Month: July 2021

  • Peskov: “Razılaşmaların həyata keçirilməsi üçün İrəvan və Bakı ilə təmaslar davam edir”

    “Rusiya üçtərəfli razılaşmaların tam həyata keçirilməsini təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir”.

    “Sputnik”in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

    “Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşanıb. Bilirsiniz ki, rusiyalı nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstərib. İş davam edir. Rusiya ikitərəfli razılaşmaların tam həyata keçməsinin təmini üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir”, – deyə o, bildirib.

    Xatırladaq ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəd boyu Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini təklif etmişdi.

    Rusiya prezidentinin mətbuat katibindən Paşinyanın tələbini yerinə yetirməyə hazır olduqları məsələsinə aydınlıq gətirilməsi xahiş edildikdə isə o, “İrəvanla təmaslar davam edir. Əlavə edəcək bir şey yoxdur”, – deyə bildirib.

  • Gürcüstanda azərbaycanlı çoban itkin düşdü

    Gürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində 32 yaşlı çoban Comərd Əhmədov itkin düşüb.

    “Report”un yerli bürosu xəbər verir ki, artıq beşinci gündür yaxınları onunla əlaqə saxlaya bilmirlər.

    C.Əhmədov iyulun 25-də qoyun sürüsünü otarmaq üçün Tulari kəndindən Pşavi rayonu istiqamətində yola çıxıb və geri dönməyib.

    Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrum etmə maddəsi üzrə istintaq aparılır.

    Çobanın axtarışları intensiv rejimdə davam etdirilir.

  • Türkiyədə müalicə alan qazi vəfat etdi

    Türkiyədə müalicə alan qazimiz vəfat edib.

    Bir müddət əvvəl Ankara şəhərinə müalicə üçün gedən Vətən Müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Nəzər oğlu müalicə aldığı Hacəttəpə xəstəxanasında vəfat edib.

    Qeyd edək ki, Baş leytenant Cahangirli Habil Nəzər oğlu Prezident İlham Əliyev sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

  • Ağcabədidə küçəyə atılan körpənin anası tapıldı

    Ağcabədi rayonunda küçəyə atılmış yeni doğulmuş körpənin anası tapılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılıb və onun səhhətinin normal olması müəyyən edilib.

    Körpənin anası – Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

  • Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

    Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib.

    Müraciətdə deyilir ki, 30.07.2021-ci il tarixindən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini – “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

  • Azərbaycanlı yazıçı vəfat etdi – FOTO

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmaçı Rafiq Hacıyev vəfat edib

    Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

    O, yazıçının bu gün vəfat etdiyini deyib.

    Qeyd edək ki, Rafiq Hacıyev publistik və ədəbi-bədii yazılarına görə “Həsən bəy Zərdabi”, “Cəfər Cabbarlı”, “Rəsul Rza” Ədəbi mükafatlarına layiq görülüb.

  • Prezident Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə 600 min manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə Prezident.az məlumat yayıb.

    Sərəncama əsasən talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.

  • Avtomobilində “stiker” və yazılar olan sürücülərin NƏZƏRİNƏ: DYP hərəkətə keçdi

    Son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud foto vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.

    Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını cəlb edir, onlar fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən də diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.

    Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.

  • Bu il ərzində neçə uşaq övladlığa verilib? – RƏSMİ

    “2021-ci ilin 6 ay ərzində övladlığa götürülmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə 182 müraciət daxil olub”.

    Bunu agentliyin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, müraciətlərdən 58-i müəssisədən olan uşaqlarla bağlı olub:

    “Bu ilin altı ayında 28-i qız, 26-sı oğlan olmaqla 54 uşaq övladlığa verilib”.

    O qeyd edib ki, 2020-ci ilin 6 ayında 31 uşağın ailələrinə reinteqrasiya edilməsi təmin edilib.

  • Şəhid ailəsi və müharibə əlillərinə verilən mənzillərin sayı AÇIQLANDI – RƏSMİ

    “İndiyədək 10 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib”.

    Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bölgələrdə də bu il üzrə onlara 460-dan çox fərdi evin verilməsi planlaşdırılıb və artıq həmin evlərin inşasına başlanıb.

    O qeyd edib ki, tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə agentlik tərəfindən 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirləri həyata keçirilir:

    “Habelə müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılır. Ümumən 3 minə yaxın ailəyə baş çəkilərək 10 min ailə üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar keçirilib.

    Növbəti mərhələdə isə mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələrindən də ehtiyacı olanlar üçün əlavə psixoloji dəstək tədbirlərinə, psixoloji konsultasiyalara başlanacaq”.