq, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

    Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.

  • Daha bir azərbaycanlı baş məşqçidə COVID-19 tapıldı

    “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev koronavirusa (COVID-19) yoluxub.

    Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin yeni rəhbəri Mehriban Mürsəlova məlumat verib:

    “Sabah keçirəcəyimiz “Keşlə” ilə oyun öncəsi test verdik. Futbolçularda testin nəticəsi neqativ çıxdı. Təəssüf ki, yalnız baş məşqçimiz Aftandil müəllimdə testin nəticəsi pozitiv göstərdi. Onda virusun yüngül simptomları var. Bu səbəbdən də o, sabahkı matçda texniki zonada yer almayacaq və iki həftə komandadan ayrı qalacaq”.

    Qeyd edək ki, çempionatda autsayder olan “Səbail” sabah Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “ASK Arena”da “Keşlə”nin qonağı olacaq. Matç saat 16:00-da başlayacaq.

    Xatırladaq ki, daha əvvəl Premyer Liqa klublarının baş məşqçilərindən Qurban Qurbanov və Yunis Hüseynovda koronavirus aşkarlanıb.

  • Yelisey sarayı Makronun vəziyyəti barədə: Öskürək, əzələ ağrıları…

    Koronavirusa yoluxan Fransa prezidenti Emmanuel Makronun vəziyyəti stabildir.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Yelisey sarayından bildirilib.

    “O, hələ də COVID-19 xəstəliyinin eyni simptomlarını daşıyır: əzginlik, öskürək, əzələ ağrıları… Ancaq bu, onun vəzifəsini yerinə yetirməsinə heç bir şəkildə mane olmur”, – deyə bildirilib.

    Makronun mütəmadi müayinələrdən keçdiyi və nəticələrin ürəkaçan olduğu vurğulanıb.

  • ABŞ-da COVID-19 peyvəndlərinin mənfi reaksiyaları aşkarlandı

    ABŞ-ın İllinoys ştatında yerləşən xəstəxana dörd əməkdaşında ürək döyüntülərinin artması və iynələnmə hissləri də daxil olmaqla, mənfi reaksiyalar aşkarlandığından sonra işçiləri üçün koronavirus peyvəndlərinin vurulmasını dayandırıb.

    Bu barədə “Fox News” məlumat yayıb.

    Qeyd olunur ki, üç işçi ambulator yardım alacaq, dördüncüsü isə xəstəxanaya yerləşdirilib.

    Rəsmi açıqlamaya görə, Çikaqodan təxminən 62 kilometr şimalda yerləşən “Advocate Condell” tibb mərkəzi təhlükəsizlik səbəbi ilə işçilərinə “Pfizer” peyvəndi vurmağı müvəqqəti dayandırıb. Eyni zamanda tibb mərkəzinin digər filialları, o cümlədən İllinoysda 8, Viskonsində 3 filial fasiləsiz vaksinasiyaya davam edib.

    Tibb mərkəzindən bildirilib ki, ümumilikdə üç min işçiyə peyvənd vurulub və yalnız dörd nəfərdə mənfi reaksiya qeydə alınıb.

  • Madrid “Atletiko”sunun sabiq məşqçisi “Neftçi”ni tərk etdi

    “Neftçi” klubu fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyano ilə yollarını ayırıb.

    Bu barədə Bakı klubunun rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, ispaniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

    Qeyd edək ki, Mario Kastelyano bu ilin yanvarından “Neftçi”də çalışıb. O, vaxtı ilə Madrid “Atletiko”su və “Bakı” klubunda işləyib.

  • TƏBİB ARB kanalının aparıcılarının səsləndirdiyi ittihamları cavablandırıb

    Tibbi Ərazi Bölmələrinin İdarətemə Birliyi (TƏBİB) koronavirusla mübarizə çərçivəsində müayinə və müalicə ilə yanaşı, daim vətəndaşların maarifləndirilməsi üçün tədbirlər həyata keçirir. Əməkdaşlarımız, koronavirusun müalicəsində təcrübəyə malik peşəkar həkimlərimiz mütəmadi olaraq həm yazılı, həm elektron mətbuatda, eləcə də radio və televiziyalarda çıxışlar edir, koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalar, tətbiq edilən metodiki göstərişlərin tələblərini izah edirlər, gün ərzində yüzlərlə sorğu qəbul edir və bütün sualları növbəli şəkildə cavablandırmağa çalışırlar. Yeri gəlmişkən, bu işdə medianın bizə verdiyi dəstəyə görə onlara minnətdarlıq etməyi özümüzə borc bilirik.

    Lakin bəzi hallarda media nümayəndələrinin qərəzli mövqeyi ilə də üzləşirik. Biz onların gərgin əməyinə dəyər verdiyimiz halda, onlar gecə-gündüz yorulmaq bilmədən fədakarlıq nümayiş etdirən həkimlərimizin işini kölgə altına salmağa cəhd göstərirlər.

    TƏBİB-dən verilən məlumata görə, bu gün ARB telekanalında yayımlanan “Günə Doğru” proqramında TƏBİB barəsində səslənən fikirlər isə tamamilə qərəzdən ibarətdir. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşlarının telefonları daim açıqdır, hətta gecə saatlarında belə gələn zənglərə cavab verirlər. Efirdə adını səsləndirdiyiniz əməkdaş isə 4 aydan artıqdır mətbuatla işləmir. Verilişlərə dəvət sorğularını yazılı cavablandırdığımız üçün sorğunun olmadığını da faktlarla sübut edə bilərik.

    Verlişdə iddia olunur ki, ölkədə test problemi var, insanlar test oluna bilmir və özəl klinikalarda qiymətlər bahadır. Bir daha qeyd edirik ki, Azərbaycanda koronavirusu müəyyənləşdirən kifayət qədər test ehtiyatı var və hər gün dövlət hesabına ödənişsiz 20 minə yaxın test olunur.( Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir. ) Özəl xəstəxanalarda test götürülməsi təcrübəsi isə dünyada da mövcuddur və istənilən şəxs profilaktik olaraq test vermək üçün müraciət edə bilər. Özəl klinikalar və laboratoriyalara nəzarət və qiymət tənzimlənməsi isə ümumiyyətlə TƏBİB-in səlahiyyətində deyil.

    Bəs TƏBİB-in işi nədir? Bu barədə bütün KİV-lərdə artıq məlumatlar yer alıb. Həmin aparıcılar mətbuatda gedən məlumatlarla tanış olsaydılar və verilən qərarları izləsəydilər bilərdilər ki, TƏBİB Respublikadakı pandemiya xəstəxanalarında stasionar (yalnız xəstəxanalarda ) müalicə işinə cavabdehdir.

    2020-ci ilin iyun ayının sonundan etibarən, Bakı şəhəri üzrə 103 – təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvvəqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir. Beləliklə, 103 xidməti və evdə müalicə ilə bağlı bütün suallarınızı aidiyyəti quruma ünvanlaya bilərsiniz.(Mənbə : Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyul 2020-ci il 377s nömrəli Sərəncamına əlavə edilmiş Tədbirlər Planı)

    Aparıcıların və bu barədə məlumatı olmayan digər dəyərli jurnalistlərimizin nəzərinizə çatdırırıq ki, brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir. TƏBİB əməkdaşları həmin brifinqlərə dəvət olunur və müəyyən olunmuş mövzu ətrafında fikirlərini bölüşür, sualları cavablandırırlar. Sonuncu dəfə keçirilmiş və vaksinlərə həsr olunmuş brifinqdə terminlərdən istifadəyə gəlincə, qeyd edək ki, tibb elmi spesifik sahədir və burada terminlərdən istifadə etməmək mümkünsüzdür.Həmin brifinqdə hazırlanmış xüsusi slayd əsasında insanlara vaksinlərlə bağlı ümumi məlumat verilmişdir. Və qeyd olunmuşdur ki, bu barədə növbəti brifinqlərdə daha ətraflı məlumat çatdırılacaq.

    Xahiş edirik ki, bütün dünyanın üzləşdiyi bu çətin dövrdə “Biz Birlikdə Güclüyük” devizinə sadiq qalaraq həmrəy olmağı bacaraq. Qısa müddətə populyar olmaq üçün, dövlət maraqlarını şəxsi maraqlara qurban verməyək. Pandemiya yalnız səhiyyə qurumlarının məsələsi deyil, ümumilikdə dövlətin təhlükəsizliyinə qarşı ciddi təhdiddir. Əminik ki, ölkəmizin güclü iqtisadiyyatı və tibb işçilərinin peşəkarlığı sayəsində bu bəladan tezliklə xilas olacağıq! Bu mübarizədə bizimlə olan bütün qərəzsiz media nümayəndələrinə sonsuz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

  • Ombudsman qazilərlə görüşdü

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi iştirakçısı olmuş bir qrup qazi ilə görüş keçirib.

    Ombudsman Aparatında keçirilən görüş zamanı ehtiyatda olan mayor Ziyadov İlkin Eldar oğlu, ehtiyatda olan kapitan Məmmədov Anar Yaşar oğlu, kapitan Muradov Zaman Müqabil oğlu və baş leytenant Daşdəmirov Qədir İsmayıl oğlu iştirak ediblər.

    Ombudsman əvvəlcə qazilərimizi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibəti ilə təbrik edib, işğal altında olan torpaqlarımızın azad edilməsinə görə Azərbaycan xalqının Ordumuzun əsgər və zabitlərinə dərin minnətdarlıq hissi duyduğunu qeyd edib.

    Səbinə Əliyeva görüşdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət barədə danışıb. Ombudsman, həmçinin qazilərin qayğıları ilə maraqlanıb və onların qeyd etdikləri məsələləri nəzarətdə saxlayacağını bildirib.

  • İşğalçıların məzarlarını ziyarət etmək istəyən Paşinyan qəbiristanlığa buraxılmadı – VİDEO

    Ermənistanda üç günlük matəmlə əlaqədar Baş nazir Nikol Paşinyan, hökumət üzvləri və tərəfdarlarının “Yerablur” məzarlığına yürüşü gərginliyə səbəb olub.

    Bu barədə “Spuntik” kadrlar yayımlayıb.

    Belə ki, müharibədə iştirak etmiş işğalçı Ermənistan ordusunun veteranları, həmçinin, orada ölənlərin və itkin düşənlərin yaxınları hökumət başçısını məzarlığa buraxmaq istəməyiblər.

    Nəticədə, iki tərəf arasında qarşıdurmalar yaşanıb.

  • Azərbaycanda əlilliyi olan şəxslərin təminatı ilə bağlı QƏRAR – Dövlətin verəcəyi vasitələrin SİYAHISI

    Nazirlər Kabineti “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

    Sənədi Baş nazir Əli Əsədov imzalayıb.

    Bildirilib ki, “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” təsdiq edilir.

    Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

    Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin SİYAHISI

    1. Yuxarı və aşağı ətraf protezi

    2. Yuxarı ətraf işçi protezi

    3. Yüksək texnologiyalı protez

    4. Bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.)

    5. Baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.)

    6. Kompression və ya venoz corab

    7. Silikon içlik

    8. Dermo corab

    9. Tutor

    10. Korset

    11. Reklinator

    12. Yuxarı və aşağı ətraf üçün elastik bandaj

    13. Korreksiyaedici yumşaq bandaj və korset

    14. Yuxarı və aşağı ətraf protezlərini geyinmək üçün köməkçi

    15. Ortopedik başmaq

    16. Təkayaqlı əsa

    17. Üçayaqlı əsa

    18. Dördayaqlı əsa

    19. Qoltuqaltı ağac

    20. Dirsəkaltı ağac

    21. Reabilitasiya vasitələri üçün rezin ucluq

    22. Dördayaqlı hərəkət vasitəsi

    23. Ortopedik ayaqqabı

    24. Protez üçün ayaqqabı

    25. Rezin yanlıqlı ayaqqabı

    26. Geyinmə, soyunma və tutmaq üçün yardımçı vasitələr

    27. Oynaq endoprotezi

    28. Süd vəzi protezi

    29. Süd vəzi büsthalteri

    30. Səs protezi (səs aparatı)

    31. Diş protezi

    32. Göz protezi

    33. Eşitmə aparatı

    34. Eşitmə aparatı üçün qulaqlıq

    35. Qulaq protezi

    36. Burun protezi

    37. Sifət protezi

    38. Göz yuvasının protezi

    39. Damaq protezi

    40. Ehtiyat protezlər

    41. Yuxarı və aşağı ətraf protezləri üçün kosmetik üzlüklər

    42. Yuxarı və aşağı ətraf, onun ayrı-ayrı bölmələri üçün

    aparatlar

    43. Döşəkçə, ortopedik döşək və yastıq

    44. Danışan kitab

    45. Səsli tibbi tonometr

    46. Səsli termometr

    47. Kolostoma torbası

    48. Urestoma torbası

    49. Kateter

    50. Hərəkətli qaldırıcı qurğu

    51. Hidravlik çarpayı

    52. Çarpayı üçün dayaqlar

    53. Qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli

    oturacaq

    54. Açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq

    55. Mühərrikli təkərli oturacaq

    56. Sanitar-təchizatlı təkərli oturacaq

    57. Minik avtomobili.

  • DİN-dən Bakıda xüsusi karantinə məhəl qoymayan restoranda əməliyyat: Onlarla müştəri… – FOTO

    Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq, fəaliyyət göstərən restoran aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin, orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

    Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.