Month: July 2021

  • Vilayət Eyvazov bu rayona rəis təyin etdi – FOTO

    Ucar Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

    Median.Az APA-ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Siyəzən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov Ucar RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

  • Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı? – Oğlunun və yoldaşının bahalı avtomobilləri + FOTOLAR

    Rəsmi məlumatlara əsasən, “Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub. Səhmdar cəmiyyətin yığılmış zərəri 565,24 milyon manata çatıb.

    Həmçinin şirkətin 2019-cu ildə xərci 179 milyon manatdan, 2020-ci ildə 176 milyon manatdan çox olub. Ötən il xərclərin az olması metroda uzun müddət sərnişindaşıma xidmətinin həyata keçirilməməsi ilə bağlıdır. Əgər metro ilboyu sərnişinlərə xidmət göstərsəydi, o halda, xərclər 180 milyon manatı ötəcəkdi.

    Rəsmi məlumatlara görə, şirkət 2019-cu ildə 74,6 milyon manat, 2020-ci ildə 25,16 milyon manat gəlir əldə edib. 2019-cu ildə gəlirin 68,9 milyon manatı sərnişindaşımadan, 5,7 milyon manatı əməliyyat gəlirlərindən ibarət olub. Gəlir və xərclər arasında olan fərq çox böyükdür. Bütün bunlara rəğmən isə, metronun rəisi yüzminlərlə dəyəri olan maşınlarda gəzir.


    Sfera.az bildirir ki, bloqer Mehman Hüseynov bu istiqamətdə araşdırma aparıb. Belə ki, onun araşdırmalarına görə, Bakı Metropoliteninin rəisi Zaur Hüseynov vəzifəsinə təyin ediləndən (2014-cü il) 1 il sonra, yəni 2015-ci ildə onun həyat yoldaşı özünə qiyməti 150.000 AZN “Porsche Cayenne” alıb (90-LL-090). Onun oğlu Həbib Hüseynov isə həmin vaxtlar “Chevrolet Camaro” markalı maşından istifadə edirdi (90-HH-090).

    Məlumata görə, 2018-ci ildə metroda gediş haqqı artırılanda Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq maşınını dəyişdirib, özünə yeni “Mesrsedes Benz G63 AMG” almışdı. Bakı küçələrində yenə özünə məxsus nömrə nişanı ilə gəzir (90-HH-090).



    2020-ci ildə Zaur Hüseynovun şəxsi maşınının qiyməti 255.000 AZN olan “Range Rover Velar Byron” markalı 90-ZZ-090 dövlət nömrəli maşındır. Həyat yoldaşı 2020-ci ildə qiyməti 240.000 AZN olan “Range Rover” maşını sürüb, 2021-ci ildə isə özünə 300.000 AZN-lik “Porsche Cayene turbo S” alıb, yenə də özünə məxsus 90-LL-090 nömrə ilə.


    Qeyd edək ki, metropoliten rəisinin aylıq maaşı 1300 AZN-dir.

  • Dünyada ilk: İsrail süni ət istehsal edən sənaye müəssisəsi qurdu

    İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib.

    Bu barədə Amerikanın “Bloomberg” analitik agentliyi məlumat yayıb. “Future Meat Technologies” adlanan şirkətin gündə 500 kiloqram sintetik ət istehsal edəcəyi bildirilir. Bu isə üç min orta ölçülü hamburger istehsal etməyə kömək edəcək. Süni ət xüsusi bioreaktorlarda istehsal olunur.

    “İsrail mütəxəssislərinə görə, yeni metod geniş ərazilər tələb etmir və eyni zamanda ənənəvi heyvandarlıq üçün zəruri olan suya qənaət etməyə də imkan verir. “Future Meat Technologies”dən alınan ətin digər bir üstünlüyü ondan ibarətdir ki, onun istehsalı heyvan yetişdirmək və kəsməkdən iyirmi dəfə az vaxt aparacaq”, – deyə məqalədə yazılıb.

    Qeyd edək ki, süni ət istehsalı son illərdə daha çox Çində gündəmə gəlsə də, hazırda bir sıra ölkələr yeni metodlarla ət əldə etməyə çalışır. Ayrı-ayrı elm adamları, şirkətlər insan orqanizminə zərər vurmadan təbii komponentlərdən əldə olunan məhsullarla süni ət əldə etməyə çalışırlar.

    //azvision.az

  • ÜST “Delta ştammı”nın olduğu ölkələrin sayını açıqladı

    Koronavirusun “Delta ştammı” dünyanın ən azı 96 ölkəsində var.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus quruma üzv ölkələr üçün keçirdiyi brifinqdə deyib.

    Bildirib ki, koronavirusun ən yoluxucu variantı olan Hindistan ştammı peyvənd edilməmiş əhali arasında sürətlə yayılır:

    “Bəzi ölkələr pandemiya ilə əlaqədar tədbirləri yumşaldır. Koronavirus yoluxmalarında artım müşahidə olunur ki, bu da səhiyyə sistemində yüklənməni artırır”

    ÜST rəhbərinin sözlərinə görə, yoluxmaların qarşısını almaqla yeni variantların ortaya çıxmasına mane oluna bilər.

  • “Azəriqaz” yeni qaz limitinin nə vaxtdan hesablanacağını açıqlayıb

    Azərbaycanda abonentlər köhnə qaz tarifindən bu ilin iyul ayının 10-dək istifadə edə biləcəklər. Bu tarixdən sonra qaz istehlakı yeni tariflə hesablanacaq.

    Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

    Onun sözlərinə görə, iyulun 10-dək “Azəriqaz” sayğacların oxunuşunu, o cümlədən əvvəlcədən ödənişli sayğaclarda proqram təminatı ilə bağlı işləri həyata keçirəcək və bu proses zamanı abonentlər köhnə tarifdən istifadə edəcəklər.

    Xatırladaq ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

    Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilmişdir. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 mln. nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1 200 kubmetrədək (1 200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1 200-2 500 kubmetr (2 500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2 500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

    Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

    Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

    Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

    Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

    Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib. (APA)

  • “Bir dəfə də olsun təşəkkür etmədilər” – Tanınmış həkim narazılıq etdi

    Tanınmış həkim-infeksionist Vasif Əliyev sosial şəbəkə hesabında ölkənin səhiyyə qurumlarını diqqətsizlikdə ittiham edib.

    1 ildən çoxdur davam edən pandemiya şəraitində COVID-lə mübarizənin ön cəbhəsində olduğunu deyən həkim bildirib ki, bu zaman içində əməyinə nəinki maddi qarşılıq, quru təşəkkür belə almayıb:

    “Pandemiya başlayan dövrdən etibarən bu müharibənin ən ön cəbhəsində savaşmışam. İlk günlərdə infeksion işçi qrupunun üzvləri və TƏBİB sədri ilə birlikdə gecə-gündüz çalışaraq Protokol tərtib etmişik. Protokolda virusla mübarizə üçün yol xəritəsini ölkəmizə uyğun şəkildə yazmışıq. İlk brifinqlərdə çıxış edib ictimaiyyətin suallarını cavanlandırmışıq. Xalqın maarifləndirilməsi üçün elə vaxtlar olub gündə 3-4 dəfə vaxt tapıb televiziya və radiolarda çıxış etmişik və hal-hazırda da davam edirik. Sosial şəbəkələrdə bəzi cahil insanların əsassız komentlərinə baxmayaraq, doğru bildiyimiz işi yarıda buraxmadıq. Yadımdadır, 2020-ci ilin mart ayında ilk dəfə Yeni Klinika açılan zaman sadəcə boş otaqlardan ibarət xəstəxana var idi. Nə bir həkim heyəti, nə də oturuşmuş bir sistem yox idi. O zaman COVID-lə mübarizə təcrübəsi də yox idi. Çox həkim təmasdan qaçmaq üçün heç işə belə getmirdi. Çünki hər kəs risk altında idi, qorxu vardı. Belə bir zamanda o xəstəxanaya həkim kollektivi cəlb etmək və onları təlimatlandırmaq lazım idi. Bacarmadıqmı? Bacardıq. Xüsusən yeni bitirən, rezidentura təhsilini davam etdirən cavan, təcrübəsiz, ancaq enerji dolu həkimlərin hesabına bunu etdik”.

    V. Əliyev minlərlə insanın bu kollektivin hesabına xəstəlikdən qurtulduğunu yazıb. Qeyd edib ki, COVID-in ilk dalğasında Yeni Klinika ilə yanaşı Tədris Terapevtik klinikaya da öz dəstəyini göstərib, orda işləyən həkimlərlə bilavasitə təmas quraraq ağır xəstələrin idarə edilməsində təcrübələrimi paylaşıb:

    “İlk modul tipli xəstəxananın açılışında Prezidentin qarşısında çıxış etmək mənə həvalə olunmuşdu. Bu işi də layiqincə yerinə yetirdik. O zamanlar xəstəliyi müalicə etmək haqda təcrübələr çox az idi. Düz 1 il əvvəl respublikanın Əməkdar artisti Bəhram Bağırzadə terapevtik klinikada ağırlaşdığına görə Gömrük Hospitalına köçürdülər. Azərbaycanda ilk dəfə COVID xəstəsi “ECMO” cihazına qoşuldu. O zaman TƏBİB-dən xəstənin infeksion kontroluna mənim nəzarət etməyimi istədilər. Bu qədər işin içərisində onu da öhdəmizə götürdük. Təcrübə azlığı və ciddi məsuliyyət altında ilk dəfə “Actemra” və “İVİG” müalicəsini tətbiq etdik. Heç kimin inanmadığını xəstəxana kollektivi ilə birlikdə reallaşdırdıq. Daha sonra kolleqamız, dostumuz Cavid Paşayev də ölümün pəncəsindən qurtuldu. İndi xəstə müalicə etmək çox asandır. Hamı COVID müalicə edir, məlumatlar daha çoxdur, antiviral preparat – “Remdesivir” var. O zaman bu dərmanlar yox idi. “Remdesivir” və “Actemra” ölkəyə gətirildikdən sonra Bakıda və regionlarda bu dərmanı heç eşitməyib, istifadə qaydalarını bilməyən həkimlərə nəzarəti kim etdi bəs? Bəli mən etdim. Hər gün onlarla ambulator xəstə müayinəsi ilə yanaşı dərman təsdiqi üçün gələn zənglərə da cavab verməli, uyğun xəstə olub olmadığını bu qədər işin içində analiz edib qərar verməli idim”.

    Statusda həmçinin qeyd olunub ki, 44 günlük müharibə dövründə COVID xəstələri ilə yanaşı, ön cəbhədə yaralı əsgərlərimizə tibbi yardım göstərən həkimlərimizə onlayn şəkildə infeksion tərəfdən dəstək göstərilib. Pandemiya ilə mübarizə çərçivəsində COVID-in stasionarda müalicə prinsiplərini “Zoom” vasitəsilə paytaxtda və regionlarda COVID-lə işləyən həkimlərlə bölüşülüb. Onlara ən son yeniliklər çatdırılıb. V. Əliyev qeyd edib ki, lakin bütün bunlara baxmayaraq, 1 ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalıb:

    “Bu zaman ərzində quru bir təşəkkür belə almamaq. Nə TƏBİB, nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, nə də Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq 1 dəfə də olsun təşəkkür belə etmədi. Mənim kimi çox həkimlər var. Amma layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı. Bunun səbəbi çoxdur. Diqqətsizlik, hörmətsizlik, dəyər verməmək və ya iş bilməməzlik. Səbəb nə olursa olsun, nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq gördük. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində çox asan görünsə də, bunu bacarmadılar. Başqa nə demək olar ki…”

  • ÜST rəsmisi: “Hər il Azərbaycanda 24 min insan hipertoniyadan dünyasını dəyişir”

    “Azərbyacanda hipertoniya xəstəliyindən hər il 24 min insan dünyasını dəyişir. Halbuki düzgün müalicə üsulu ilə onları yaşatmaq mümkün ola bilərdi”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

    ÜST rəsmisinin sözlərinə görə, ölənlərin əksəriyyəti də gənc yaşlarında olanlardır: “Sırf hipertoniya xəstəliyi hər il Azərbaycan iqtisadiyyatına 600 milyon manat itkiyə səbəb olur. Tək Şamaxıda 19 min hipertoniya xəstəsi var. Burada xəstə olduğunu bilən və müalicə alan cəmi 2400 şəxs var. Digərləri yüksək risk altındadırlar. Çünki hipertoniya xroniki və öldürücü xəstəlikdir”.

  • Джейхун Байрамов провел встречу один на один с кыргызским коллегой – ОБНОВЛЕНО

    Состоялась встреча один на один между министрами иностранных дел Азербайджана и Кыргызстана Джейхуном Байрамовым и Русланом Казакбаевым.

    Об этом сообщает МИД АР.

    * * * * *

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов принял кыргызского коллегу Руслана Казакбаева в рамках его официального визита в нашу страну.

    Об этом сообщается на странице МИД АР в Twitter.

  • Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə təkbətək görüş keçirib – YENİLƏNİB

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev arasında təkbətək görüş keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    * * * * *

    Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev qəbul edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tivtterdə məlumat yayıb.

  • Prezident DİN-in əməkdaşlarını təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Kərimov Oqtay Əsgər oğlu – polis general-mayoru

    “Vətən uğrunda” medalı ilə

    Abdullayev Zaur Natiq oğlu – polis general-mayoru

    Kərimov Orduxan Alqayıt oğlu – istefada olan polis polkovniki

    Mahmudov Toğrul Ramiz oğlu – polis polkovniki

    Mehdiyev Fərhad Süleyman oğlu – polis polkovniki

    Məmmədov Xəqani Seyfulla oğlu – polis polkovniki

    Məmmədov Mahir Əli oğlu – polis polkovniki

    Məmmədov Müzəffər Qəzənfər oğlu – polis polkovniki

    Mirhuseynov Xəyyam Cahangir oğlu – polis polkovniki

    Nəbiyev Zaur Əli oğlu – polis polkovniki

    Abdullayev Şahid Mürsəl oğlu – polis polkovnik-leytenantı

    Heydərov Arzu Afət oğlu – polis polkovnik-leytenantı

    Quliyev Yelmar Məhər oğlu – polis polkovnik-leytenantı

    Qurbanov Rəhman Niyazi oğlu – polis polkovnik-leytenantı

    Məmmədov Məmmədəli Həsən oğlu – polis polkovnik-leytenantı

    Məmmədov Rüfət Nizami oğlu – polis mayoru

    Behbudov Murad Arif oğlu – polis kapitanı

    Əliyev Mübariz Vəzir oğlu – polis baş serjantı

    “İgidliyə görə” medalı ilə

    Məhərrəmov Səməd Akif oğlu – polis polkovniki

    Hacıyev Namiq Fərrux oğlu – polis polkovnik-leytenantı

    Salahov Faiq Fərman oğlu – polis polkovnik-leytenantı

    Əliyev Mahir Boran oğlu – polis mayoru

    Əliyev Səməndər Əziz oğlu – polis mayoru

    Məmiyev Razi Aftandil oğlu – polis leytenantı

    Məmmədov Mahir Tahir oğlu – polis baş serjantı

    Xudiyev Vüqar Yusif oğlu – istefada olan polis baş serjantı.