Month: February 2021

  • Təhsil Nazirliyində şöbə müdirinin müavini işdən çıxıb

    Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri Murad Camalzadə vəzifəsindən azad olunub.

    Bu barədə M.Camalzadə bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

    O, bu vəzifələrindən öz xahişi ilə azad olunduğunu açıqlayıb:

    “Əslində, uzun müddət idi ki, fəaliyyət sahəmi dəyişməklə bağlı düşünürdüm. Pandemiya dövründə isə ətraflı götür-qoy etmək üçün əla fürsət yaranmışdı. Çox təhlillərdən sonra o qənaətə gəldim ki, artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində öz missiyamı başa vurum.

    Vəzifə funksiyalarını icra etmək üçün yalnız bilik və səriştə bir məqamdan sonra kifayət etmir. Əməkdaşda enerji və entuziazmın olması da mühüm şərtdir. Mən isə müvafiq sahə üzrə həmin enerjini ötən 8 il ərzində imtahan zallarında, vətəndaş qəbullarında və müxtəlif yoxlamalarda sərf etdim”.

  • Fransız nəşri Qarabağdakı alban məbədlərinin erməniləşdirmə cəhdləri haqqında

    “Qarabağın işğalı dövrü ərzində Gəncəsər monastırının daxili lövhələrinin 50%-ə qədəri erməni yazıları olan yeni lövhələrlə əvəz edilib

    Fransa saytında tarix elmləri doktoru Həcər Verdiyevanın Qarabağın xristian memarlığına və onun abidələrinə təhdidə həsr olunmuş məqaləsi dərc olunub

    Bu barədə “Interfaks” məlumat yayıb.

    O, məqaləsində yazır ki, qübbəli məbədlər Qafqaz Albaniyasına xas dini memarlıq üçün xarakterikdir.

    H.Verdiyevanın sözlərinə görə, XIII əsrdə Xudavəng (1214-cü il, Azərbaycanın hazırki Kəlbəcər rayonunda yerləşir), Gəncəsər (1216-1238, Azərbaycanın Tərtər rayonu), Xatravəng (1204, Kəlbəcər rayonu) və başqa monastır kompleksləri dövrün dini tikinti mərkəzlərinə çevrilmişdi. Bu, XVII əsrədək davam edən Alban dini ədəbiyyatının və memarlığının intibah dövrüdür.

    “İntibahın rəmzi 1216-1238-ci illərdə tikilmiş Gəncəsər monastırıdır. Monastr altı əsr ərzində – 1836-cı ilədək müstəqil Alban knyazlığının dini mərkəzi, son Alban katolikoslarının iqamətgahı olub. “Alban məbədlərinin əksəriyyətinin açıq və isti rəngləri onları gürcü memarlığına bənzədir, həmçinin tünd, ağır və dayanıqlı rəngləri ilə səciyyələnən erməni dini tikililərindən fərqləndirir”, – deyə tarix elmləri doktoru yazır.

    XIX əsrin əvvəllərində Rusiya imperiyasının qələbə qazandığı Rus-İran və Rus-Türk müharibələrindən sonra Osmanlı imperiyasından və İrandan ermənilərin Rusiya imperiyasının Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində məskunlaşdırılması prosesinə start verilib. Bu ərazilərə köçürülən ermənilər müsəlman torpaqlarını mənimsəməyə, Qafqaz Albaniyasının mədəni irsi ilə tanış olmağa başlayıblar. Onlar burada alban məbədlərini alban memarlığı üçün xarakterik olmayan, erməni arxitekturasına aid elementlər əlavə etməklə, yenidən qurmağa başlayıblar. Beləliklə, orta əsr alban abidələri üzərində erməni dilində yazılar həkk edilib, bununla da Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsinə başlanılıb.

    Verdiyeva qeyd edir ki, proses 1836-cı ilin aprelindən sonra – çar hökumətinin Zaqafqaziyanın müsəlman ərazilərində erməni əhalinin və din xadimlərinin mövqelərinin möhkəmləndirilməsi məqsədilə Alban Həvari Kilsəsinin ləğv olunması, erməni qriqoryan kilsəsinin tərkibinə keçməsi barədə qərar qəbul etməsi ilə daha da sürətlənib. XX əsrin əvvəlində Erməni qriqoryan kilsəsi Rusiya Müqəddəs Sinodunun icazəsi ilə Alban kilsəsinin arxivlərini, həmçinin Gəncəsərdə çox qiymətli tarixi sənədlərin və alban ədəbiyyatının orijinal nümunələrinin saxlandığı Albaniya patriarxlarının kitabxanasını məhv edib.

    Müəllif vurğulayır ki, arxivlərin məhv edilməsi və ya gizlədilməsi erməni tarixçi və arxeoloqlara Alban kilsəsinin müstəqil (avtokefal) mahiyyətini, hazırkı Qarabağ bölgəsinin ərazisində yerləşən xristian məbədlərinin, monastırların və kilsələrin albanlara aid olduğunu inkar etməyə, onların erməni xalqının mədəni irsi, həmçinin erməni kilsəsinin əmlakı olduğu iddiası ilə çıxış etmələrinə imkan verib.

    “Bununla belə, tarixi həqiqət tamamilə gizlədilə bilməz. 1918-1919-cu illərdə Qarabağda aparılmış arxeoloji ekspedisiya zamanı erməni alim-şərqşünas və arxeoloq İosif Orbeli Qarabağdakı monastır və kilsələr, xüsusilə də Gəncəsər monastırı üzərindəki 1000-dən çox kitabəni tədqiq və təsvir edib. Tədqiqatlarının nəticəsi olaraq o, 1919-cu ildə Petroqradda (hazırki Sankt-Peterburq) “Gəncəsər və Havotsptuk yazıları” adlı kitabını nəşr etdirib. Müəllif kitabda Gəncəsər monastırının divar plitələri üzərindəki yazılardan danışır. Bəs erməni alim hansı nəticəyə gəlib? Birincisi, ona aydın olub ki, XIX əsrdə Qarabağdakı monastırların və kilsələrin əvvəlki divar təsvirlərinin əksəriyyəti erməni alimlər tərəfindən saxtalaşdırılıb. “Oxunuşla bağlı onlarla razı deyiləm. Mən köhnə araşdırmaçıların səhvlərini düzəltməyə çalışdım”, – deyə Orbeli kitabında açıq şəkildə bildirir. İkincisi, Gəncəsər monastrının əsas kitabəsinin düzgün təsviri sayəsində alim təsdiqləyib ki, XVIII əsrin əvvəlində Alban Apostol Kilsəsi erməni kilsəsindən asılı olmayıb, yəni, o, avtokefal (müstəqil) olub. Məbəddəki əsas divar yazısında Albaniyanın dini liderinin “albanların katolikosu Nersesin patriarxlığı dövründə” titulu tam aydın təsvir olunub. Məlum olduğu kimi, Xristian kilsəsinin ənənəsinə görə, patriarx ölkənin ən ali dini şəxsi, müstəqil (avtokefal) kilsənin rəhbəridir. Bunu başa düşən erməni alimlər son 160 ildə bu cümləni tərcümə edərkən “patriarxlıq” sözünü qəsdən buraxıblar. Başqa sözlə, bu monastırın erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Üçüncüsü, Orbeli aşkar edib ki, Gəncəsər monastırının xarici divarlarının daş plitələri üzərindəki yazılarda çox sayda türk sözləri, bölgənin hökmdarlarının, onların xanımlarının, ruhanilərin türk adları qeyd olunub. Onun fikrincə, bu, Orta əsr alban irsində türk mədəniyyətinin əhəmiyyətli rolunu, qədim Qarabağın, o cümlədən bu monastırın tarixində türk elementinin rolunu göstərir. Nəhayət, ən əsası, monastırın divar plitələri üzərindəki yazıları təsvir edərkən İosif Orbeli heç yerdə “Ermənistan” və ya “erməni” sözlərinə rast gəlməyib. Onun tərəfindən tərcümə edilmiş yazılar təsdiqləyir ki, Gəncəsər monastırının yerləşdiyi ərazi və monastırın özü müstəqil Alban knyazlığına aid olub”, – deyə o qeyd edir.

    1918-1919-cu illərdə Orbeli tərəfindən tapılmış və tərcümə edilmiş divar yazılarının Gəncəsər monastırının divarlarının turistlər tərəfindən çəkilərək internetə yerləşdirilən müasir fotoşəkilləri ilə müqayisəsi göstərir ki, ötən əsrdə və xüsusilə də 1993-2020-ci illərdə Qarabağın işğalı dövrü ərzində bu məbədin xarici daşlarının, daxili lövhələrinin 50%-ə qədəri yeni yazıları olan yeni lövhələrlə əvəz edilib. Əlbəttə, bu dəyişikliklər məbədin tarixinin erməniləşdirilməsi, Alban kiləsinin və dövlətinin müstəqilliyini sübut edən yazıların məhvi məqsədilə həyata keçirilib.

    “Məhz bu səbəbdən mən Qarabağ tarixinin ermənilər tərəfindən yaradılan yalançı elmi versiyasının və bölgədəki qondarma “erməni xristian abidələri”nin qorunmasının fransız tərəfdarlarına müraciət etmək istəyirəm. Bu qorunma, əlbəttə, vacibdir. Amma söhbət qədim Azərbaycan xristian memarlığını, yəni, dünya xristian irsinin mühüm ayrılmaz hissəsi olan Qafqaz Albaniyası arxitekturasını erməniləşdirmə təhlükəsindən qorumaqdan getməlidir”, – deyə Verdiyeva yazır.

  • “Caliber”in Abxaziyadan keçən dəmiryolu barədə təhlili – VİDEO

    “Caliber” müstəqil jurnalist layihəsi “Youtube” kanalında növbəti videotəhlilini yerləşdirib.

    Layihənin Abxaziyadan keçən dəmiryolu mövzusuna həsr edilmiş budəfəki təhlilində müəlliflər qeyd edirlər ki, təxminən bir həftə öncə qondarma Abxaziya Respublikası parlamenti Rusiya Dövlət Dumasına müraciət edərək, bu ölkə ilə Ermənistan arasında dəmiryolu əlaqəsinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

    “Abxaziya separatçıları tərəfindən Moskvaya “rəsmi” sorğu göndərilib və bildirilib ki, qondarma respublika əhalisi arasında Ermənistanla dəmiryolu xəttinin açılışı tərəfdarlarının sayı günbəgün artmaqdadır. Biz istər Abxaziyada, istərsə də Ermənistanın özündə sözügedən layihə tərəfdarlarının artmasına zərrə qədər şübhə etmirik. Axı Ermənistan uzun illərdir, Rusiya ilə birbaşa dəmiryolu əlaqəsinə malik deyil. İki ölkəni əlaqələndirən və Gürcüstan ərazisindən keçən Yuxarı Lars yolu isə hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Odur ki, məsələ ilə bağlı Ermənistanın marağını anlamaq elə də çətin deyil. O ki qaldı Abxaziyaya, bu işğal olunmuş ərazi məhz belə layihələr hesabına öz legitimliyini təsdiq etmək istəyir”, – deyə videotəhlildə bildirilir.

    Daha ətraflı “Caliber”in yeni videotəhlilində:

  • Qadağalara baxmayaraq Azərbaycan Rusiyaya pomidor ixracını artırıb

    Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan pomidor idxalına qadağa qoymasına baxmayaraq ixrac həcmi 2019-cu illə müqayisədə nisbətən çox olub.

    Bu məhsul növü üzrə ixracın 95,9 faizi Rusiyanın payına düşüb.

    Belə ki, Azərbaycan 2020-ci il ərzində xaricə 187 539,4 ton tomat (pomidor məhsulu) ixrac edib və ixrac edilən məhsulun ümumi dəyəri 201 milyon 353,5 min dollar olub.

    Ötən il Azərbaycandan Rusiyaya qadağalara baxmayaraq 179 884,7 ton həcmində təzə və soyudulmuş pomidor ixrac edilib və məhsulun ümumi dəyəri 197 milyon 414,1 min dolları təşkil edib.

    Qeyd edək ki, ixrac həcmi əvvəlki illə müqayisədə 4,1 faiz, ixrac dəyəri isə 4,7 faiz çox olub.

  • “Sədərək” ticarət mərkəzində fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıldı

    Qaradağ rayon prokurorluğu “Sədərək” ticarət mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat yayıb.

    Bildirilib ki, hadisə fevralın 20-də saat 14 radələrində baş verib.

    Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, “Sədərək” TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir

    Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə “Xocalı faciəsi: ürəklərdə sağalmayan yara” mövzusunda videokonfrans keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, tədbirdə Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik, Azərbaycanın Rus İcması (ARİ) sədrinin müavini Anastasiya Lavrina, Xocalı sakini Anar Abdulov, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov, Azərbaycan–Rus Gənclər Birliyinin idarə heyətinin üzvü Regina Kovaleva və başqaları iştirak ediblər.

    Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir ADG-nin Rusiya üzrə koordinatoru İlahə Ələkbərovanın moderatorluğu ilə aparılıb. Moderator 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edən erməni silahlı birləşmələrinin dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdikləri barədə ətraflı məlumat verib.

    Xocalı sakini Anar Abdulov həmin dəhşətli gecə şahidi olduğu qanlı hadisələrdən danışıb.

    Onun sözlərinə görə, erməni faşistləri qırğını törətməklə xalqımızın iradəsini sındırmaq, gözünü qorxutmaq məqsədi güdsələr də, buna nail ola bilmədilər: “Bu ağrını hər zaman xatırladıq və daha da gücləndik. Bu cinayət onu törədənlərin insani dəyərlərdən uzaq olduğunu ortaya qoydu, çünki müdafiəsiz qalan qadınların, qocaların və məsum uşaqların soyuqqanlı və amansız şəkildə öldürülməsinə heç cür haqq qazandırmaq olmaz”.

    Tədbirdə çıxış edən S.Qarnik, A.Lavrina, E.Manafov və R.Kovaleva bildiriblər ki, Xocalı soyqırımı azərbaycanlıları qorxutmaq, mülki əhalinin evlərini tərk etmələri üçün qəsdən törədilmiş cinayət aktı olub. Onlar hər il 26 fevral tarixinin yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində azərbaycanlılarla yanaşı qeyri-insani münasibəti qəbul etməyən xeyirxah insanlar tərəfindən də yad edildiyini, Azərbaycandakı rus gənclərinin öz həmvətənləri ilə birlikdə anım mərasiminə qatıldıqlarını, azərbaycanlılara yaşadılan vəhşətin izlərinin yaddaşlardan heç zaman silinməyəcəyini vurğulayıblar.

    “Əlimizdəki rəqəmlər də dəhşətlidir. Cinayətkarlar cəzalandırılana qədər hamımız özümüzü xocalılı hesab etməliyik və dünya ictimaiyyəti tərəfindən Xocalıda törədilən soyqırımın tanınmasına nail olmalıyıq”, – deyə Lavrina söyləyib.

  • Bakıda daha bir qadın intihar etdi – FOTO

    Bu gün daha bir qadın intihar edib.

    Hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən binada baş verib.

    Belə ki, qadın özünü sözügedən doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsindən atıb. Bina sakinlərinin dediyinə görə, intihar edən şəxs bu binada yaşayan şəxs olmayıb.

    O binanın səkkizinci mərtbəsində blok pəncərəsindən özünü atıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародовано число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 72 новых случая инфицирования коронавирусом, 75 человек вылечились и были выписаны домой.

    Об этом 22 февраля сообщает оперативный штаб при Кабинете министров.

    За истекший день от COVID-19 скончались еще четыре пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 233 201 человек, 3 202 из них скончались, 227 836 – вылечились, 2 163 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 555 058 тестов на COVID-19 (за последние 24 часа – 3 942).

  • Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum oldu – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

  • “20 Yanvar” metrosu ərazisindəki yanğın tıxac yaratdı – FOTO

    Həsən bəy Zərdabi küçəsində, metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verdiyindən hadisə yerinə yanğınsöndürmə avtomobilləri cəlb olunub.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda hadisə baş verən ərazidə həmin yerdə H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

    Təqdim edilən fotolardan da bəlli olduğu kimi sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.