Month: February 2021

  • Koronavirusa yoluxmamağın üç səbəbi

    Rusiyalı infeksionist, tibb elmləri namizədi Sergey Voznesenski koronavirusa yoluxmamağın üç səbəbini sadalayıb.

    İnfeksionist bununla bağlı “RİA Novosti”yə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, əvvəl koronavirusun başqa bir növünü keçirənlər, təzəlikcə virus infeksiyası keçirənlər və yerli immunitetə sahib olanlar COVID-19-a yoluxmaya bilərlər.

    Mütəxəssis qeyd edib ki, anticism bədənin patogenlə artıq tanış olduğunu göstərən markerdir. Üstəlik, bəzi insanlar xəstəliklərə, məsələn, HİV-ə qarşı immunitetlidirlər.

    Voznesenski deyib ki, koronavirusla bağlı bu kimi hadisələrə daha çox rast gəlinir, ancaq bunun səbəbləri barədə birmənalı nəticə çıxarmaq hələ mümkün olmayıb, bu məsələ elmi müzakirədədir.

  • Rusiyada 16-cı mərtəbədən yıxılan uşaq sağ qalıb

    Rusiyanın Ryazan vilayətində hündürmərtəbəli binadan yıxılan uşaq sağ qalıb.

    TASS bu barədə ərazinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayır.

    Bildirilir ki, 12 yaşlı qız yaşayış evinin 16-cı mərtəbəsinin pəncərəsindən yıxılıb.

    O, sağ qalsa da, çoxsaylı travmalar alıb.

    Xəstəxanaya yerləşdirilən uşaq əməliyyat olunub.

  • “TikTok”da qanunsuz miqrasiya ilə bağlı reklam çarxı yayımlanıb – VİDEO

    Dünyada 800 milyon aktiv istifadəçiyə sahib olan “TikTok” sosial şəbəkəsində qanunsuz miqrasiya ilə bağlı reklam çarxı yayımlanıb.

    Türkiyənin “Hürriyyət” nəşrinin məlumatına görə, sözügedən videoçarx “TikTok”erlərin biri tərəfindən paylaşılıb.

    Reklam çarxında Suriyadan Livana qeyri-qanuni yolla keçmək istəyən şəxslər üçün xüsusi xidmətlər təklif olunur. Müəyyən məbləğ qarşılığında istənilən şəxsin lüks avtomobil karvanının müşayiəti ilə sərhədi qeyri-qanuni yolla keçərək bir ölkədən digərinə aparıldığı bildirilir.

    Xidmətlərin dəyəri isə ərazidən və məsafədən asılı olaraq dəyişir.

    Məsələn, Livana Suriyanın Dera qəsəbəsindən yola düşmək üçün Azərbaycan manatı ilə təxminən 680, Şamdan 340, Homsdan 255, Afrindən isə 1360 manat ödəmək lazımdır.

  • Gədəbəy sakinini ölümlə hədələyərək pul tələb edən şəxs tutuldu

    Gədəbəy sakinini ölümlə hədələyən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən şəxs bu il yanvarın 21-dən fevralın 3-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 2000 manat pul tələb etdiyini, verməyəcəyi təqdirdə onu tüfənglə öldürəcəyini bildirib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş R.Bayramov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

    Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 490 qram marixuana, 233 ədəd çətənə toxumu, 1 ədəd tərəzi, 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı tüfəng götürülüb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

    Araşdırmalar aparılır.

  • Bu gündən peyvənd olunmaq istəyənlərin onlayn müraciətinə başlanılır

    Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvənd olunmaq istəyən vətəndaşların yeni yaradılan randevu.its.gov.az saytı üzərindən müraciətinə başlanılır.

    Randevu sistemi 65 yaş və üzəri, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

    Belə ki, yaş qruplarının növbəliyi nəzərə alınmaqla vətəndaşlar fevralın 5-dən başlayaraq sayta daxil olub randevu alaraq vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmək imkanı əldə edəcəklər.

    Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura biləcəklər. 65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq.

    Beləliklə, fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq. Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

    İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar birdiriləcək.

    Yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.

    Vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir. Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir.

    İlk dəfə randevu götürən şəxs ikinci dəfə randevunu dəyişmək istədikdə əvvəlki vaksinasiya randevuları ləğv edilib yenisi ilə əvəz edilir. Seçilən məntəqədə randevu limitinin dolduğu tarix və ya saat aralıqları passiv edilir və seçilməsi mümkün olmur

  • Sumqayıt sakinlərindən külli miqdarda narkotik götürüldü

    Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovun ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə ondan narkotik vasitəni götürmüş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev müəyyən edilərək saxlanılıb.

    Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar edilərək götürülüb.

    Araşdırma aparılır.

  • Bakıda qadın üçüncü mərtəbədən ev əşyalarını atdı – VİDEO

    Bakının Nizami rayonunun Özbəkistan küçəsində yerləşən yaşayış binalarından birində maraqlı hadisə yaşanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bir qadın yaşayış binasının üçüncü mərtəbəsindən ev əşyalarını atmağa başlayıb.

    Hadisə şahidlərinin dediyinə görə, qadın qızıl-zinət əşyalarını, qab-qacaq, ütü kimi ev əşyalarını yola atıb.

    Qadının hərəkətinin dəqiq səbəbi bilinmir. Ancaq hadisəyə məişət zəminində ailə daxili problemin səbəb olduğu güman edilir.

  • Gəncədə “Milli Ön” ödəmə terminalları qarət edilib

    Gəncədə “Milli Ön” ödəmə terminallarından oğurluq olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 “Milli Ön” ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.

    Araşdırma aparılır.

  • Ötən gün cinayət törədən 42 nəfər tutulub

    Daxili İşlər Nazirliyi ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı yayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

  • Dövlət Xidməti: “Kamil Zeynallını təltif etməmişik”

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fitness-məşqçi Kamil Zeynallını təltif etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

    Qurumun mətbuat katibi Füzuli İsmayılov bu barədə danışıb.

    Onun sözlərinə görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

    “Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib”, – deyə o qeyd edib.