Month: February 2021

  • Tərtərdə mülki şəxs minaya düşdü

    Tərtərdə mülki şəxs minaya düşüb.

    APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda “Azərsığorta”da ağlagəlməz fırıldaq – departament müdiri fotoşopla 22 mini ələ keçirib – FOTOFAKT

    Bakıda sığorta şirkətinin departament müdiri maraqlı bir əmələ ət atıb. Baş verən qəzada dəymiş zərəri şişirtmək üçün saxtakarlığa edib.

    Musavat.com xəbər verir ki, söhbət “Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun əməllərindən gedir.

    Məlumata görə X.Hətəmov xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün bu yola əl atıb. Tanışı olan qadının avtomobilinə dəymiş ziyanı fotoşop proqramı ilə dəyişib.

    Belə ki, Xəyyam Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən tanışı Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 dövlət nömrə nişanlı “Chevrolet Captiva” markalı avtomobil qəza törədib.

    Həmin ərəfədə X.Hətəmov “Azərsığorta”nın filial müdiri olub. Bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub.


    Kasko sığortası “Azərsığorta”da olan Ü.Məmmədovaya məxsus “Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq zərər 22 min manat göstərilib.


    Xəyyam Hətəmov buna görə şirkətin hesabında işçisi Ülviyyə Məmmədovanın bank hesabına 22 min manat ödəniş edib.

    İşin maraqlı tərəfi budur ki, həmin zaman Xəyyam Hətəmovun xidməti fəaliyyətlə bağlı “Azərsığorta”ya 23 min manat debitor borcu olub.

    Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə məhz bundan sonra Baş idarədə Mühasib köməkçisi olub.

  • Ucarda qəzada ölən qadınla kişinin kimliyi bəlli oldu

    Ucar rayonunda baş vermiş qəzada vəfat edən 3 nəfərin şəxsiyyəti müəyyən edilib.

    Fevralın 20-də Ucar rayonu, Küçəkənd kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Tural Həmzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb və kanala düşüb.

    Nəticədə sürücü T.Həmzəyev və iki sərnişini vəfat edib. Sərnişinlərin şəxsiyyətini isə bir gün sonra müəyyənləşdirmək mümkün olub.

    Onların Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Vüsal İsrafil oğlu və Lənkəran rayon Mamusta kənd sakini, 1975-ci il təvəllüdlü Muradova Xuraman Mədaxil qızı olması müəyyən edilib.

    Qəzada həmçinin, 1994-cü il təvəllüdlü Oruc Tağızadə və onun həmyaşıdı Qaraxan Qüdrətov xəsarət alıb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Elton xanımına xəyanət etdiyini etiraf etdi

    Müğənni Elton Hüseynəliyev xanımı Tamilla Hüseynovaya xəyanət etdiyini etiraf edib.

    Median.Az xəbər verir ki, sənətçi bu barədə “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

    Elton qeyd edib ki, səhv addımına rəğmən xanımı onu bağışlayıb: “Mən yaxşı ata və həyat yoldaşıyam. İstəyirəm ki, hər şey əla olsun. Ailəmə, övladlarıma çox vaxt ayırmamışam, amma bundan sonra başqa cür olacaq. Böyük bir səhv etdim, 1 il ailəmdən uzaqlaşdım. “Kaş ki” dediyim məqamdır. Kaş ki, etməzdim. Düzəltmək üçün gərək onları sevindirəsən. Ailəmlə indi xoşbəxtəm. İndi hər şeyi tam dərk edirəm.

    Mənim səhvlərimi başa düşməyimə həyat yoldaşım kömək etdi. Əgər belə olmasaydı, o səhv başqa səhvlərə gətirib çıxarardı. Ona görə deyirlər ki, hər bir uğurlu kişinin arxasında onun xanımı dayanır. Öz həyat yoldaşım Tamillaya təşəkkür edirəm. O, mənə görə çox cəfa çəkib.

    Ailədə xəyanəti bağışlamaq olmaz. Həm kişinin, həm də qadının xəyanəti bağışlanılmazdır. Amma xanımım məni bağışladı. Doğmalıq elə bir nemətdir ki, Allah insanı bağışlayırsa, deməli, doğması da onu bağışlayar… Yetər ki, həmin insan etdiyi səhvindən dönə bilsin. Allah bu cür insanları bağışlasın”.

    Qeyd edək ki, Elton Tamilla ilə 2006-cı ildə ailə qurub. Cütlüyün bu nikahdan iki qız övladı var.

  • Dovşan ovunda dostunu güllələdi

    Gədəbəy rayonunda ova gedən dostlardan biri digərini güllələyib.

    DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün rayonun Miskinli kənd sakinləri – 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu və 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu birgə dovşan ovuna gediblər:

    “Ov zamanı Elnur Tağıyev “TOZ 16″ markalı qoşa lülə tüfənglə ehtiyatsızlıqdan atəş açaraq Qamət Fətullayevi ayağından yaralayıb”.

    Faktla bağlı araşdırma aparılır.

  • 20 yaşlı Sevilin özünü binadan atması ilə bağlı prokurorluq hərəkətə keçdi

    Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

    “Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir”.

  • Vilayət Eyvazov polis polkovnikinə vəzifə verdi

    Daxili işlər orqanlarında növbəti kadr islahatı olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik leytenantı Surxay Vəliyev Suraxanı Rayon Polis İdarəsinə xidmət üzrə rəis müavini təyin olunub.

    O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin post patrul xidməti taborunun komandiri vəzifəsində çalışıb.

  • Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün Haça dağına qalxdılar

    Türkiyəli alpinistlər 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində şəhid olan 613 Azərbaycan vətəndaşını Naxçıvanın Haça dağının zirvəsində anıblar.

    “TRT Avaz” xəbər verir ki, anma mərasimi Zirvə Alpinizm və Açıq İdman Klubunun, həmçinin Azərbaycan Dili, Tarixi və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Azərbaycan Qars Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

    Bu çərçivədə Türkiyənin müxtəlif bölgələrindən 15 alpinist İğdıra toplaşaraq Naxçıvana gediblər.

    Bölgənin ən çətin dağlarından biri olan Naxçıvandakı Haça dağına qalxan alpinistlər zirvəyə “Xocalı şəhidlərini rəhmətlə, minnətdarlıqla və hörmətlə anırıq” yazılı lövhələrlə Türkiyə və Azərbaycan bayraqları sancıblar.

    Artıq altı ildir bu mərasimin ənənəyə çevrildiyini bildirən klub başçısı Orxan Kozan Azərbaycanın qələbəsinin türkləri bölmək istəyənlərə tutarlı cavab olduğunu qeyd edib.

  • Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

    Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.

    Trend-in məlumatına görə, komissiyanının növbəti toplantısının fevralın 24-də keçirilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, indiyədək komissiyanın 2 iclası keçirilib və daxil olan müraciətlərin 200-dən çoxuna baxılıb.

  • Bakıda polietilen paket istehsalı müəssisəsinin işi dayandırılıb

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Nazirlikdən Trend-ə verilən məlumata görə, istehsal sahəsi normalara uyğun təxliyə çıxışları ilə təmin olunmayıb; qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verilib; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb; bina və qurğular avtomatik yanğın xəbərverici siqnalizasiya, tüstüxaricetmə və ventilyasiya qurğuları və yanğına qarşı su təchizatı sistemi ilə təmin olunmayıb; obyektin tələb olunan zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmayıb, mövcud osdondürənlərin tərkibi yenisi ilə əvəz olunmayıb; otaqların yenidən planlaşdırılması, onların təyinatının dəyişdirilməsi və ya yeni texnoloji avadanlıqlarla təmin edilməsi zamanı qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət edilməyib; xammal anbarı istehsal sahəsindən yanğına qarşı arakəsmə divarlarla təcrid olunmayıb; yenidənqurma, genişləndirmə və fəaliyyətin dəyişdirilməsi Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmayıb; daşınmaz əmlakın icbari sığortası həyata keçirilməyib;

    Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsinin Rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib.